Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“Atam dünyadan köçməmişdən əvvəl Quran oxuyurdu” – General oğlu Vəli Dünyamalıyevlə MÜSAHİBƏ

“Quranın heç kimə ziyanı yoxdur”.

Müsahibimiz Daxili İşlər nazirinin mərhum müavini, polis general-leytenant Zahid Dünyamalıyevin oğlu Vəli Dünyamalıyevdir. Onunla müsahibəmiz elə bir dövrə təsadüf edir ki, günümüzdə bəzi məmur, general övladları harınlıq edir, cəmiyyətə pis nümunə kimi yadda qalırlar. Beləcə, adətən general oğlu kimi tanınan Vəli Dünyamalıyevlə həm atasından, həm cəmiyyətdən, həm də təbliğini etdiyi İslam dinindən, bu dinə gəlişindən danışdıq.

Din.az “A24.az”-a istinadən general oğlu Vəli Dünyamalıyevlə olan müsahibəni təqdim edir:

-Xoş gəlmisiniz, Vəli müəllim! Bir çox məmur övladları var ki, onların adları xoşagəlməz hadisələrdə, xuliqanlıq və avtomobil qəzalarında hallanır. Məmur övladı və ya general oğlu kimi sizin buna münasibətiniz?

– Xoş gördük! Əslində düşünürəm ki, fərq etməz insan kimin övladıdır. İstər məmur övladı olsun, istər adi bir vətəndaşın övladı olsun, insan doğru-düzgün yaşamalıdır, insan kimi yaşamalıdır. Digər insanlara qarşı doğru-düzgün bir mövqedə olmalıdır. Əgər insan özünü həqiqətən Allaha qul olaraq tanısa, onun valideynin və yaxud yaxın qohumlarının kim olduğu, hansı bir statusda olması onun üçün o qədər də əhəmiyyət kəsb etməyəcək. Çünki dərk eləsə ki, o, Allahın quludur, mənə elə gəlir ki, yerdə qalan bütün insanlara da Allahın digər qulları kimi münasibət göstərəcək.

-Ailədə necə tərbiyə olunmusunuz? General oğlu kimi sizə qoyulan qadağalar nə olub?

-Çox qadağalar qoyulub. Yəni valideynim tərəfindən bəlli bir yaş dövrünə qədər kifayət qədər qadağalar olub. Qarşıma vaxt məhdudiyyəti qoyulub. Hansı ki, o vaxtdan kənar küçədə, bayırda olmaq qadağan olunmuşdu, atam tərəfindən gec saatlara qədər hardasa qalmaq və ya hardasa olmağa icazə verilmirdi. Demək olar ki, ən böyük qadağalarımdan biri bu olub, yəni vaxt məhdudiyyəti. Daim mənə qoyulan vaxtı izləyib nəzarət altında saxlayıblar. Dərs, ev, məktəb və həyətin də bəlli bir vaxtı olub ki, bu vaxtda da həyətdə oynamışıq.

Allaha çox şükür, Uca Allahın sayəsində valideynimin mənə güvəni olub. Bir çox digər məsələlərdə mənə tam bir qadağa boyulmayıb. Bilirdilər ki, pis istiqamətə yönəlməmişəm. Ona görə də ən böyük qadağam vaxt qadağası olub. Bu isə müəyyən yaş dövrünə qədər… Həmin yaş dövründən – universitet illərindən sonra, tələbəlikdən artıq o qadağalar götürüldü və nəzarət olunmaq şərti ilə müstəqil həyat sürməyə icazə verdilər.

-Sizin haqqınızda kiçik bir araşdırma apardım və gördüm ki, dini mövzuda videoçarxlar hazırlayıb yayımlayırsınız. Dini mövzuda fikirlərinizi həmin videolarla insanlara aşılayırsınız. Məqsədiniz nədir?

