Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

ADNAN OKTARA AZƏRBAYCANDAN SƏRT REAKSİYALAR: “MƏQSƏDİ İSLAMI MƏSXƏRƏYƏ QOYMAQDIR…”

Fazil Mustafa: “Burada məqsəd İslamı gözdən salmaq, məsxərəyə qoymaqdır”.

Özünü İslamın və Quranın bilicisi kimi təqdim edən, bu haqda yüzlərlə kitabı dərc olunan və hazırda A9 kanalında qalmaqallı verilişi ilə tanınan Adnan Oktarın (Harun Yəhya) fəaliyyəti birmənalı qiymətləndirilmir. Quranın əmrlərinə zidd şəkildə İslamı təbliğ etməyə çalışan və mason olduğunu fəxrlə etiraf edən bu şəxs dini gözdən salmaq istəyənlərin “maşası” kimi qəbul olunur.

Onun efirə çıxartdığı və “mömin insanlar” kimi təqdim etdiyi “kediciklər” isə İslam adına heç bir ənzadəyə sığmır. Bəs görəsən, azərbaycanlı ilahiyyatçılar, dindar cameənin tanınmış nümayəndələri Adnan Oktarın bu “fəaliyyətini” necə dəyərləndirirlər? Bir masonun İslamın təbliği ilə məşğul olmasına necə münasibət göstərirlər.

Din.az bildirir ki, ilahiyyatçı Oqtay Quliyev “Yeni Müsavat”ın suallarını cavablandırarkən bunları dedi: “Adnan Oktar (Harun Yəhya) iddia edir ki, Məhəmməd peyğəmbər (s) bizim zamanımızda yaşasaydı, deyib gülər, şənlik edər, bütün əyləncə növlərindən istifadə edərdi. Bunu iddia etməklə əslində Adnan Oktar özünün çılpaq qızlar arasında müxtəlif musiqi sədaları altında rəqs etməsinə bəraət qazandırmağa çalışır. Adnan Oktara xatırlatmaq lazımdır ki, Peyğəmbər (s) bizim zamanımızda yaşasaydı, deyib-gülməkdən, şənlik və əyləncədənsə, daha qlobal məsələlərə diqqət ayırar, Yaxın Şərqi bürüyən acınacaqlı halların, dünyanın müxtəlif bölgələrində baş verən münaqişələrin dərdinə ağlayardı. O, bu gün yaşasaydı, Myanma, Suriya, İraq, Yəmən, Fələstin və Qarabağ torpaqlarında müsəlmanlara edilən zülmlərə ağlayar, məzlumlara edilən zülmlərdən dolayı üzü gülməzdi. Peyğəmbər bu gün yaşasaydı, özünü peyğəmbər ümməti adlandıran bir qrupun müsəlmanları və qeyri-müsəlmanları qətliam etməsinə, ölkələri, şəhərləri viran etməsinə görə qan ağlayardı, canı bahasına onlarla mübarizəyə qalxardı. Uşaqlara salam verməyi özünə vacib bilən Peyğəmbər son dörd ay ərzində üç min yəmənli uşağın bombardmanlar nəticəsində həyatını itirməsi faciəsi onun da öldürərdi. O, bu faciələrə dözə bilməzdi. Peyğəmbər heç bir halda nə Adnan Oktarın, nə də “Muhəmmədən Rəsulullah” kəlməsini bayraqlarına həkk edən terrorçuların təqdim etdiyi xüsusiyyətlərə sahib olmayıb”.

Mövzu ilə bağlı fikir bildirən ADP sədri Sərdar Cəlaloğlu qeyd etdi ki, bu adamın İslam dini ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur: “Adnan Oktar İslam dəyərlərini açıq şəkildə hörmətsizlik edən, Quranın əmrlərini bilməyən, kifayət qədər də xurafatçı bir adamdır. Onun populyarlarının səbəbi müəyyən elmi kəşflərlə Quran arasında əlaqə yaratmaq oldu. Ancaq əslinə baxsan, o, İslam dinini dünyəvi din kimi təbliğ edir, insanlar isə bunun fərqində deyillər. Onun İslamı tanıtmaq şəkli yanlışdır. O cümlədən Quranı şərh etməsi yanlışdır. Mən o adamın İslam dininin əleyhinə iş aparan qüvvələrin bir aləti olduğunu düşünürəm. Onun Quranla bağlı dedikləri hamısı xurafatdır, heç bir elmi savadı olmayan şəxsdir. Bilməyən adama elə gəlir ki, bu insan çox ağıllı danışır. Ancaq mən onun kitablarını oxuyan şəxs kimi deyə bilərəm ki, çox savadsız, həm dünyəvi , həm də dini elmdən, islamdan xəbəri olmayan biridir”.

Partiya sədrinin sözlərinə görə, xüsusi dairələr var ki, İslamı gözdən salmaq üçün ona dəstək verirlər, müəyyən maliyyə vəsaitləri ayırırlar: “Adamı gətirib televiziyaya çıxarırlar, sonra onun əli ilə islamın əleyhinə istənilən fikri təbliğ edirlər. Adnan Oktar televiziyada insanların qarşısına çıxıb çılpaq qızları nümayiş etdirir. Quranın əmrlərinə zidd ideyaları açıq şəkildə təbliğ edir. Bu adamın fəaliyyəti sonradan İslamın, Quranın əleyhinə təbliğat üçün bir vasitə olub”.

Milli Məclisin deputatı Fazil Mustafa isə Adnan Oktarın fəaliyyətini anormal adlandırdı: “İslamın qəsdən o formada görüntüsünü yaratmaq üçün birinə cübbə geyindirib təbliğ etdirirlər, birinə də bu cür qızları başına toplamaqla təbliğ etdirirlər. Bu həqiqətən də düşündürücü məsələdir. İnsanlar bu məlumatları qəbul edərkən diqqətli olmalıdırlar. Burada məqsəd İslamı gözdən salmaq, məsxərəyə qoymaqdır. Görüntü olaraq insanların İslamı bu cür mənimsəməsinə çalışırlar. Düzdür, İslamı modernlik anlayışı içimdə qəbul etmək daha doğrudur. Ancaq bu yol ağlabatan yol deyil. Digər tərəfdən masonluqla İslam arasında bir əlaqə yoxdur. Adnan Oktarın bunu etiraf etməsi onu göstərir ki, xüsusi tapşırıqla məhz bu cür təqdimata üstünlük verir”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...