Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Allahşükür Paşazadə Vyanaya səfərə gedir

Konfransın əsas müzakirə mövzusu sivilizasiyalararası və dinlərarası əməkdaşlıq məsələləridir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislamın rəhbərlik etdiyi nümayəndə heyəti 16-21 iyun tarixlərində Avstriya Respublikasında səfərdə olacaq. Səfər müddətində Vyana şəhərində bir sıra görüş və tədbirlər nəzərdə tutulur.

Din.az bildirir ki, QMİ-nin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Şeyxülislam A.Paşazadə iyunun 17-də KAİCİİD Beynəlxalq dinlərarası və mədəniyyətlərarası dialoq Mərkəzinin üzvü olduğu Direktorlar Şurasında BMT Baş Katibinin müavini, Sivilizasiyalar Alyansının Ali nümayəndəsi M.A.Moratinos ilə görüşdə, iyunun 18-də isə Direktorlar Şurasının növbəti sessiyasında iştirak və çıxış edəcəkdir.

19 iyun 2019-cu il tarixində Avstriyanın paytaxtı Vyana şəhərinin “Hofburq” sarayında QMİ nəzdində Bakı Beynəlxalq dinlərarası və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi, KAİCİİD Beynəlxalq dinlərarası və mədəniyyətlərarası dialoq Mərkəzi, Cenevrə İnsan hüquqları və qlobal dialoq Mərkəzi və Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda Beynəlxalq Konfrans keçiriləcək.

Beynəlxalq Konfransın təşkili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin irəli sürdüyü Azərbaycanın multikulturalizm modelinin təbliğinin bəşəri önəmindən, dinlər və sivilizasiyalararası dialoq və əməkdaşlığın inkişaf etdirilməsinin müasir dünyanı narahat edən problemlərin aradan qaldırılmasında müstəsna əhəmiyyət kəsb etməsindən irəli gəlir.

Vyana Beynəlxalq Konfransında ümumilikdə 300-ə yaxın nümayəndənin — dünyanın 30-dan artıq ölkəsini təmsil edən dövlət, ictimaiyyət, elm və din xadimləri, həmçinin, 5 beynəlxalq və 16 qeyri-hökumət təşkilatlarının rəhbərləri, o cümlədən, BMT Baş Katibinin müavinləri – M. A. Moratinos və R.Xalikov, Avstriya tərəfdən Federal Hökumətin və Parlamentinin nümayəndələri, habelə Avstriyada akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların, dini konfessiyaların nümayəndələri iştirak edəcəklər.

Azərbaycan nümayəndə heyətinə ölkənin tanınmış dövlət, din və elm xadimləri daxildirlər. Səfər çərçivəsində Avstriya rəsmiləri ilə görüşlər planlaşdırılır.

Konfransın əsas müzakirə mövzuları sırasında sivilizasiyalararası və dinlərarası əməkdaşlığın bəşəri həmrəyliyə doğru inkişafı dünyada sülhün bərqərar olmasına xidmət edir; terrorizm, ekstremizm, separatizm və ksenofobiya dinlərarası əməkdaşlığa təhdid kimi; gənclərin maarifləndirilməsində, mədəni və mənəvi irsin qorunmasında sivilizasiyalararası və dinlərarası əməkdaşlığın rolu; İnsan hüquqları sahəsində, qadın və uşaq haqlarının qorunmasında din, dövlət, elm və ictimaiyyət xadimlərinin birgə fəaliyyətinin vacibliyi kimi aktual tematikalar yer alıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...