Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“Ateistlərə münasibətim çox pisdir”

İnsan elmli və maarifli olandan sonra dinini daha elmli yaşayır.

İctimai-siyasi fəaliyyətlə məşğul olan “Azəri-Türk” Qadınlar Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı dinlə əlaqəli müsahibə verib. Xatıladaq ki, müsahibə modern.az saytının “Siyasətçi və din” rubrikası üçün götürülüb. Din.az həmin müsahibəni təqdim edir:

– Qadınlar incə məxluqdur, bu incəliyin altında dayanan düşüncələr isə maraqlıdır. Ona görə də din kimi həssas bir mövzuda sizin fikriniz şəxsən məndə maraq yaradır. Tənzilə Rüstəmxanlı üçün din nədir?

– Millətlər, xalqlar müxtəlif dinlərə inanır, ona tapınırlar. Hər millət hansı dinə xidmət etməyindən asılı olmayaraq, mən buna sayğı ilə yanaşmışam. Şəxsən özüm çox inanclı biriyəm. Sovet dövründə bizim dinimizi qadağan etməyiblər, amma onu tam olaraq yaşamağa ehtiyatla yanaşıblar.

Mənim nənəmin namaz qıldığı yadımdadır. Ancaq hiss edərdim ki, bunu ehtiyatla edər. Nənəm türkiyəli idi. Babam radioya almünium məftildən antena düzəltmişdi. Babam onunla Türkiyə radio kanallarını tutmağa çalışardı ki, nənəm azan səsini duya bilsin, o səslə namaz qılsın. Amma SSRİ zamanında “sən müsəlmansan, bu dini yaşaya bilməzsən” deyə bir qadağa da yox idi. Ancaq hər halda bəzi sərhədlər var idi ki, ondan ehtiyat edirdilər…

Türkiyədə nəşr olunan bir çox kitabları oxuyandan sonra İslam dinini bütün gözəlliyi ilə sevdim

– Mən ateizm haqqında sovet nəşri olan kitablar oxumuşam. Hər şeyin kommunist ideologiyası ilə əlaqələndirilməsi məsələsini bir kənara qoyuram. Ancaq düşünürəm ki, elmi ateizm insanları elmə, maarifə yönləndirirdi…

– Sizin bu fikrinizlə razı deyiləm. Onsuz da elmli və maarifli olandan sonra insan dinini daha elmli yaşayır. Elm hər şeyin üstündədir. Bu tezis Quranda da qırmızı xətlə keçir. Oxumaq, elm çox önəmlidir. Amma mən dinimizin də elmi şəkildə tədris və təbliğ olunmasının tərəfdarıyam. İnsanlar dini anlayaraq, dərk edərək yaşamalıdır. Kortəbii dini yaşamağın bir anlamı yoxdur. Deyək ki, insan hər hansı bir surəni oxuyur. Onu anlayaraq, o surənin qaydalarını bilərək özünün həyat tərzinə çevirməsi daha gözəl deyilmi?! Dinin gözəlliyi bu zaman ortaya çıxır. Mən Türkiyədə nəşr olunan bir çox kitablarda İslam dininin necə gözəl, elmi şəkildə təbliğ edildiyini görmüşəm. O kitabları oxuyandan sonra İslam dinini bütün gözəlliyi ilə sevdim. Bu gözəlliyi həyat tərzinə çevirəndə daha yaxşı olur. Yoxsa, əyninə cübbə, başına üləma keçirib əlaqəsiz şeylər danışmaq İslam deyil. Onların dediklərinin İslam dininə heç bir dəxli yoxdur. Bir də görürsən ki, yas yerlərində molla, axund Qurandan, İslamdan danışır. Amma həmin adamın həyat tərzi İslam dininə tam ziddir. Belə məqamda o adamların Quranı əzbər bilməsinin heç bir mənası yoxdur. İslamı cahil mollaların əlinə vermək olmaz. Dinimizi cahil mollaların dilindən dinləmək olmaz. Dinin siyasətə bir nömrəli alət olmasını da günah hesab edirəm.

