Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Din xadimləri, ilahiyyatçılar URVATSIZLAŞIB

“Din adamları ilə ilahiyyatçılar fərqli anlayışlardır”.

Zaman-zaman müxtəlif məzhəb və təriqətlərin dini liderləri həmin məzhəbə qulluq edən insanlar tərəfindən xüsusi rəğbətlə qarşılanıb. Elə vaxt olub ki, iki təbəqə, iki bölgə arasında yarana biləcək qanlı toqquşmanı dini lider bir kəlmə ilə yekunlaşdırıb. Bunun əksi olan hadisələr də təbii ki, az baş verməyib. Mahiyyət odur ki, müsəlman ölkələrinin əksəriyyətində olduğu kimi, Azərbaycanda da dini lider xüsusi nüfuz sahibi olub.

Lakin XXI əsr cəmiyyətində din adamlarının nüfuzu sual altındadır. Əksəriyyət onların sözlərinə, fikirlərinə etinasız yanaşır. Səbəb isə din xadimlərinin XXI əsrin tələblərinə cavab verməyən və reallıqdan uzaq açıqlamalarıdır.

Vaxtikən Azərbaycan mühitində böyük nüfuz sahibi olan din xadimlərinin varlığından bəhs etmək mümkün olsa da, indi vəziyyət tamamilə başqadır.

Din.az-ın məlmatına görə, ilahiyyatçı Elşad Miri Modern.az saytına açıqlamasında bildirib ki, hər kəs ətrafına uyğun olaraq bir fikir formalaşdırır və elə zənn edir ki, bu gün filankəslərə qarşı münasibət belədir:

“Əgər tutaq ki, hazırda şeyxülislama münasibət mənfidirsə, keçmişdə də mənfi olub. Sadəcə olaraq indi başqalarına yönələn insanlar var ki, onun sözlərinə daha çox önəm verirlər, nəinki, şeyxülislama. Digər tərəfdən bu gün Azərbaycanda şeyxülislamın dinlə bağlı hansı çıxışları var? Yaxud hansı xütbəsi var ki, kimsə də onun sözünə etibar etsin və ya etməsin.

Din adamları ilə ilahiyyatçılar fərqli anlayışlardır. Hər kəs din adamı ola bilər, amma ilahiyyatçı yox. Bu gün təəssüf ki, ilahiyyatçılar din adamları kimi təqdim olunur.

Bu aspektdən yanaşanda hazırda insanlar daha çox özləri düşünməyə başlayır, sosial medianın səbəb olduğu araşdırmalara meyllik olur, kimdənsə asılı olmaqdansa, Quran kitabın özünə müraciət etməyə çalışırlar. Hər hansı məsələ varsa, onunla əlaqəli kitabda əks olunan şəkillərə, yaxud videolara baxır. Bu baxımdan təbii ki, din adamlarının sözlərinə münasibətdə əvvəlki effekt yoxdur. Əvvəllər cənnət-cəhənnəm deyib, insanları qorxudurdular. Amma reallıq odur ki, bu gün hansısa məsələ ilə bağlı fikirlər səslənərsə, ona dərhal reaksiya verilir. Buna görə də istər-istəməz artıq din adamlarının düşüncələrinə etinasız yanaşma halları mövcuddur”.

İlahiyyatçı qeyd edib ki, dinə münasibətin dəyişməsində də bir neçə məsələ var:

“Məsələn, mənim çevrəmdəki insanlar artıq dinə ikitərəfli yanaşırlar. Biri var, insanların uydurduqları din. Həmin şəxslər məsxərəyə qoyulan din forması ortaya qoyurlar.

Digər qismin isə ağılla, şüurla gəldikləri din anlayışı olur. Yəni onlar görürlər ki, dində həqiqətən filan məsələ ola bilməz. Araşdırıb və ya bilənlərdən soruşub həqiqət bildiklərinə çatırlar. Çünki həqiqət dinə, elmə, fəlsəfəyə görə ayrı ola bilməz. Həqiqət birdir. İnsanın ürəyi, ağlı, vicdanı da həmin həqiqət üzərindədir.

Digər formada isə, həmin din xadimləri insanları özlərindən asılı vəziyyətə salaraq onlardan bəhrələnməyə çalışırlar. O cümlədən din hər kəsin fərdi şəkildə anlayıb, araşdırıb yaşaya biləcəyi məfhum ikən, bu gün ancaq din xadimlərindən asılı vəziyyətə gəlib, onların dedikləri ilə oturub-durma anlayışının inkişaf etdiyinin şahidi oluruq”.

Elşad Miri deyib ki, ilahiyyatçıların nüfuzu olmasa yaxşıdır:

“Yəni bu gün nüfuz hər hansı din xadimlərinin hərəkətləri ilə ölçüləcəksə, buna heç ehtiyac da yoxdur. Nüfuz insanın sözün əsl mənasında insan olmasıdır. Nüfuz düzgün ədəb-ərkanla, əxlaqla, başqalarına qarşı davranışlarla bağlı olmalıdır. Yoxsa kiminsə nüfuzu ona verilən ordenlə, vəzifə ilə ölçülməməlidir. İnsanlıq hər şeydən öncə gəlir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...