Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Alimin qıcıq doğuran fikirlərinə cəmiyyətin reaksiyası…

Əslində Quranın müəllifi kimdir?

Ötən günlərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının müdiri, professor Cəfər Quluzadənin modern.az saytına verdiyi müsahibəsində səsləndirilən fikirlər birmənalı qarşılanmayıb.

Professorun “Quranda kainatın genişlənməsi haqqında ayə var. Yaxşı, 7-ci əsrdə bunu hardan bilirdilər? Burada da ilahi mesaj görə bilmirsiniz?” suallarına verdiyi cavab qalmaqala səbəb olub:

11072016164619937_0

“Quran meydana gələndə o dövrə qədərki biliklər orada öz əksini tapıb. Onu da deyim ki, Məhəmməd peyğəmbər qeyri-adi insan olub. İndi adam var ki, seyfin içini görür. Elə şahmatçı var ki, 50 gedişdən sonra nə olacağını bilir. Mənim yadıma gəlir, 5 yaşında bir rus uşaq riyaziyyatı bilirdi. Bunlar, fitri istedaddır. Bu da ümumi qanunlardan kənara çıxmalardır. Məsələn, milyarddan birində qeyri-adi qabiliyyət olur. Quran da meydana gələn dövrdə müəyyən elmi fikirlər var idi. Qurandakı bəzi şeylər də özündən əvvəlki elmi biliklərdən əxz olunanlardır. Çox eşidirik ki, Quran Allah tərəfindən göndərilmiş müqəddəs bir kitabdır. Amma mən hesab edirəm ki, Quran Məhəmməd peyğəmbərin ağlının, zəkasının məhsuludur. Məhəmməd peyğəmbərin beyninə qeyri-adi fikirlər gəlirdi. O isə elə bilirdi ki, bu, ilahidən belə deyilir. Bir sözlə, həqiqətən də qeyri-adi, istedadlı adamlar var”.

Bu fikirlərə ictimaiyyət nümayəndələrinin münasibəti də birmənalı olmayıb. Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı “admiral.az”a bildirib ki, hər kəsin fikirlərinə hörmətlə yanaşmaq lazımdır:11072016164648003_0

“Mən hər bir insanın, xüsusən də, alimin fikirlərinə hörmətlə yanaşıram. O insan astrofizikdi və görünür, hansısa elmləri bilir. Buna görə də, öz fikirlərini demək onun haqqıdır. Mən də bu məsələni hər bir insanın haqqı kimi qəbul edirəm. Mən də belə fikirdə olsaydım, elə söz deyərdim”.

Teleaparıcı Turan İbrahimov isə “admiral.az”a bildirib ki, əslində, Cəfər müəllim qeyri-adi və sensasiya doğuracaq heç nə deməyib:

11072016164707843_0

“O, müəyyən kateqoriyada olan insanların təkrarən və məqam düşdükcə israrla dedikləri fikirləri təkrarlayıb. Cəfər müəllim astrofizika alimidir, amma çox təəssüf ki, alim dedikdə, onun adı sadaladığı şəxslərlə yanaşı yada düşmür. Cəfər müəllimi nə dərəcədə alim adlandırmaq olar, bu özü də alimlik adına müəyyən mənada ziddiyyətli fikir ortaya qoyur. Onun ilahiləşdirdiyi və özü üçün avtoritar fikir sahibi elan etdiyi şəxsləri götürsək, İ.Nyuton, A.Eynşteyn və digərləri ilə müqayisədə Cəfər hara, alim hara deməyimizə gətirib çıxarır. Biri var alim, biri də var, alimlərin ortaya çıxardıqları fikirləri bu və ya başqa şəkildə təqlid edən, onlardan çıxış edərək həyatda özünə kiçik yol açmağa çalışan insanlar. O insanların elmi dərəcələrinə sadəcə mənasız şey kimi baxıram. Alim o insandır ki, nəticə etibarilə yeni bir iş ortaya qoysun. Akademik nöqteyi-nəzərdən bu adam müəllimdir. Alimlik dərəcəsi alıb və müəllimliklə məşğul olur. Onun dedikləri ateistlərin hər zaman səsləndirdiyi fikirlərdir. Bir məsələ də var. Hal-hazırda bu faktdır, reallıqdır. Bunun üzərinə kim nə arqument gətirir, gətirsin. Güclə, zorla, müəyyən fikirlərin ixtisar edilməsilə, qərəzli və məcburi şəkildə aktual saxlanıldığı fikirlərdir, “dəyərlərdir”. Əslində, materializm, ateizm özü də zorla yeridilən batil inanclardır və bu, getdikcə, öz təsdiqini tapır”.

Turan İbrahimovun sözlərinə görə, Cəfər Quluzadənin müsahibə zamanı gətirdiyi arqumentlər çox primitivdir və heç bir elmi əsası yoxdur:

“Özünü alim, pedoqoq adlandıran insanın ortaya qoyacağı fikirləri arqumentlər kimi götürdükdə, çox sadə və primitivdir. Hətta Cəfər müəllimin orada bir arqumenti var ki, elm deyir ki, görmürəmsə də bir şey var. Din isə deyir ki, gördüyümə inanıram. Bu insan qərəzli şəkildə öz fikrini əsaslandırmaq üçün bəzi şeyləri təhrif edib. Əslində, elm deyir, görürəmsə var, din isə deyir, görmürəmsə də var. Korlar görmürlərsə, insanlar gözlərini qapadıqda o demək deyil ki, müəyyən şeylər yoxdur. Həmçinin, bu, Tanrı inancı ilə bağlı olan məsələdir. Məhəmməd peyğəmbərin (s.a.s) gücünün nə olduğunu elmi və qeyri-elmi, hətta paranormal yanaşma ilə belə sübut edən insanlar var. Onun savadı, dövrünün biliklərinə əlçatanlıq imkanları olmayıb. Bu da Allahın bir möcüzəsidir. Qurani-Kərimdə insan barmaq izlərindən, DNT-dən, uşağın ana bətnində formalaşmasından, ümumiyyətlə astrofizika ilə gündəlik məişətlə bağlı elmə XX əsrin sonlarında məlum olan məsələlərdən xəbər verir. Ümumiyyətlə, Qurani-Kərimin fövqəltəbii bir qüvvənin məhsulu olduğuna hazırda heç kim şübhə etmir. Müəyyən qrup şəxslər var ki, aldadılıblar. Şüurlu şəkildə 80-90 illik məsuliyyət daşımadan yaşamağa alışdıqlarını etiraf etmək istəmirlər. Cəfər müəllimin fikirlərinə hörmətlə yanaşıram və onun dedikləri isə aldadılmış insanın və ya şüurlu şəkildə yalanlar arxasınca getmiş insanın öz puç olmuş inanclarına, həyat tərzinə haqq qazandırmasından başqa bir şey deyil”.

İlahiyyatçı Elşad Miri alimin bu qənaətə haradan gəldiyinin araşdırılmalı olduğuna diqqət çəkib:

el-a`dmiri14

“Bu məsələni həmin adamdan soruşmaq lazımdır ki, siz bu fikirlərə hardan gəlmisiniz? Astrofizikin özü peyğəmbərin dövründə yaşayan birisinə çıxıb astrofizika, fizika və digər elmlərlə bağlı orta məktəb şagirdlərinin bilik səviyyəsində fikirlər desəydi, bəlkə də ona gülər, dəli deyərdilər. Eynilə, peyğəmbərimizin dediyi fikirlərə görə ona dəli də deyənlər olub, gülənlər də. Lakin normal qəbul edənlər də olub. Təəssüflər olsun ki, özünə elm adamı deyənlərimiz bu gündədir. Bu da keçmiş SSRİ ateizminin qalıqlarıdır. Ümid edirəm ki, bunlar təmizlənəcək və elm adamları öz ixtiraları ilə ölkəmizi dünyada tanıdacaqlar. Əgər bu gün həqiqətən də, həmin kitab peyğəmbərin öz təxəyyül məhsuludursa və sən də onun kimi kitab ərsəyə gətirə bilmirsənsə, o zəkanın qarşısında təslim olmalısan”.

Admiral.az saytının baş redaktoru Bəxtiyar Əlirzayevin fikrincə, indi cəmiyyətdə dindarlar arasında radikalllaşma, daha çox da özünü göstərmək naminə “həlakeləmə” güclənir:

11072016164920984_0

“Açığı, içində inandırma cəhdi olan fikirləri səmimi saymıram. Cəfər müəllimin bu fikirlərində saxta inandırma cəhdi yoxdu. Reaksiyanı düşünmədən, öz fikirlərini bölüşüb. Üstəlik, istənilən məsələdə ən düz nəticəyə gəlmək üçün “niyə” sualının verilməsi və yaxşı mənada şübhənin olması vacibdi. Yəni sənə istər elm adamı, istərsə də dindar bir fikir deyir, kor-koranə inanırsansa, hətta bu barədə düşünməyi belə axmaqlıq sayırsansa, həqiqətən də movcudluğunun bir qarışqa qədər əhəmiyyəti yoxdu. Əslində bu cür müzakirələrin olması tam normaldı, narahatedici məqam tamam başqa amillə bağlıdı. Yəni, məni bir vətəndaş kimi narahat edən kiminsə Allaha inanıb-inanmaması deyil. Özümü onun inancına təsir edə bilmədiyim üçün deyil, onun qanını içməyə hazır olan insanların dünyagörüşünə təsir etmək gücündə olmadığım üçün günahkar sayıram. Bizim cəmiyyətdə isə dindarlar arasında radikalllaşma, daha çox da özünü göstərmək naminə “həlakeləmə” güclənir. Bu müsahibə sosial şəbəkədə yayılanda şərh yazanların 90 fazi söyüş yazırdı. Ağsaqqal elm xadiminin fikirlərinə söyüşlə reaksiya verən dindar Allaha lazımdımı? Əsas problemi “Quran Məhəmməd peyğəmbərin zəkasının məhsuludu” demək yox, dindar şəklində özünü qələmə verib, söyüş söymək, təhqir eləmək yaradır. Həyatda hansısa dindara qışqıra-qışqıra, söyüşlə etiraz edən, sosial şəbəkələrdə təhqir dolu rəylər yazan ateist görmədim. Təəssüf ki, əksər vaxtı bu mədəniyyətsizliyə özünə dindar deyən və çoxluq təşkil edən dardinlər imza atır. Unudurlar ki, tapındıqları, sığındıqları Allahın onların müdafiəsinə ehtiyacı yoxdu. Söyüşlə, hədə-qorxu ilə heç yoxdu. İnanırsan, lap yaxşı, bunu təhqirsiz davranışınla, səbrinlə, elminlə göstər. Tərbiyəsizcəsinə sərgilənən düzgün mövqe də cəmiyyət üçün zərərlidi. Din məsələsində isə bu cür davranışlar dinin mahiyyətinə düşmən saydıqları atesitlərin fikirlərindən daha böyük zərbə vurur. Yekun olaraq isə bunu deyim: bəli, düşünürəm ki, İslam dini müasirləşməlidir. Amma indi bizim cəmiyyətin zehni olaraq, müasirləşməsinə 100 dəfə artıq ehtiyac var”.

Kamil ƏMİRLİ

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...