– Allahın kitabı ilə tanış olduqdan sonra mən 2008-ci ildən ibadətə və Quranı oxumağa başlamışam. Belə deyək, Allahı, Onun dinini, kitabını tanımışam. O dövrdən üzü bu tərəfə Allahın kitabını özüm oxuyub həyatıma tətbiq eləməyə çalışmışam. Quranı özüm oxuduğum dövrdən başa düşmüşəm ki, bu kitabın varlığından xəbərimiz olub, amma kitabın içərisindəkilərdən xəbərimiz olmayıb. Ona görə bəzi məqamlarda həyatda düz yol seçə bilməmişik. Bəlkə də səhvlərə, xətalara, günahlara, nöqsanlara yol vermişik, o kitabın içərisindəkilərdən xəbərsiz olduğumuza görə…

Bilirsiniz ki, mənim ilk məqaləm şünnilik və şiəliklə bağlı məqaləm olub. Günlərin bir günü bir yoldaşla söhbətimiz oldu. O sual verdi ki, “Sünni kimdir, şiə kimdir?” Mənsə, “sünnilik, şiəlik İslamda olmayan bir şeydir. Sadəcə olaraq sonradan baş verən bölünmələr, parçalanmalardır”. Daha sonra sualı belə qoydu: “yaxşı bəs, siz kimsiniz? Yəni onda siz hansısınız?” Mən bildirdim ki, müsəlmanam, nə sünni deyiləm, nə də şiə… Düşündüm ki, insanlar həqiqətən islamı sünnilik və şiəlik kimi başa düşürlərsə, insanlar əgər İslam deyəndə ağıllarına gələn iki firqə – sünnilik, şiəlik olursa, bu hardasa bizim səhvimizdir ki, oxuyan, bilən insanlar nədənsə xəbərdar olduqda, onu bir növ utanırıq, çəkinirik danışmağa və bu da belə bir hal alır, belə bir şeyə gətirib çıxarır ki, islam ya sünnilikdir, ya da şiəlik. Başqa 3-cü bir yol yoxdur.

Ondan sonra qarşıma belə bir məqsəd qoydum ki, əlimdən gəldiyi qədər həqiqi dini, yəni Allahın dinini bacardığım qədər insanlara çatdıracam. Hansı yolla olursa olsun, istər məqalə ilə, istər hansısa sosial şəbəkələrdə nəsə bir yazı ilə, istər videopaylaşımlarla, istərsə də ətrafımızda olan insanlara şifahi şəkildə, qohum-əqrəbaya, dost-tanışa, harda bacarırıqsa, nə qədər Allah ömür veribsə, biz də Allahın sayəsində bunu eləməliyik.

Ümumiyyətlə, İslam dininə gəldiyim ilk günlərdən dinə dair oxuduğum yeganə bir kitab olub, o da Qurani-Kərim. Bəzi hallarda hədis və digər ədəbiyyatlarla bağlı mənə sual ünvanlayırlar. Deyirəm ki, üzrlü hesab edin, bu barədə məlumatlı deyiləm. Hədislər barədə bilgilərim yalnız insanlardan eşitdiklərimdir. Yəni heç vaxt oxumamışam və sözün düzü, o qədər də onu oxumaq, araşdırmaq həvəsində də deyiləm. Çünki Qurani Kərimdən başqa mövcud olan demək olar ki, ədəbiyyatların böyük qismi əsasən də sünniliyə və şiəliyə aid olan ədəbiyyatların böyük qismi sadəcə olaraq müsəlmanlar arasında təfriqələrin yaranmasına, ixtilafların düşməsinə dolayı yolla səbəb olan kitablardır. Hansı ki o kitablarla yaxından tanış olanda əlbəttə, görürük ki, həm sünniliyi, həm də şiəliyi təbliğ edən kitabların 80 faizi biri-birini təsdiqləyən məsələlərdirsə, 20 faizi ixtilafı olan, insanları qarşı-qarşıya qoyan məsələlərdir.

