Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Allahşükür Paşazadənin siyasi bəyanatının arxasındakı 3 mesaj 

Dini rəhbər hansı hədəfləri göstərib?

Bir müddət öncə kilikiyalı erməni katolikosu I Aram işğal olunmuş Dağlıq Qarabağ ərazisinin Ermənistana birləşdirilməsinə çağıran bəyanat vermişdi. Həmin provokativ bəyanatında Aram bu addımın “vahid Ermənistanın yaradılması üçün” vacib olduğunu demiş və bu məsələdə istənilən güzəştin qəbuledilməz olduğunu bildirmişdi.

İlk baxışda bu bəyanatı fani dünya işlərinə ruhani rəhbərin arzuolunmaz müdaxiləsi kimi qınayaraq, əhəmiyyət verməmək də olardı.

Bu gün dini rəhbərlərin onsuz da gərgin və toqquşmalar bürümüş dünyada xalqları sülhə çağıran bəyanatları fonunda Aramın tutduğu mövqe münaqişəni daha da qızışdırmaq və aparılan danışıqlar prosesini zərbə altında qoymaqdan başqa bir şey deyil.

Bu coğrafiyaya heç bir dəxli olmayan bir dini rəhbərin bölgə üçün ehkam kəsərək, avanturaya əl atmasını sıradan bir məsələ saymaq olmaz. Təsadüfi deyil ki, Aramın bu bəyanatı Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə tərəfindən kəskin etirazla qarşılanıb.

QMİ sədri bununla bağlı verdiyi bəyanatda qeyd edib ki, siyasi mövzulara toxunmamağa üstünlük versə də, Vətənin və xalqın maraqlarına xələl gətirmək cəhdinə görə biganə qala bilməyib.

Bu baxımdan QMİ sədrinin bəyanatını son illərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səslənən mühüm açıqlama hesab etmək olar. Bu açıqlama bütövlükdə Azərbyacan dindarlarının, onun ruhani liderinin regiondakı proseslərə münasibəti sayıla bilər.

Katalikos Aramın bölgə üçün həssas olan məsələyə münasibətini “təhrikedici və qızışdırıcı” adlandıran QMİ sədri onun dini rəhbər müstəvisindən çıxaraq, siyasətçilərin ambisiyalarının alətinə çevrildiyini qeyd edib.

“Katolikos I Aramı Qafqaz bölgəsinin taleyi, bəyanatının bölgə xalqları, o cümlədən erməni xalqının özü üçün hansı faciələrə yol aça biləcəyi narahat etmir. Bu din xadiminin yeganə istəyi populist bəyanatlarla gündəmə gələrək, yeni liderlərin diktəsi, siyasi dirijorluğu ilə bölgəni çalxalamaq, dini savaşın ideoloqu kimi çıxış etməkdir”.

Belə bəyanatın Qafqazda sülhə, sabitliyə zərbə vurduğunu bəyan edən Allahşükür Paşazadə Livan katalikosunu münaqişəni yenidən qızışdırmaqda, ona dini çalar verməyə cəhddə, xristian-müsəlman qarşıdurmasını körükləməkdə ittiham edib.

QMİ sədrinin bu sərt bəyanatı bölgədə gedən bir sıra prosesləri təhlil etmək baxımından vacibdir. Dağlıq Qarabağ münaqişəsi başlandığı zamandan etibarən hər iki tərəfin dini rəhbərləri dəfələrlə görüşərək, həll yollarını müzakirə ediblər. Hələ SSRİ zamanından başlanan bu təmaslarda Azərbaycan dini rəhbəri xalqları əzaba düçar edən münaqişə səbəbkarlarını sərt ittihamı ilə yadda qalıb.

Qarabağ münaqişəsi dini mahiyyət daşımasa da, zaman-zaman onu “müqəddəs müharibə”yə çevirməyə çalışıblar. Lakin bu məqsəd baş tutmayıb. Məhz ruhani liderlərin mövqeyi bu münaqişəyə dini don geyindirilməsinin qarşısını almaqda mühüm rol oynayaraq, problemin dinc yolla həllində vacib rıçaqa çevrilə bilib.

