Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

ABŞ kilsəsində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib – VİDEO

Xocalı faciəsi bütün dünaya çatdırılır.

Xocalı soyqırımının 27-ci ildönümü ABŞ-ın Los-Anceles şəhərində müxtəlif dini icmaların rəhbərlərinin iştirakı ilə keçirilən geniş tədbirlə yad olunub.

Din.az “Report”a istinadən bildirir ki, məlumatına görə, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu tərəfindən fevralın 21-də keçirilən tədbirə bu şəhərin ən böyük və ən qədim kilsələrindən olan İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi evsahibliyi edib.

İki yüzdən çox qonağın qatıldığı tədbirdə Los-Ancelesdəki xristiyan, yəhudi, müsəlman, buddist, bəhai, zərdüşt və digər dini icmalarının rəhbərləri, eləcə də bu dinlərin müxtəlif cərəyanlarına mənsub geniş ictimaiyyət nümayəndələri, ictimai-siyasi xadimlər, bir sıra ölkələrin Los-Ancelesdəki baş və fəxri konsulları, eləcə də jurnalistlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan kilsənin nümayəndəsi Deyv Orton bu önəmli tədbirə yığışmaqda əsas məqsədin 1992-ci ildə baş vermiş dəhşətli Xocalı qətliamının qurbanlarını yad etmək olduğunu vurğulayaraq, bu cür mühüm tədbirə evsahibliyi etməkdən məmnun olduqlarını bildirib.

Dünyanın ən nüfuzlu yəhudi təşkilatlarından olan, Los-Ancelesdə fəaliyyət göstərən tanınmış Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavini ravvin Abraham Kuper dəfələrlə Azərbaycanda səfərdə olduğunu, ölkədə bərqərar olunan multikulturalizm və dinlərarası tolerantlıq mühitinin bir çox ölkələr üçün gözəl bir örnək təşkil etdiyini diqqətə çatdırıb. O, Xocalı kimi faciələrin təkrarlanmaması üçün davamlı sülh istiqamətindəki səylərin gücləndirilməsinin vacibliyini qeyd edib.

Xocalı dəhşətləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verən Azərbaycanın Los-Ancelesdəki baş konsulu, Los-Anceles Konsulluq Korpusunun sədri (duayeni) Nəsimi Ağayev Xocalı soyqırımının Soyuq Müharibənin yekunundan sonra Avropada ilk soyqırımı olduğunu diqqətə çatdırıb. N.Ağayev 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya Ədalət” beynəlxalq kompaniyası çərçivəsində görülmüş işlər sayəsində Xocalı soyqırmının beynəlxalq səviyyədə tanınması istiqamətində mühüm addımlar atıldığını vurğulayıb. Diplomat bu səpkidə artıq dünyanın bir neçə dövlətinin və ABŞ-ın 23 ştatının, o cümlədən Baş Konsulluğun məsul olduğu 7 ABŞ ştatının Xocalı qətliamını tanıdığını və rəsmi şəkildə pislədiyini deyib.

Tədbir Xocalı soyqırımının canlı şahidi, faciə zamanı ermənilərə əsir düşən Dürdanə Ağayeva ilə 2015-ci ildə Los-Ancelesdə Baş Konsulluq tərəfindən lentə alınan video-müsahibənin nümayişi ilə davam edib.

Nümayişin ardınca çıxış edən Los-Anceles Dinlərarası Şurasının sədri, Kaliforniyanın ən nüfuzlu xristiyan din xadimlərindən olan Yepiskop Xuan Karlos Mendez Xocalı qətliamının dəhşətləri ilə bağlı öz təəssüratlarını bölüşərək, gələcəkdə belə faciələrin baş verməməsi üçün Xocalı ilə bağlı həqiqətlərin daha geniş ictimaiyyətə çatdırılmasının zəruriliyini vurğulayıb. Daha sonra müsəlman, xristiyan, zərdüş, yəhudi və digər din xadimləri tərəfindən Xocalı qətliamının qurbanlarının ruhuna dualar oxunaraq, dünyada sülh və əmin-amanlığın bərqərar olması üçün həmrəylik nümayiş etdirilib.

Sonra Azərbaycanın tanınmış kamança ustası, ABŞ-ın nüfuzlu Stanford Universitetində Azərbaycan musiqisini tədris edən İmamyar Həsənov tərəfindən müxtəlif xalq və bəstəkar mahnılarımız təqdim olunub. Türk əsilli pianoçu Cem Oslu bəzi mahnıları pianoda müşayiət edib. Eləcə də məşhur pianoçu, xalq artisti Çingiz Sadıqov ilə İ.Həsənovun hələ Ç.Sadıqov həyatda ikən yazdırdıqları mahnılar da səsləndirilib.

Tədbirin sonunda Xocalı qurbanları üçün Baş Konsulluq tərəfindən ehsan süfrəsi açılıb.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...