Bilirsiniz, biz müsəlmanın düşməni iblisdir. Necə ki, Uca Allah iblisi lənətləyərək onu öz dərgahından qovub, o da söz verib, Allaha and içib ki, mən sənin bütün qullarını doğru yoldan sapdıracam, bircə iman sahiblərindən və ixlaslı qullarından başqa…

Qurani Kərimdə belə bir ayə var. Mən belə düşünürəm ki, bu da iblisin bir oyunudur, iblisə xidmət edən qüvvələrin bir oyunudur ki, bu gün o ədəbiyyat vasitəsiylə var olan vahid ümməti 2, hətta o iki qrupları da daxilində təbəqə və qruplara parçalayıb bütün müsəlmanları bir-birinə vurublar.

-Qeyd etdiniz ki, 2008-ci ildən İslama başladınız. Atanız isə 2009-cü ildə dünyasını dəyişib. Atanız dünyada ikən siz artıq ibadət edirdiniz. Atanız bu seçiminizi necə qarşıladı?

-Mənim namaza başladığımı ilk dəfə biləndə təbrik elədi və mənə bir sual verdi. Dedi, sən bunu yaxşı-yaxşı fikirləşmisənmi? Bildirdim ki, yaxşıca fikirləşmişəm, üzərində düşünmüşəm də… Sual verdi ki, “bilirsənmi niyə soruşuram? Dedi ya o yolu gedəcəksən, ya da bu biri yolu. İnsanın bir ayağı bu yolda, digər ayağı o biri yolda ola-ola bir şey alınmaz. Əgər bu yolu gedirsənsə, həmin yolda doğru-düzgün yaşamaq lazımdır. Əgər bütövlükdə riayət edə biləcəksənsə, Allah köməyin olsun, get o yolu” dedi.

Ümumiyyətlə, mənim atam təkcə İslama aid olan məsələdə yox, bir əqidəli insanları sevirdi, özü də insanları bir əqidəli olmağa dəvət edirdi. Bir az ondan, bir az bundan belə şeyləri bəyənməzdi.

-Vəli müəllim, bəs atanızın İslama münasibəti necə idi?

-Özü Qurani-Kərimi oxuyurdu, hətta səhv etmirəmsə, daha əvvəlki illərdə də oxumuşdu. Evə birinci dəfə Qurani-Kərimi Azərbaycan dilində gətirmişdi ki, oxuyun görün, Quranda nə var deyə. Atam dünyadan köçməmişdən əvvəl son dövrlərində Qurani-Kərim oxuyurdu. Bir dəfə atama Quran alıb gətirdim. Bunu mən yuxuda görmüşdüm, yəni atama Quran alıb hədiyyə edirəm və o da aldığım Quranı oxuyur. Artıq mən həmin illərdə İslama gəlmişdim və ibadətə başlamışdım. Həmin o yuxumu gördüyüm kimi də elədim. Quran aldım, gətirdim ona bir Quran hədiyyə elədim. Amma evimizdə Quran var idi, sadəcə birini də mən alıb gətirdim. Bildirdim ki, sənə verdiyim Quranı oxuduğunu yuxumda görmüşəm. O başladı Quranı oxumağa və oxuyurdu da. Onun bir qara kitabçası var idi, orda qeydlər aparırdı. Dünyasını dəyişəndən sonra həmin kitabçasına baxdım, orda Qurani-Kərimdən bir çox ayələrə dair qeydlər aparmışdı.

Bir dəfə bizim onunla Fatihə surəsi ilə bağlı bir söhbətimiz olmuşdu. Həmin surə ilə əlaqədar özünün düşündüklərini demişdi. Həqiqətən o mənə çox maraqlı gəlmişdi ki, Fatihə surəsinə bu tərəfdən də belə yanaşma ola bilər. Bu vaxta qədər mən Fatihə surəsinin həmin tərəfini görməmişdim. Amma təəssüflər olsun ki, son gününə qədər bu yola yönəlməsi qismət olmadı. Ona görə təəssüflənirəm ki, biz Qurani-Kərimi oxuyanda bir daha anlayırıq ki, dildə Allaha iman gətirmək haqq – hesab günü insanın köməyinə yetməz. Sadəcə olaraq dildə söyləmək ki, “mən Allahı tanıdım və Allaha iman elədim” yetmir. Çünki Uca Allahın Quranda elə ayələri var, Allah bildirir ki, əgər məni tanıyırsınızsa, mənə iman etmisinizsə, mənim dediyim kimi də həyatınızı yaşayayın.