Bu baxımdan Qafqaz Müsəlmanları İdarəsinin və onun sədri Allahşükür Paşazadənin ötən illərdə apardığı iş münaqişəyə dini rəng verməyə cəhd edənlərin planları üçün əngəl olub.

Hələ 1995-ci ildə Allahşükür Paşazadə Rusiya Patriarxı II Alekseyin təşəbbüsü ilə 1-ci Qareginlə görüşmüşdü. O zaman Azərbaycan, Rusiya və Ermənistanın ruhani liderləri bəyanat qəbul edərək, bir daha Qarabağ münaqişəsinin dini mahiyyət daşımadığını bildirmişdilər.

2010-cu ilin aprelində İlk dəfə olaraq Bakıya gələn erməni katalikosu ölkəmizdə keçirlən dini liderlərin Ümumdünya sammitindəki çıxışında etnik münaqişələrin mövcudluğunun bir çox dini dəyərləri də təhlükə altına saldığını etiraf edib. Katalikos dinlərarası dialoqun bəşər mədəniyyətinin xilasına xidmət etdiyini vurğulayıb, azad və dinc həyata doğru getməyin vacib olduğunu bəyan edib. Sammit çərçivəsində katalikos Qaregin, şeyxülislam Allahşükür Paşazadə və Rusiya Patriarxı Kirill bəyanat verərək, problemin sülh yolu ilə həllinin vacibliyini qeyd edib, bu istiqamətdə öz səylərini davam etdirəcəklərini açıqlayıblar.

Odur ki, QMİ sədri indi haqlı olaraq katalikos Qareginin Aramın bu bəyanatına reaksiya verməməsinə etiraz edir və onu vədə xilaf çıxaraq, susmaqda ittiham edir. Belə susqun mövqe isə dini liderlərin bu illərdə əldə etdikləri birgə bəyanatın ruhuna uyğun deyil və təəssüf doğurur.

Şeyxülislam bəyanatında bildirir ki, Qaregin susması ilə əslində livanlı həmkarı Aramın heç bir əndazəyə sığmayan mövqeyini bölüşdüyünü nümayiş etdirir.
“Özü də dəfələrlə Ermənistan rəhbərlərinin Dağlıq Qarabağa səfərlərində iştirak edən, onların önündə getməklə siyasilərin əsirinə çevrilən II Qaregin zəbt etdikləri Azərbaycan torpaqlarının işğalına mənəvi haqq qazandırmaq istəyir”.

QMİ sədri bununla da erməni dini rəhbərinin Yerevanın siyasi hakimiyyəti ilə eyni mövqe nümayiş etdirdyini göstərməklə, bir daha Azərbaycana qarşı təcavüzkar siyasətin yürüdülməsində Ermənistanın bütün spektrinin iştirakını vurğulayıb.

A.Paşazadə belə avantüralara biganə qalmayacağını bəyan etməklə, regionda münaqişəni qızışdıranlara qarşı ruhani liderlərin münasibətini bildrməsinin zərurliyini açıqlayıb. Əslində katolikos Aramın bəyanatı onun regionu qarışdırmaq və erməni xalqının fəlakəti üzərində siyasi xal qazanmaq istəyən xarici havadarları üçün bir rıçaqdır.

Şeyxülislamın bu bəyanatı QMİ sədrinin Azərbaycan prezidenti İlham Əliyevin münaqişə ilə bağlı yürütdüyü siyasəti ilə eyni platformada olduğunu dünyaya nümayiş etdirir. Bu siyasət isə dünyaya tolerantlıq prinsiplərini təklif edən Bakı üçün prinsipial əhəmiyyət daşıyır və ölkəmizdə din-dövlət münasibətlərindəki əməkdaşlığı və harmoniyanı ortaya qoyur. Təsadüfi deyil ki, bu siyasət dünya dinlərinin rəhbərləri tərəfindən də dəstəklənir.