– Həm dediniz ki, inanclı birisiniz, həm də bildirdiniz ki, dini dərk edərək yaşamaq lazımdır. Tənzilə Rüstəmxanlı dərk edərək, o dini yaşayıbmı?

– Mən dinimi dərk edərək, onu sevərək, onun kurallarını həyat tərzimə daşıyaraq yaşayıram. Ən böyük inanc işi bilirsiniz nədir? Allah-təala buyurur ki, heç vaxt qul haqqı yemək olmaz. Bunun sorğu-sualı yoxdur. Qul haqqı yeməyə görə insan birbaşa lazım olan yerə göndərilir. Mən bütün həyatım boyu çalışdım ki, qul haqqı yeməyim. Bir tikə olanımı paylaşmağı çox sevən adamam. Bunları əslində deməzlər də, amma sualınız bunu deməyə vadar edir. Qonşu ac olanda, sən evində tox yatırsansa, bu da günahdır. Kiminsə haqqına girmək, kiməsə iftira atmaq, kiminsə bu böhtanlar nəticəsində həyatını qaraltmaq günahdır…

Mən özümü namaza hazır biləndə bu ibadəti edəcəyəm

– Tənzilə, xanım, sizinlə razıyam. Amma mənim sualıma tam aydınlıq gətirmədiniz. Yəni mən sualımda demək istədim ki, siz dini hökmləri yerinə yetirirsinizmi? Namaz qılıb, oruc tutursunuzmu?

– Mənim oğlum da, qızım da namaz qılır. Özü də çox kiçik yaşlarından. Mən özümü namaza hazır biləndə bu ibadəti edəcəyəm. Amma bu dəqiqə özümü buna hazır görmürəm.

– Qeyd etdiniz ki, dini cahil din xadimlərinin əlindən almaq lazımdır. Azərbaycanda sizcə, dini siz dediyiniz parametrlər çərçivəsində izah edən varmı?

– Azərbaycanda deyərdim ki, çox az din xadimi dini elmi şəkildə izah edir. Bəlkə də var, mən rastlaşmamışam. İslamı doğru-dürüst anlatsalar, dinimizdən qorxmazlar. İslamın adı gələndə bəziləri bunu terror dini kimi xarakterizə edir. Təəssüf ki, dini terrora alət ediblər. İslamın adını bir terror təşkilatına qoyub bu cür gözəl dinimizi qandan bəslənən bir din kimi tanıtmaq günahdır. İslam bu deyil. Bayaqkı sualınız mənim üçün çox maraqlı idi. Sual etdiniz ki, Tənzilə xanım, namaz qılırsınızmı?

Mən bu gün namaz qılan adamlar, xüsusən də xanımlar tanıyıram ki, gündə 5 dəfə namaz qılır, eləsi də var ki, başını gündə 3 dəfə möhürə qoyur, ibadət edir. Həmin qadınların başı möhürdən qalxan kimi neçə-neçə ocaqlar söndürdüyünün şahidiyəm. Necə evlər yıxırlar, necə göz yaşlarına səbəb olurlar – bunların şahidiyəm. Onlar elə bilir ki, o namazı qılmaqla bütün günahları bağışlanacaq. Dini bu cür həyat tərzinə çevirənləri qəbul edə bilmərəm.

– Belə bir fikirlər var idi ki, guya siz hicaba qarşısınız. Amma söhbət əsnasında məni fərqli fikrə gətirdiniz.

– Mənim aldığım tərbiyə ona imkan verməz ki, hicab əleyhinə fikir söyləyim. Amma mənim türk millətimin qadınının ta qədimdən özünəməxsus baş örtüyü olub. Mənim türk millətimin qadınlarının baş geyimi başqa olub. Mənim nənəm həmişə kəlağayını başına atardı. Anam həmişə yaylığını başına atardı, amma onun saçı da, üzü də görünərdi. Bu bizim örtüyümüz idi. Kimsə bizə məcbur etmirdi ki, başımızı örtək. İslam dininin gözəl xüsusiyyətlərindən biri odur ki, burada məcburiyyət yoxdur. İslama, onun qaydalarına sitayiş etmək könül işidir. Bu necə dinimizin qaydalarına uymaqdır ki, 7 yaşında, 13 yaşında qızın başını bağlayırsan və deyirsən ki, bu, onun hüququdur?! Təsəvvür edin, 7 yaşında qızın başını zorla bağlatdırırsan, sonra deyirsən ki, bu, onun haqqıdır.  O yaşda qız nə başa düşür ki, hicab nədir? Mən belə şeylərin əleyhinə olmuşam. Mən deyirəm ki, qız həddi-buluğ yaşına çatandan sonra başını örtüb-örtməmək barədə özü qərar versin.