-Hansı hiss sizi İslamın dalınca getməyə vadar etdi?

-Bir dəfə yaxın dostumla maşında oturub bir yoldaşı gözləyəndə dedi ki, “mən namaza başlamaq istəyirəm”. Mən də, sözün düzü, bu şeylər haqqında uzaq düşünürdüm. Hamı kimi namaza belə yanaşırdım ki, bu, mollalara aid bir işdir, əsas qəlbin və ürəyin təmiz olsun, yerdə qalan şeylər “iman etdik” deməklə kifayət edir. Daha sonra dostuma dedim ki, bir az götür-qoy elə, fikirləş gör necə edirsən və hardan bu fikrə gəlmisən? Dedi o günləri mənim bir yoldaşım həcc ziyarətində idi, onun videolentinə baxmışam, birdən ürəyim istədi ki, mən də namaza başlayım və ora gedim. Dostumun dedikləri məni düşündürdü və ondan tez namaz qılmağa başladım. Ətrafımda, qohumlarım arasında ibadət eləyənlər var idi. Düzdür, biri sünni namazı qılırdı, biri şiə namazı… Onlara müraciət elədim ki, namaza başlamaqda mənə kömək eləsinlər. Onlar mənə sadəcə sözlərini yazıb verdilər. Hansını necə eləyəcəksən, əlini necə tutacaqsan, sünni və yaxud şiə namazı qılacaqsan və sair o yerinə qarışmadılar. Hər ikisinin də mövqeyi bu oldu ki, onu özün seçərsən, sənə necə rahat olar elə də edərsən.

-Təxminən, neçə yaşınızda namaza başladınız?

-25 yaşımda…Din deyəndə sadəcə namaz və orucdan ibarət olan bir şey deyil. Din Allahın insanlıq üçün qoyduğu bir sistemdir. Mən dini belə anlayıram. Din insanlığa yaxşı olsun deyə idarə olunması üçün qoyulan bir Allahın sistemidir. Ona görə də bunlar heç cürə biri-birindən ayrı ola bilmirlər. Çünki insanlıq nə qədər çox olsa insanda din yoxdursa, natamam bir şey alınır. Hardasa özünü biruzə verir, hardasa gətirib özünü ortalığa çıxardır. Uca Allah da Qurani Kərimdə deyir ki, yaxşı əməl təkcə sizin üzünüzü məğribə və ya məşriqə çevirməniz deyil. Yəni Uca Allah insanlıq yoxdursa, bizdən nə namaz qəbul olunmaz, namaz yoxdursa, təkcə insanlıq da qəbul olunmaz deyir. Hamısı bir yerdə olmalıdır.

-Bu günləri din insanların əksəriyyətinin yadına daha çox yas mərasimlərində düşür. Sizcə, din insana hansı məqamda lazımdır?

-Tək qalanda… İnsanın Allaha inamı yoxdursa, tək qalanda çox şeyləri öz xeyrinə edə bilər. O ki, bilir ha – onu heç kim görmür, orda çox yanlışlıqlara yol verə bilər, orda başqa insanların haqqına çox girə bilər. Amma din olanda bilir ki, görən görür, yazan yazır, qeydiyyat gedir və bir gün hər bir əməlin haqq-hesabı sorulacaq.

