Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Yehovanın Şahidləri”nin fəaliyyətində neqativ hallar – qanunsuz dini yığıncaqlar keçirirlər

“Yehovanın Şahidləri” dini icmasının heç bir hüquqi statusu yoxdur.

Təəssüf ki, “Yehovanın Şahidləri” dini icması yaradılan şəraitdən sui-istifadə etməyə çalışır.

Din.az “A24.az”-a istinadən bildirir ki, bunu Trend-ə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov deyib.

S.Heydərov qeyd edib: “ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının hesabatında “Yehovanın Şahidləri” dini icmasının heç bir hüquqi statusu olmaması və onun ardıcıllarının daim təzyiqlərlə üzləşməsi iddiasının əsassızlığını dəfələrlə sübut etsək də, həmin iddia hər il sözbəsöz təkrar olunur. Belə ki, “Yehovanın Şahidləri” dini icması 2002-ci ildə DQİDK-da dövlət qeydiyyatına alınıb və həmin icmanın qeydiyyatı bu günə qədər hüquqi qüvvəsini qoruyur. Yəni “Yehovanın Şahidləri” dini icmasının hüquqi statusunun olmaması barədə iddia tamamilə uydurmadır. Bununla yanaşı, “Yehovanın Şahidləri” dini icması qanunvericiliyin tələblərinə riayət etdiyi təqdirdə, onun fəaliyyəti üçün heç bir məhdudiyyət yaradılmır. “Yehovanın Şahidləri” dini cərəyanında olduqca əlamətdar dini bayram sayılan İsa Məsihin ölümünün anım günü və ya həmin dini icma üçün böyük əhəmiyyət kəsb edən regional tədbirlər dediklərimizi təsdiq edir. Belə ki, hər il DQİDK-ya həmin dini icma tərəfindən misal çəkdiyim dini yığıncaqların keçirilməsi üçün müvafiq şəraitin yaradılması ilə bağlı müraciətlər daxil olur. Tərəfimizdən isə qanunla nəzərdə tutulmuş qaydada “Yehovanın Şahidləri” dini icmasına müvafiq köməklik göstərilir, hüquq-mühafizə orqanları isə həmin icma üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər görürlər. Bütün bunlar isə “Yehovanın Şahidləri” dini icması tərəfindən rəğbətlə qarşılanır. Hətta həmin dini icma yaradılmış şərait üçün DQİDK-ya təşəkkür məktubu göndərib”.

Dövlət Komitəsinin sədr müavini bir önəmli məqama da toxunub:

“DQİDK-nın razılığı əsasında ölkəyə ən çox dini ədəbiyyat idxal edən məhz “Yehovanın Şahidləri” dini icmasıdır. Bütün bu faktlar isə onu göstərir ki, “Yehovanın Şahidləri” dini icmasına qarşı hər hansı qərəzli mövqe göstərilmir. Lakin təəssüf ki, “Yehovanın Şahidləri” dini icması yaradılan şəraitdən sui-istifadə etməyə çalışır, qanunvericiliyin tələblərini müntəzəm pozaraq hüquqi ünvandan kənarda respublikamızın müxtəlif bölgələrində qanunsuz dini yığıncaqlar keçirməyə çalışır. Təbii ki, bütün bu qanunsuz əməllərin qarşısı alınaraq inzibati tədbirlər görülür. DQİDK-da həmin dini icmanın yerli liderləri və xaricdəki rəhbərləri ilə dəfələrlə görüş keçirilib, mövcud problemlər müzakirə olunub və onlara öz dini fəaliyyətlərini qanuna uyğun şəkildə tənzimləmək tövsiyə edilib. Buna baxmayaraq, hələ də bu icmanın fəaliyyətində neqativ hallar müşahidə olunur. Belə təəssürat yaranır ki, “Yehovanın Şahidləri” dini icmasının xaricdəki mərkəzində olan bəzi dairələr məqsədli şəkildə yerli dini icma ardıcıllarını qanun pozuntusuna yönəldirlər ki, Azərbaycan dövlətinin müvafiq dövlət orqanları tərəfindən onlara qarşı inzibati-profilaktik tədbirlər görülsün və həmin hallar sonradan hesabatda qabardılsın, beləliklə, “Yehovanın Şahidləri” məsələsi ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə olunsun. Halbuki birmənalı olaraq bildirirəm ki, Azərbaycanda dini və etiqadi mənsubiyyətindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir. Yalnız insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan din və dini cərəyanların yayılması və təbliği qadağandır. Bu prinsiplər Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunub”.

S.Heydərovun sözlərinə görə, dövlətimizin elan etdiyi prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər hansı dini cərəyanın inanc əsasları ümumbəşəri dəyərlərə zidd deyilsə, hər hansı dini cərəyanın mənsubları qanunauyğun şəkildə fəaliyyət göstərməyə çalışırlarsa, onda onların fəaliyyətinə heç bir məhdudiyyət yaradıla bilməz: “Yəni dövlətimizdə kiminsə inancı müzakirə predmeti sayıla bilməz, burada vicdan və dini etiqad azadlığı prinsipi əsas götürülür”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...