Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ARAKAN MÜSƏLMANLARINI ZİYARƏT

“Bu insanlar Arakanın sonradan İslam dinini qəbul etmiş yerli xalqıdır”.

Elşad MİRİ
elshadmiri@gmail.com

 

Banqladeş səfərim – III son yazı

Səhər namazını qılandan sonra Arakan müsəlmanlarının yaşadıqları düşərgəyə səfərimiz başlayır. Çox erkən olmasına baxmayaraq, yenə də küçələrdə tıxac və siqnal səslərindən qurtula bilmirik. Amma bizi daha çox arakanlı müsəlmanlar maraqlandırırdı. Xeyli yol qət edəndən sonra bu müsəlman bacı-qardaşlarımızın məskunlaşdıqları düşərgələrə gəlib çatırıq. Düşərgə rəhbərliyinin razılığı alınandan sonra əraziyə daxil oluruq.

Arakanlı müsəlmanlar kimlərdir?

Düşərgə haqqında söhbətə başlamazdan əvvəl Arakan müsəlmanları haqqında qısa məlumat vermək istəyirəm. Arakanlı müsəlmanlar əvvəlki adı ilə Burma, yeni adı isə Myanmada etnik dini qrup hesab olunur. Bu müsəlmanlar əslində rohinqyalardır. Sadəcə Myanmanın qərbindəki Arakanda (rəsmi adı Raxinə əyalətidir) yaşadıqlarına görə «arakanlı müsəlmanlar» adlandırılırlar. Arakanlı müsəlmanlar olan rohinqyaların sayı ölkədə 1 milyona yaxındır və əhalinin 4 faizini təşkil edirlər. Bu insanlar Arakanın sonradan İslam dinini qəbul etmiş yerli xalqıdır.

Dünyanın ən sakit dini və həmin dinin mənsubları kimi aşılanan buddistlər tərəfindən kəndləri yandırılan, qaçmağa çalışanları qətlə yetirilən arakanlı müsəlmanlar illərdir sadəcə sağ qalmaq üçün mübarizə aparırlar. Sağ qalanlar da bizim indi gəldiyimiz Banqladeşlə sərhəddəki bu düşərgələrdə ölməmək üçün yaşayırlar.

Elektrik enerjisindən məhrum olanlar

Təsəvvür edin ki, palçıqdan tikilən daxmalarda yaşayan bu insanlar elektrik enerjisindən məhrumdurlar. İlk dəfə idi işıqdan istifadə edilməyən məkanlar görürdüm. Dünyada 1,5 milyarda yaxın insanın elektrik enerjisindən istifadə edə bilmədiyini oxumuşdum, amma ilk dəfə idi buna şahid olurdum.

Düşərgədə həyat havanın açılması və qaranlığın düşməsi arasında davam edir. Burada təhsil deyilən anlayış, demək olar ki, yoxdur. Balaca uşaqlara Quranı üzündən oxumaq öyrədilir və surələr əzbərlədilir. Yeməklərini düşərgədə tikilən böyük yeməkxanada yeyirlər. Xüsusilə qeyd edim ki, Türkiyənin Beynəlxalq Yardımeli dərnəyi illərdir hər gün minlərlə arakanlı müsəlmanı gündəlik qida ilə təmin edir. İbadət etmələri üçün məscid, su ehtiyaclarını təmin etmələri üçün də baha başa gələn su quyuları da bu müsəlman qardaş-bacılarımızın ixtiyarına verilib. Bizimlə səfərdə iştirak edən adı çəkilən təşkilatın Avropa nümayəndəsi Hayriye Tufanoğlu da Avropada yaşayan türklərin maliyyə dəstəyi ilə minlərlə arakanlı müsəlmanın geyimini təmin edir.

Buradakı müsəlmanların həyat tərzi ilə tanış olandan və üzərimizə düşənləri edəndən sonra əksəriyyəti arakanlı yetimlərdən ibarət olacaq “Darul hikmə”adlı yataqxanalı məktəbin açılışına yollanırıq.

3 mərtəbəli 1000 nəfərlik məktəbin və həmin əraziyə daxil olan məscidin açılışı Banqladeş millət vəkili, bələdiyyə başçısı, Yardımeli dərnəyinin başçısı Sadık Danışman və dəyərli alim Mustafa İslamoğlunun iştirakı ilə baş tutur. Şagirdlərlə görüşüb, şəkil çəkdirib, məsciddə də namaz qılandan sonra beynəlxalq yardım təşkilatının açdığı bəzi su quyularına və yaxınlıqdakı məscidlərə baş çəkirik. Qeyd edim ki, adı çəkilən təşkilat son 3 ildə 245 su quyusu açıb. Suyun da bu ərazilərdə necə həyati əhəmiyyət kəsb etdiyini yaşayaraq görürük.

Bu proqramların ardınca 2 gün də Banqladeşin müxtəlif şəhərlərində qalandan sonra Hindistanın paytaxtına uçacağıq. Buna görə də bəzi qeydlərimi edərək Banqladeş səfərimizlə bağlı təəssüratlarımı yekunlaşdırmaq istəyirəm.

Daşın olmadığı ölkə

Ölkədə bircə dənə də olsun daş görmədik. Daşın olmaması da ölkənin yerləşdiyi relyeflə əlaqəlidir. Qeyd edim ki, ölkə dənizlə eyni səviyyədə yerləşir. Maraqlıdır ki, banqallar heç bir texnologiyadan istifadə etmədən əl əməyi ilə kərpic hazırlayır, bişirir, sonra da inşaatda daş əvəzinə istifadə etmək üçün kərpiclər çəkiclə hissələrə bölünür. Bir adam gündəlik 100-ə yaxın qırdığı kərpicin əvəzində 1 ABŞ dollarına uyğun gələn taka qazanır.

Nə qaldığımız otellərdə, nə də qonaq dəvət edildiyimiz yerlərdə süd məhsullarına rast gəlmirik. Səhər düyü, günorta düyü, axşam düyü…

Çox saydakı tıxaca, hər saniyə verilən siqnallara baxmayaraq, Banqladeşin yarısını gəzməyimizə rəğmən nə yollarda, nə küçələrdə bircə dənə də olsa, dava-dalaşa rast gəlmədik. Əksinə insanların üzü gülürdü. Bu gülərüz insanlarla əlaqəli yazımı burada yekunlaşdırıb, hamınıza hər halımıza görə Yaradana şükür etməyimizi arzu edərək, gülərüz qalmaq duası ilə sizinlə sağollaşıram.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...