Təkcə Azərbaycanda deyil, əslində sovet dövründən əvvəl burda Allaha və dininə bağlı insanlar bəlkə də çox olub?! Sovet dövründə insanlara həqiqi dinləri unutdurulub, çünki bildiyimiz kimi, Sovet dövründə din ümumiyyətlə qadağan olunmuşdu. İndi insanlar bacardıqları qədər din təbliğatı ediblər, unutmayıblar və unutmağa da qoymayıblar. Bəlli bir formada yenə də o din qalıbdır. Amma biz ümumilikdə bir azərbaycanlı kimi onsuz da bilirik ki, müsəlmanıq, yəni özümüzü doğulandan müsəlman hesab edirik və müsəlmançılığın da həqiqətən nə olduğu bəlkə bizə doğru-düzgün təbliğ olunmayıb. Ona görə də islamın, müsəlmanlığın sadəcə “dildə Allaha inanırıq” kəlməsi ilə yerinə yetdiyini düşünürük. Sadəcə onu düşünürük ki, əgər ölümüz ölübsə, gedib qəbrinin üstündə Quran oxumaqla və yaxud dəfn vaxtı mollanı çağırmaqla, məclisdə ərəb dilində Quranın oxunması və bu kimi məsələlər bizə kifayət edir ki, biz islamdayıq, dindəyik. Amma Uca Allahın dediklərinə baxanda görürük ki, bu, belə deyil. İslam dini yer üzünə məclis qaydalarını müəyyən eləmək üçün gəlməyib. Uca Allah peyğəmbəri sadəcə olaraq yasların idarə olunması üçün göndərməyib. Qurani-Kərimdə Uca Allahın çəkidə və tərəzidə aldadanlarla bağlı bir surəsi var; çəkidə və ölçüdə aldadanlar nə məscidin, nə də yas məclisinin içinə aid deyil. Bu, ticarət sahəsinə aiddir. Quranda belə mövzulara baxırsan və görürsən ki, bir çox sahələrə aid ayələr var. Deməli, Allah bu dini sadəcə olaraq yas məclislərinin idarə olunması üçün göndərməyib. Yəni İslam məscidin içində bitmir.

-Bu günləri Avropa ölkələrində İslam daha çox qadağa və haramlarla tanınır. Sizcə, niyə Avropa ölkələri müsəlmanları vəhşi kimi tanıyır?

-Qurani-Kərimdə belə bir ayə var. Fironla danışmağa gedən Musa Peyğəmbərə sual verilir ki, bizdən əvvəlkilərin halı necə olacaq? Musa Peyğəmbər Allahın peyğəmbəri olmasına baxmayaraq deyir ki, bu barədə bilgi məndə yoxdur, yalnız Allahdadır.

Bizim bir çox din xadimlərimiz bir sualın cavabını “bilmirəm” deməkdən çəkinib utanırlar. Amma həqiqətən bizim də bilmədiyimiz bir çox məqamlar var. Ona görə də sizin bu sualınıza mən sadəcə olaraq “bilmirəm” deyə cavab verəcəm. Bunun ən yaxşısını bilən Allahdır.

Ümumiyyətlə, İslam dininin İslamdan sonrakı dövrü qızıl bir dövr olub ki, İslam dünyasının İslam hakimiyyəti altında olan dövlətlərdə necə inkişaflar olubdur, onu biz tarixə baxanda görürük. Elm sahəsində, tikintisində, təbabətədə, astronomiyada necə inkişaflar olub. Bütün sahələrdə inkişaf olub, hətta bir çox böyük uğurlara belə İslam dininə mənsub olan alimlər imza atıblar. Tarixçi olmadığım üçün səhv edə bilərəm, amma oxuduğum belə bir məlumat var ki, 900-1000-ci illər arasında bir xəlifə olub. O xəlifə kitabxanasında olmayan elmi kitabları gətirən alimlərə kitab ağırlığında qızıl mükafatı verirmiş. Amma bu gün tərsinə olub. O vaxtı müsəlmanlar kitab, elm toplayarmışlar, bu günləri biz müsəlmanlar ancaq qızıl toplayırıq. O dövrdə biz müsəlmanlar alimlərə, elmə üstünlük verirdiksə, bu günləri biz müsəlmanlar məşhur şou-biznes insanlarına üstünlük veririk. Burda söhbət təkcə Azərbaycan müsəlmanlarından getmir, elə bütün dünya müsəlmanları da bura daxildir. Biz ən çox dəbdəbəli həyata üstünlük veririk, yəni müsəlmanların bu gün başı buna qarışıbdır. Vaxtilə müsəlmanların başı alimlərə qarışmışdı, xilafətin ərazisinə yer üzünün bütün bölgələrindən alimləri cəlb eləyirdilər, xilafət daha da möhkəm olsun.

