Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

100 illərdir doğru bildiyimiz yalanlar- qara pişik, qəbirə əl uzatma…

İnanclar hardan gəlir və necə yayılıb?

100 illərdir istər dinlə bağlı, istərsə də məişət məsələlərində doğru hesab etdiyimiz batil inanclar mövcuddur. Məsələn, qəbiristanlığın yanından keçərkən mütləq dinlədiyimiz musiqinin səsini azaldırıq və ya deyirlər ki, qəbirləri əllə göstərmək olmaz. Ölüyə sayğıdan belə etməliyik, yoxsa günah olduğu üçün? Uzun illərdir nə sualımızın cavabını, nə də inancların izahını tapa bilmirik.

Bütün bunlara aydınlıq gətirmək üçün Folklor İnstitutuna müraciət etdik. Folklorşünas Elçin Qaliboğlu inanclarla bağlı suallarımızı cavablandırdı.

Din.az “A24.Az”a istinadən həmin müsahibəni sizə təqdim edir:

İnanc elə inam deməkdir. Min illərdir insanlar özlərinə, insanlıq imkanlarına bələd olduqları dərəcədə dünyanı, həyatı, təbiəti dərk etməkdədirlər. Yəni insanın idraki imkanları artdıqca onun inancı və inamı da təkmilləşir. Dinlə bağlı inanclar dinin mahiyyətindən – ehkam prinsipindən irəli gəlir. Bu gün bu sahədə də çoxlu mübahisələrin şahidiyik, bu və ya başqa məsələ ilə bağlı çoxlu müzakirələr açılır. Vurğulanan inanclar, ona inanıldığı dərəcədə, inanan üçün normadır, ölçüdür. İnanmayan üçün deyil. Bəşər yeniləndikcə, insanlar bu və ya digər məsələlərə daha ayıq başla baxacaq.

Qəbiristanlığın önündən keçəndə musiqinin səsini azaldırıq. Və ya deyirlər qəbiri əllə göstərmək olmaz. Bu nə ilə bağlıdır və həqiqətə uyğundurmu?

Bu inancda ölüyə hörmətlə yanaşı, qorxu da var. Ümumilikdə inanclara qorxunun qarışdığı da çox sezilir. “Qəbiri əllə göstərmək olmaz” inancının yaşı çoxdur, uşaqlığımda mənə də deyiblər, anlamamışam, indi dərindən anlayıram. Mayasında “ölənin ruhunun, barmaqla göstərəni guya öz yanına aparması” var. Yenə də bayaqkı fikrə qayıtsaq, çağımızda bu kimi inanclara ayıq yanaşma halları artıb. Qəbir – insanın son mənzili, yəni bədənin “son evi”dir. Bunu anlamaq, ölənin basdırıldığı yerdə yaşıllıq salmaq, oranı ziyarət etmək – inanca qalib gəlmək deməkdir.

Dinlə yanaşı məişət məsələlərində də müxtləif inanclarımız var. Məsələn deyirlər gecə evdən pul vermək, evdə fit çalmaq, gecə mənzili süpürmək olmaz. Bunları etsək doğrudan evin bərəkəti qaçar?

İndi hər şey o qədər sürətlə baş verir ki, düşünməyə vaxtımız da qalmır. Məsələyə bir tərəfdən də baxmalıyıq ki, bu hal insan psixologiyasının məhsuludur. İnsanlar həm daxildən yenilənməyə çalışırlar həm də yüz illərin adətlərindən qopa bilmirlər. Ona görə də təkrar bu kimi inancların təsirinə düşürlər. Ümumilikdə həqiqəti əks etdirmir.

Səhər qarşımızdan qara pişik keçsə və ya uğursuz hesab etdiyimiz biri ilə qarşılaşsaq nə olar?

Pişiklə bağlı xeyli inanc var. Dərinə gedəndə utancverici də görünür: qabağına pişik çıxıb, geri qayıtmalısan. Niyə? Pişik hansı gerçək gücə malikdir? İnsanın qüdrəti harada qaldı bəs?

Başqa hansı bilinən və bilinməyən inanclar mövcuddur?

Bütün inanclar folklor mətni kimi araşdırılır, mahiyyəti üzə çıxarılır. Ancaq insanlar bu kimi inancların təsirinə düşməmək üçün daim yaradıcı düşünməlidirlər. Onu da deyim ki, keçmişdə sağlamlıqla bağlı inanclar mövcud idi (türkəçarə). Bu gün hər birimiz üçün türkəçarə önəmlidir. Ümumiyyətlə, inancların çoxu əvvəlki kimi işlək olmasa da, alt şüurumuzda ilişib- qalıb. Bu təbiidir.

İnsanlara bütün bunların həqiqəti əks etdirmədiyini təlqin etmək üçün nələr etməliyik?

Bəşəriyyət keçmişlə bağlı çoxlu qarışıq təsəvvürlərdən ibarət olsa da, irəliyə getməyə məcburdur. İnsanların yaradıcı düşünməsi, inancları fikrindən çıxarmağa köklənməsi məsələnin həllində ciddi rol oynayacaq. İnancların gərəklisi qalacaq, lazımsızları unudulacaq.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...