Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Allahşükür Paşazadənin “Qafqazda İslam” kitabı 28 ildən sonra yenidən nəşr olunub

“Qafqazda islam” əsəri Qafqazda islam dininin tarixinə və bu gününə həsr olunub.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin 1991-ci ildə çap olunmuş “Qafqazda İslam” kitabı 70 illik yubileyi münasibəti ilə yenidən nəfis tərtibatda nəşr edilib.

Din.az bildirir ki, tarix elmləri doktoru Allahşükür Paşazadənin Azərbaycan islamşünaslığına töhfə olan “Qafqazda islam” elmi əsəri dünya teologiyasına daxil olan qiymətli əsərlərdən hesab olunur.

Şeyxülislam 1991-ci ildə bu elmi araşdırmanı Azərbaycanın görkəmli alimi, akademik Azad Mirzəcanzadənin rəhbərlik etdiyi Ali Attestasiya Komitəsində uğurla müdafiə edərək professor elmi dərəcini alıb. Kitabın elmi redaktoru görkəmli Azərbaycan alimi, akademik Ziya Bünyadovdur.

“Qafqazda islam” əsəri Qafqazda islam dininin tarixinə və bu gününə həsr olunub. Bu elmi araşdırmada islamın Qafqazda yayılma tarixi, onun bu arealda yaşayan xalqlara təsiri araşdırılıb. Əsərdə islamın bölgədə yayılmağa başladığı vaxtdan bu günə kimi keçdiyi yol təhlil olunur, regionda islamdan əvvəlki dini etiqadlar barədə danışılır və ərəblərin Azərbaycana yürüşləri zamanı islam təliminin yerli əhali tərəfindən necə qəbul olunması barədə mənbələr əsasında geniş və detallı məlumat verilir. Fundamental nəşrlərdən sayılan kitabda elmi mübahisə mövqeyindən maraqlı nəzəri mülahizələr təqdim olunur.

A.Paşazadə bu əsərlə SSRİ zamanında dinə sinfi mövqedən yanaşanları tənqid edən ilk müəlliflərdəndir. Kitabda həmin tənqidçilərin yazılarındakı dinin sinfi mövqedən tənqidi metodologiyası elmi qənaətlər ilə köklü şəkildə əsassızlaşdırılıb. Əsərdə ictimai ədalət cəmiyyətin insanpərvərlik meyarı kimi qeyd olunur. Müəllifin fikrincə, islam bərabərliyi ictimai ədalətin ən mühüm qayələrindən biri hesab edir.

Müəllif “mədəniyyət və din” münasibətlərində bəzi tədqiqatçılar kimi milli–mənəvi dəyərləri dindən ayrı təsəvvür etmir, bu məsələləri kompleks halda görür. Şeyxülislamın kitabında müasir islamşünaslıqda özünü göstərən “dinin saflığı”nı yenidən bərpa etmək cəhdlərinin tənqidi də nəzərə çarpan xətdir.

Elmi əsərində A. Paşazadə qəbilə, icma təəssübkeşliyinə deyil, dini ortaqlıq ideyasına əsaslanmağı üstün tutur, “ümmət” anlayışını sosial istiqmətdə qəbul etməyi məsləhət görür. “Qafqazda islam” kitabında elmlə dinin vəhdəti məsələsinə xüsusi ilə toxunulur. Müəllifin fikrincə, müasir cəmiyyətin inkişaf meylləri elm ilə dinin “qətiyyən uyuşmazlığı” barədə geniş rəvac tapmış yanlış fikrin əsassızlığını subut edir.

A.Paşazadə əsərində qeyd edir ki, sovet zamanında xalqımızın ictimai fikir və fəlsəfəsi, tarix və mədəniyyətinin öyrənilməsi sahəsində aparılan tədqiqatlarda İslam çox vaxt nahaqdan, əsası olmadan geriçilik meyli ilə əlaqələndirilir, onun ümummədəni və əxlaqi dəyərləri heçə endirilirdi. Kitabda islamda insan azadlığı məsələsi də müfəssəl şəkildə izah olunur. Vurğulanır ki, insan azadlığı mövzusu öz müstəsna əhəmiyyətinə görə, islam fikir tarixində hər hansı başqa bir mövzuya nisbətən daha kəskin şəkildə qoyulub. Araşdırmada Qarabağ münaqişəsinə də toxunulub. QMİ sədri o zaman yenicə baş qaldırmış bu münaqişənin heç bir dini kökü olmadığını qeyd edərək problemi “dini qarşıdurma” kimi təqdim edənlərin məkrli niyyətlərini ortaya qoyub. “Qafqazda İslam” əsəri Azərbaycan elmi tarixində öz layiqli yerini tutur. Sanballı elmi fikirlərlə ehtiva olunmuş bu kitab şərqşünas – tarixçilərin, dinşünasların elmi mənbə kimi istinad etdikləri dəyərli əsərdir.

“Nurlar” nəşriyyatında çap olunan kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. / APA

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...