Bu gün dünya coğrafiyasında müsəlman olan ölkələrin alimləri Qərbə gedir. Tarixi faktlar da təsdiq edir ki, İbn Sinanın yazdığı “Tibbin qanunu” kitabı təxminən 1700-1800-cü illərə qədər dünyanın bütün tibb təhsili verən müəssisələrində ən əsas ədəbiyyatlardan biri olub. Son 200-300 ildə dünyanın öndə gedən tibb təşkilatları guya belə bir qənaətə gəlirlər ki, İbn Sina çox səhvlərə yol verib və bu yolla kitabı daha da aşağı endiriblər, demək olar ki, ortalıqdan da yığışdırıblar. Hazırda dünyada tibbin hansı vəziyyətdə olduğunu hamımız görürük, hamımıza bəllidir. Əvvəllər təbii yollarla müaəlicə olunan xəstəliklərə bu gün insanlar minlərlə, milyonlarla pul xərcləyir, amma yenə də o xəstəliklərdən yaxa qurtara bilmirlər.

Bu gün müsəlmanlara hədislə deyirlər ki, ərəb dilini bilməsən də, oxuduğun bir hərf 10 savabdır. Çox təəssüf, bunu Azərbaycandakı din xadimlərimiz, öndərlərimiz söyləyir. Onlar kütlə qarşısında çıxış edirlər və onların öyrətdiyi budur ki, ərəb dilində bir hərfi desən 10 savab qazanacaqsan, onun mənasını bilməsən belə… Ona görə biz bu vəziyyətə gəlib düşmüşük, cahillik…

-Dünyada sünni və şiə ayrı-seçkiliyini edən daha çox kimlərdir?

-Allaha düşmən olan qüvvələr… Uca Allah Ali-İmran surəsinin 103-105-ci ayələrində birlikdən danışır və orda deyir ki, “Özlərinə aydın dəlillər gələndən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları şiddətli bir əzab gözləyir. Sizin sualınıza cavab olaraq mən belə deyə bilərəm ki, bu Allaha düşmən olan kəslərdir. Allahın Qurani-Kərimdə adlandırdığı bir firqə var ki, Allah onu “Allahın firqəsi” kimi adlandırır və başqa bir ayədə deyir ki, mən sizi bu kitabda da, bundan qabaqkı kitablarda da müsəlman adlandırdım. Sünnilik və şiəlik vahid bir yerə, varlığa, hökümdara xidmət eləyən bir partiyanın parçalanması nəticəsində yaranan bir neçə partiyadır.

Sünnilik və şiəlik sadəcə Allaha düşmən olan qüvvələr tərəfindən təbliğ olunan bir şeydir. İblis və ona xidmət eləyən o qüvvələr insanların vahid şəkildə Allaha xidmət eləməsini istəmirlər. Baxın maraqlıdır, həm sünnilər, həm də şiələr Allahı qəbul edir, onun peyğəmbərlərini və kitabını, mələkləri qəbul edir, haqq-hesab gününə də iman gətirir. Qurani Kərimdə imanın şərtləri budur, yəni 5 şərti var ki, buna da həm sünnilər, həm də şiələr riayət edir. Amma bir araya gələ bilmirlər, çünki aralarında pərəstiş elədikləri, sevdikləri şəxslər var ki, onların sevgisi şəxsiyyətədir, Allaha deyil. Əgər pərəstiş etmək Allaha aid olarsa, hər kəsi və hər şeyi kənara qoya bilərik. Və Allahın dini ətrafında birləşə bilərlər. Necə ki, Uca Allah Quranda Muhamməd peyğəmbərə buyurur ki, “kitab əhlinə de ki (yəhudi və xaçpərəstlər) bir-birimizi ilahiləşdirməyək, Allahdan başqalarına ibadət etməyək. Yəni hər şeyi qoyaq bir kənara və Allahın dini ətrafında birləşək. Videolarımızın birində də bu mövzuya toxunmuşduq. Peyğəmbər həyatda olsaydı, görün onun üstündə nə boyda böyük yük olardı. Allah-tala əmr etdi ki, əvvəlcə sünniləri bir-birinə birləşdirmək, sonra şiələri bir-birinə birləşdirmək, daha sonra sünnilərlə şiələri bir araya gətirərək birləşdirmək ki, sonra yəhudilərlə xaçpərəstləri birliyə dəvət edək.

-İlahiyyatçı Elşad Miri çıxdığı verilişlərin birində “Quran müqəddəs kitab deyil” fikirlərini səsləndirdi. Cəmiyyətdə böyük ajiotaj yaradıldı, bəs bu fikirlərə sizin münasibətiniz necədir?

-Qurani Kərimdə 2-3 ədəd böyük günah hesab olunan ayələr var ki, bu barədə sizə qısaca məlumat vermək istəyirəm. Onlardan biri içki və qumar, ikincisi nikahdan kənar münasibət olan zina, üçüncüsü sələmdir. Allah buyurur ki, “sələmə son qoymasanız bilin ki, Allah və onun peyğəmbəri sizə müharibə elan edib” deyə bir ayəsini buyurub (Əl-Bəqərə surəsi, 278/279).

Düşünürəm ki, Quranın müqəddəs olub və ya olmamasını, onun müqəddəs hesab edilib – edilməməsinin insanlara heç bir ziyanı yoxdur. Yəni bu günləri Quran müqəddəs hesab olunsa belə və yaxud müqəddəs hesab olunmasa belə, onun sizinlə bizə heç bir zərəri yoxdur. Siz istəyirsiniz müqəddəs hesab edin, mənsə onu müqəddəs hesab etməyim.

Amma sələmin insanlara nə qədər zərəri var?! Üzü də insanlara yox, bütün insanlığa zərəri var. İçkinin, qumarın, zinanın nə qədər böyük zərərləri var. Bunlar göz qabağındadır.

Allahın dinini öyrənən, araşdıran şəxslər daha çox bu mövzuların üstündə dursalar, araşdırsalar, təbliğ etsələr daha yaxşı olar. Uca Allahın əraf surəsində bir ayə var: Deyir ki, “Yer üzü islah olunduqdan sonra orda fitnə-fəsad törətməyin”. Amma biz əmin-amanlıq olan yerlərə də toxunuruq. Quranın müqəddəs olub – olmamağını kim necə istəyir qoy elə qəbul eləsin.

Bundan başqa, belə bir yazı gördüm. Həmin yazıda Elşad Miri bildirirdi ki, bu barədə cavab verəcək, sadəcə kitabının yazılmasını gözləyir. Mənə elə gəlir ki, bu mövzuya aid özünün kifayət qədər tutarlı bir dəlili var, inşallah onu verər, yəqin insanlar da ilahiyyatçının nəyi demək istəyib, nəyi demək istəmədiyini tam doğru başa düşərlər. Allah kərimdir.

-Çox sağ olun ki, dəvətimizi qəbul edib gəldiniz.

-Siz sağ olun! Allah razı olsun. Allah haqq yolda olan, haqqa yönələn bütün insanlara, haqqa tərəfə və haqqın dalınca gedən bütün insanlara rəhm etsin, mərhəmət etsin. Allahın bərəkəti onların üzərinə olsun! Amin!

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...