Demişdim ki, məktəbli qızları məcbur etmək düzgün deyil. Mən bildirmişdim ki, hamı qara çarşaba bürünüb, məktəblərə getməsin. Biz bu çarşabdan 100 il bundan öncə imtina etmişik. Heç olmasa, Cəfər Cabbarlının “Sevil” əsərini oxusunlar. Çarşab və baş örtüyü qadının inkişafının, irəli addımının, özünü formalaşdırmasının, onların söz sahibi olmasının qarşısını almamalıdır.

– Atatürkün apardığı islahatlar dini sahəni də əhatə etmişdi. Amma onun bu addımları bəzi mühafizəkar çevrələrdə “top-tüfənglə” qarşılanır…

– Atatürk Osmanlıdan qalan, cahil və cəhalət içində boğulan xalqını çağdaşlaşdırmaq üçün əlindən gələni etdi. Onun bir çıxışı var, deyib: “Arkadaşlar, qadınlarımızın üzünü açmağından qorxmayın. Bizim qadınlarımız böyük iffət sahibidir”. O bu çıxışını parlamentdə edib. Özü də Lətifə xanımı da həmin iclasa gətirir. Lətifə xanım da çarşabsız o iclasda iştirak edir. Atatürk bu islahatları boşuna etməmişdi. Əgər o islahatlar olmasaydı, Türkiyə çağdaş olmayacaqdı. Ona görə də, Atatürk yad ölkələrin Türkiyənin quruluşunu dizayn etməsinə izn vermədi. O, bütün oxları öz üzərinə aldı. Bu gün İran İslam İnqilabını nümunə gətirirlər. Halbuki, bu, iranlıların öz daxilindən gələn inqilab olmayıb. Onun ipləri Fransada idi. Görün, İranı neçə il geri atdılar. Atatürk isə belə bir şeyə icazə vermədi.

– Təkrar müdaxilə edirəm. Bütün bunlara baxmayaraq, bəzi dini çevrələr Atatürkü sevmirlər.

– Bilirsiniz niyə sevmirlər? Çünki cahil xalq həmin dindar çevrənin işinə yarayırdı. Atatarük məhv olmuş bir Osmanlıdan yeni bir dövlət qurdu, türk millətini xilas etdi. Atatürkü sevməyən heç bir türk yoxdur.

Din xadimləri qarışıq, onu sevməyənlər türk olmayanlardır. Atatürk türk kimliyini dövlətə qazandırdı. Onu qazandıran bir lideri o dövrün üləmaları, dindarları niyə sevsin ki?! O dövrün üləması, xəlifəsi qalxıb fətva verirdi ki, Atatürkün yanında yer alıb ingilislərə qarşı savaşanlar imansızdır. Belə adamlar Atatürkü sevə bilərdimi?!

Bu gün də onların nəsil şəcərəsi, çevrəsidir ki, Atatürkü sevmirlər. Atatürkü sevməyən türk millətinin qurtuluş savaşından öncəki durumunu istəyənlərdir. Səmimi dindarlar isə Atatürkə çox böyük önəm verirlər. İndi mən sizə bir sual verim.

– Buyurun.

– Siz bilirsiniz ki, Yaponiyanın səfiri ilə Atatürk arasında hansı söhbət keçib?

– “Hə” desəm, yalan olar.

– Deməli Yaponiyanın Türkiyədəki səfiri ilə Türkiyənin Yaponiyadakı səfiri Atatürkün yanına gəlir. Yapon səfir deyir ki, Yaponiyada elə bir kənd var ki, Günəş doğarkən ilk şüaları o kəndə düşür. Atatürk Türkiyə səfirinə tapşırıq verir ki, Günəşin ilk şüalarının düşdüyü yerdə bir məscid tikilsin. Atatürk bu məscidi öz vəsaiti hesabına tikdirir. Bundan sonra kim qalxıb Atatürkə imansız deməlidir? Onu deyənin özü, imansız, dinsizdir.