QMİ sədrinin bəyanatında diqqət çəkən məqam Gürcüstan patriarxı 2-ci İlya ilə bağlı dedikləridir. Onun Azərbaycan ərazisində yerləşən Keşikçidağ məbəd-kompleksi ətrafında yaranmış məsələdə tutduğu mövqeyini yüksək qiymətləndirən A.Paşazadə bunu “müdrik yanaşmanın bariz nümunəsi” adlandırıb.

QMİ sədri bununla da gürcü patriarxının ağsaqqal mövqeyini nümunə kimi göstərərək onu sürüşkən və qorxaq mövqeli erməni katalikos Qareginin sifətinə sərt sillə kimi çırpır. Şeyx bəyanatında Gürcüstan Patriarxının bu məsələdə maraqlı olan kənar qüvvələrin, üçüncü tərəfin rolunu da istisna etmədiyini xatırladır və bu cəhddə Azərbaycan və gürcü xalqları arasında nifaq yaranmasını arzulayan ermənipərəst ünsürlərin təxribatçı fəaliyyəti durduğunu bəyan edir.

Burada Şeyxülislam regionda tarixən ara qarışdrımağın, ixtilaf salmağın əsas səbəbkarı kimi çıxış edən erməni dairələrinin Azərbaycan-Gürcüstan münasibətlərini pozmaq üçün səylərinə diqqət çəkir.

Şeyxülislamın bəyanatında düşmənin təxribatı daha böyük müstəvidə – MDB məkanında da apardığına da işarə edir. Bu baxımdan QMİ sədrinin azərbaycanlı jurnalist Fuad Abbasovun Moskvadan deportasiya edilməsi ilə bağlı mövqeyi də maraqlıdır. Bu cəhddə də “erməni izi”nin olmasını vurğulayan Şeyxülislam qeyd edir ki, həmin fəaliyyət aşkar görünür. Şeyxülislam F.Abbasovu əsl vətəndaş mövqeyi nümayiş etdirən vətənpərvər insan saydığını bəyan edərək, onun Rusiyadakı varlığının, özəlliklə, azərbaycanlılar və çeçenlər arasında qarşıdurmaya dair erməni təxribatlarının qarşısını almaq yönündəki fəaliyyətinin ermənipərəstlərə sərf etmədiyini vurğulayıb.

QMİ sədri açıq şəkildə Fuad Abbasova qarşı uydurma ittihamların götürülməsini, onun azad edilməsini istəyib: “Şeyxülislam kimi dindarlarımızın mövqeyini və şəxsən öz mövqeyimi ifadə edərək, həqiqətin öz yerini almasını, Rusiya və Azərbaycan qanunları çərçivəsində ədalətli həllini istəyirik”.

Bununla da QMİ sədri Rusiya ilə Azərbaycan arasında normal dövlətlərarası münasibətlərə xələl gətirəcək belə süni təxribatlarda “üçüncü əl” kimi iştirak edən ermənilərin iki dövlət arasında həssas nöqtələri sarsıtmaq cəhdlərini açıqlyır.

QMİ sədrinin bəyanatında deyilir ki, siyasi, dini, ideoloji, hərbi sahədə bütün təxribatlara baxmayaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində danışıqlar prosesinə, münaqişənin beynəlxalq hüququn normaları əsasında sülh yolu ilə həllinə ümidlə baxır və Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinə qeyd-şərtsiz əməl olunmasını tələb edir.
“Dünya birliyinin, ATƏT-in Minsk qrupunun sülhyaratma səylərindən real nəticələr gözləyirik. Dini liderlər, öz növbəsində, sülh və ədalətin bərpası naminə bu səylərə öz mümkün dəstəklərini əsirgəməməlidirlər”.

QMİ sədrinin bu bəyanatı din xadiminin missiyasını bir daha xatırladır. Bu missiya münaqişə və qarşıdurmaya deyil, barış və əmin-amanlığa xidmət etməkdir. Burada isə dini hisslərin siyasi məqsədlər üçün sui-istifadəsi yolverilməzdir. / Modern.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...