– Atatürkə olan bəzi neqativ baxışları Babəkə qarşı da müşahidə edirik. Bilmirəm dindarların çoxunun Babəkə nifrət etməsinin altında hansı mətləb yatır. Siz bilirsinizsə,  deyin.

– Babəkə və Atatürkə niyə xoş münasibət bəsləmirlər? İzah edim. Babək 25 il ərəb xilafətinə qarşı qılınc çəkib. Babək məgər qılıncını İslam dininə qarşı çəkmişdi? Qətiyyən. O, işğalçılara qarşı savaşırdı. Babək ölkəsinə silahla gələn, o dini zorla qəbul etdirmək istəyən ərəb istilaçılarına qarşı vuruşurdu. O, işğala qarşı duran əsl milli qəhrəmandır. Onun öz dini var idi. Hanı İslamda məcburiyyət yox idi? Bəs niyə zorla öz dinlərini Babəkə qəbul etdirmək istəyirdilər? Babək zülmə və zorakılığa sinə gərmişdi.

– Kortəbii şəkildə Babəki “topa tutanlar”la müzakirə aparmağa dəyməz. Amma məsələ burasındadır ki, bəzi ictimai-siyasi fiqurlar arqumentlər ortaya qoyaraq, Babəki qəhrəman kimi qəbul etmirlər. Məsələn, biri deputat Fazil Mustafadır.

– Fazil bəy çox savadlı adamdır. O elmi, tarixi yaxşı bilir. Həm də dini elmi şəkildə yaşayan adamdır. Səmimi, inanclı bir insandır. Mən bu sözləri altını qırmızı xətlə cizərək deyirəm.

Amma biz onunla bəzi məsələlərdə eyni şeyləri düşünmürük. Onun Babək və Şah İsmayılla bağlı fikirlərini bölüşmürəm. Fazil Mustafanın xətrinə dəyməsin ki, Tənzilə Rüstəmxanlı müsahibədə niyə onu müzakirə edir…

– Məncə xətrinə dəyməz, açıq fikirli, tənqidə dözümlü şəxsdir.

– Fazil Mustafanın özü də bilir ki, mən onun Babək və Şah İsmayılla bağlı düşüncəsini qətiyyən qəbul etmirəm. Onun yanaşmasını yanlış hesab edirəm. O günü bu günlə müqayisə etmək indi asandır. O gün “kim nə yanlış edib?” deyə bu gün sən daşı-daş üstə qoymadan onu müzakirəyə qalxarsansa, bu yanlışdır. Babəkə qarşı fikir səsləndirənlərin çoxunun oxuduğu kitablar ərəb və fars müəlliflərinindir. Təəssüf ki, bu millətin tarixini özümüzünkü də yazmayıb ki, gerçəyin nə olduğunu bilək. Ona görə də mən tarixi şəxsiyyətlərin bu günün gözü ilə müzakirə edilməsinin, bəzən də təhqirə səviyyəsində tənqid olunmasının əleyhinəyəm.

– Məncə, tarixi müzakirələrə son qoyub başqa suallara keçmək zamanıdır. Sizə bu sualı ünvanlamazdan qabaq hiss edirəm ki, “buna da hazır deyiləm” cavabını verəcəksiniz. Bəlkə də səhv düşünürəm. Söhbət Həcc ziyarətindən gedir. Nə zamansa Həcc ziyarətinə getməyi düşünürsünüzmü?

– Mütləq Həcc ziyarətinə gedəcəyəm.

– Tarixini niyə gizli saxladınız?

– Yəqin ki, bu yaxınlarda olmasa da, gedəcəyəm. Mən oğlumla bərabər Həccə getməyi düşünürəm.

– Dediniz, qızınızla oğlunuz ibadət edirlər…

– Əslində bunun mətbuata çıxmasının əleyhinəyəm. Bilirsiniz niyə? Çünki ibadət onlarla Allah arasında olan işdir. Mənim oğlum da, qızım da qətiyyən sevmir ki, bu mövzuda danışsın. Deyirlər bunu kiməsə göstərmək, reklam etmək lazım deyil. İnsanlar dini inanclarını göstəriş üçün nümayiş etdirməməlidirlər. Yaxşılıq da, əl tutmaq da belədir. Əgər kiməsə yaxşılıq edirsənsə, bunu səninlə Allahdan başqa kimlərinsə bilməyinə şərait yaratmaq lazım deyil.

Bəziləri isə, hətta özlərinə din xadimi deyənlər İslamı sapıklık dərəcəsi ilə eyniləşdirir. Əslində bunlar İslamı gözdən salmaq istəyənlərin layihəsidir. Türkiyə mətbuatından oxudum. Üzr istəyirəm, orta məktəbə gedən ibtidai sinif şagirdinin guya, kişilərdə şəhvət yaratması barədə mənasız bir yazı idi. Onu deyən alimin yeri qara torpaqdır. Elə adamlar torpağa girsin ki, onların ayıbı örtülsün.

– Mən bilirəm ki, həyat yoldaşınız Sabir Rüstəmxanlının dinə münasibəti birmənalı deyil. Deyəsən bu, onun qatı türkçü olmasından irəli gəlir.

– Xeyr. Sabir bəy də mən dediyimi deyir. Sabir bəy “Oğuz xan”ı yazan kişidir.  Sabir bəy burada çox böyük mətləblərə toxunur. Ərəb gedib bütlərə sitayiş edirdi, diri-diri qız uşaqlarını basdırırdı. İslam o millətə gəldi ki, onlar azmışdılar. Allah Qurani-Kərimi nazil etdi ki, ərəblər islah olunsun. Amma biz türklər İslamı sevə-sevə qəbul etdik. İslam dininə ən böyük xidməti türklər etdi. İslamın bayrağını min illərdir daşıyan türk millətidir. İslamı ən gözəl şəkildə yaşayan da türk milləti olub.

– Mən bir çox müsahibimə bu sualı verirəm. Cənnət və cəhənnəmi Quranda təsvir edildiyi kimi qəbul etmək olarmı?

– Sizə bir məsləhət verim. Ümumiyyətlə, çalışın, belə sual verməyin. Nə olursa-olsun, dünyanın neçə minillik təcrübəsi var. Hamımız dünyanın fani olduğunu gözəl bilirik. Mən əbədi dünyaya çox inanıram. İnsanlar bu dünyada hər şeyi yaşamağa çox həvəslidirlər. Bəziləri niyə elə düşünür ki, cənnəti və cəhənnəmi o dünyada yaşayacağıq? Allah bəzən hər ikisini bu dünyada yaşadır. Bəzilər öz əməllərinə görə elə əzablar görür ki…

– Sovet zamanında təhsil almısınız. Məktəbdə tədris olunan “elmi ateizm” heç sizin düşüncələrinizə şübhə toxumu səpmişdimi?

– Qətiyyən. Heç vaxt belə bir şey olmamışdı. Amma yenə deyirəm, mən aşırı dinçi deyiləm.

– Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətində özünü elə məqamlar göstərir ki, bu qurumun bir çox şeydə dominant olduğu üzə çıxır.  

– İstər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, istərsə də Qafqaz Müsəlmanları İdarəsinin hərəsinin öz təyinatı üzrə funksiyaları var. Bu gün Qafqaz Müsəlmanları İdarəsi olmasa, Azərbaycan digər dinlərin təcrübə poliqonuna çevrilər. Məndə olan bəzi məlumatlara görə, Qafqaz Müsəlmanları İdarəsi çox təhlükəli məqamların qarşısını alır. 1996-cı ildə Bəhai dininin nümayəndələri ilə vəhhabilər bura “hücum” etmişdilər. Yadıma gəlir, Kanadadan bir qadın dəvət etmişdim. Gəldi dedi ki, bəhaiyəm. O bəhailəri axtarmağa başladı. Dedim sən nə danışırsan, burda məgər bəhai var? Mən Qafqaz Müsəlmanları İdarəsinə yazdım ki, bu məsələyə diqqət etsinlər. Dediyim odur ki, o vaxt bu qurum çox işlər gördü. İndi də görür. Mənə elə gəlir ki, Allahşükür Paşazadə bu məsələlərdə çox həssas adamdır. Amma nöqsanları, yanlışları da demək lazımdır.

Din.az-ın qeydi: Bəhai dini icması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçmiş dini icmadır.

– Allahşükür Paşazadə ilə şəxsən tanışlığınız varmı?

– Tədbirlərdə salamlaşıb, hal-əhval tutmuşuq. Mənim bir dövlət əxlaqım da var. Mən o adama həmişə böyük hörmətlə yanaşmışam.

– Bayaq dediniz ki, Həccə getməyi planlaşdırırsınız. Bəlkə Sabir bəyi özünüzlə aparmağı fikirləşirsiniz?

– Yox, belə bir şey düşünmürəm. Onun gəlib-gəlməməsi özünə bağlı olan məsələdir. Sabir bəy Həccə getməsə belə, o qədər gözəl işlər görüb ki… O, Həccin gətirəcəyi hər şeyi çoxdan qazanıb. Onun bu millətə etdiyi xidmət Sabir Rüstəmxanlı üçün kifayətdir.

– Hər bir ailədə adi müzakirələrdən bəzən mübahisə yaranır. Sizin də həyat yoldaşınızla müzakirələriniz zamanı aranızda mübahisə düşübmü?

– Dini mövzularda olmasa da, başqa məsələlərdə olub. Bizim işimiz-gücümüz evimizdə dinimizi müzakirə etmək deyil.

– Mən ümumiyyətlə dedim.

– Mübahisəmiz çox olur.

– Bu mübahisə küsməyə gətirib çıxarırmı?

-Açığı,  mübahisələrimiz küsmək həddinə gəlib çıxmır. Sabir bəy bilir ki, mən boş bir şey üstündə mübahisə etmərəm. Bütün mübahisələrim onu qorumaq üçündür (gülür).

– Dünyada dinə inanan kəsimlə yanaşı, Allahı və dini tanımayan cərəyanlar da mövcuddur. Ateistlərə münasibətiniz necədir?

– Ateistlərə münasibətim çox pisdir.

– Niyə?

– Çünki, Allahı, Yaradanı inkar edirlər. Onların heç bir arqumenti ola bilməz. Ateistlər özləri bilər, amma bu dünyada heç bir şey boşuna yaradılmayıb. Özləri bir qarışqaya can verə bilməzlər. Nəyə söykənir-söykənsin, insanın Yaradanı inkar etməyə haqqı yoxdur. Ateistlər mənim gözümdə çox böyük məsafədədirlər.

– Tutaq ki, ateist olduğumu desəm, mənimlə söhbət etdiyinizə peşman olarsınızmı?

– Qətiyyən peşman olmaram. Siz ateist olduğunuzu öncədən desəydiniz belə, bu müsahibəni verəcəkdim. Sonradan desəydiniz də, peşman olmazdım. Amma heç zaman imkan verməzdim ki, müsahibənin gedişatında Yaradanı inkar edən bir nüansa toxunulsun. Amma mən ciddi mənada ateistlərə pis baxıram. Bu mənada ki, onları yanlış hesab edirəm, amma dışlamıram.

– Bu xalqın maariflənməsində böyük xidməti olan Mirzə Fətəli Axundov da ateist olub axı…

– Buna görə də demişdi ki, onu heç bir dinə uyğun dəfn etməsinlər. Axundovun dinləri inkar etməsi onun dövlət adamı olmasını və ədəbiyyat dünyasındakı böyüklüyünü inkar etməz.

– Bu sualımdan inciməyin. Hamının onsuz da bir sonu var. Siz son mənzilə necə yola salınmanızı istəyirsiniz? Adam var ki, yandırılmasını istəyir.

– Yandırılmasını istəyənlər də onların inancının gərəyini arzulayırlar. Mən tam İslam qaydasında, oğlumun çiynində bu dünyadan getməyi arzulayıram.

Aqşin KƏRİMOV

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir