Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Azərbaycanda falçılarla savaş başladı

Share Button

Artıq vətəndaş aldadılaraq inamından sui-istifadə edilməsi, pulunun mənimsənilməsi kimi dələduzluq faktı ilə üzləşibsə, hüquq-mühafizə orqanlarına müraciət edə bilər.

İşbazların əməllərinə düçar olmuş şəxslər çox az hallarda bu əməlləri etiraf edir və aldadıldıqlarını bacardıqları qədər hər kəsdən gizlətməyə çalışırlar.

“Din.az” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdir müavini-mətbuat katibi Bəhruz Müslümovun Trend-ə müsahibəsində deyib.

_AZpressAZ_behruz_muslumov

Qurum rəsmisinin sözlərinə görə, ölkədə falçılığa görə yox, onun nəticəsində yaranan dələduzluq faktına görə cinayət nəzərdə tutulub:

“Hər hansı əməlin qadağan olunması və ya həmin əməlin sonundakı nəticənin qadağan olunması tamamilə fərqli şeylərdir. Bizim qanunvericiliyimiz falçılığı, ekstrasensliyi qadağan etmir, yalnız bunun nəticəsində yaranan dələduzluq faktına görə cinayət nəzərdə tutulub. Mübarizədə söhbət falçılıqdan, ekstrasenslikdən deyil, bu ad altında dələduzluq edən fırıldaqçıların fəaliyyətindən gedir. Əslində, biz bu fəaliyyəti qadağan etdiyimiz anda fövqəltəbii gücə sahib olduğunu iddia edən şəxslərin hüquqlarını sual altına qoymuş oluruq.

Məsələn, beynəlxalq təcrübəyə baxsaq Rusiyada ekstrasenslərin sertifikatlaşdırılması institutu mövcuddur. Hazırda da ekstrasenslərin rəsmi sertfikatlaşdırılması prosesi gedir. Bu ondan xəbər verir ki, hazırda ekstrasenslərin könüllü olan sertifikatlaşdırılması bir müddət sonra məcburi ola bilər. Bu insitutun formalaşması ekstrasenslik adı altında fırıldaqçılıq fəaliyyəti göstərənlərin işini xeyli çətinləşdirəcək. Bu halda, müvafiq olaraq sertifikat almış ekstrasenslər, parapsixoloqlar yenə öz fəaliyyətini davam etdirəcək. Qanuna müvafiq olaraq vergisini ödəyib xidmət göstərəcək. İş tapa bilməyib bu ad altında fırıldaqçılıq edənlər isə qanuna uyğun olaraq cəzalandırılacaqlar. Belə ki, lisenziyasız fəaliyyət göstərən şəxslərin əməllərinə müvafiq cəzalar tətbiq ediləcək.

Vətəndaş aldadılaraq inamından sui-istifadə edilməsi, pulunun mənimsənilməsi kimi dələduzluq faktı ilə üzləşibsə, hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Dələduzluq faktı əsasında falçılıq fəaliyyəti ilə məşğul olan və saxtakarlıq edərək əhalinin pulunu mənimsəyən şəxslərə qarşı cinayət işi qaldırılır. Mənimsənilən məbləğ 100 manatdan yüksəkdirsə, yəni böyük ictimai təhlükə törətməyən dələduzluq faktı zamanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1 maddəsinə əsasən 100 manatdan 700 manatadək cərimə, 360 saatdan 480 saatadək ictimai işlərə cəlb oluna və ya 2 il müddətinə azadlıqdan məhrum edilə bilər. Əgər vətəndaşın 3000 manatdan – 10000 manata qədər pulu mənimsənilibsə, falçılıqla məşğul olan şəxsi həmin məcəllənin 178.2.4 maddəsinə əsasən 3 min manatdan 5 min manatadək cərimə və ya 3 ildən 7 ilə qədər azadlıqdan məhrum edilmə cəzası gözləyir. Külli miqdarda dələduzluq faktıdırsa, yəni 10 min manatdan yuxarı məbləğdə dələduzluq faktı qeydə alınıbsa, bu zaman təqsirləndirilən şəxsi həmin məcəllənin 178.3.2 maddəsinə əsasən 7 ildən 10 ilə qədər azadlıqdan məhrum edilmə cəzası gözləyir. Həmçinin dələduzluq nəticəsində mənimsənilən məbləğ 100 manatdan aşağıdırsa, bu halda da şəxs cəzadan kənarda qalmır. Dələduzluq əməlini törətmiş şəxsə qarşı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə cəza tətbiq edilir.

Dələduzluq yolu ilə özgəsinin əmlakını 100 manata qədər talamağa görə iki yüz manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Bu cür əməllərdə əsas problem əməlin latent (qapalı) olmasıdır. Belə ki, zərərçəkmiş şəxs ya aldadılması faktını, ümumiyyətlə, qəbul etmir, qəbul etdiyi təqdirdə isə ictimai qınaqdan çəkinərək müvafiq qurumlara şikayət etmir. Nəticədə bu cür işbazların hərəkət arealı genişlənir və zərərçəkmişlərin sayı artır. Şikayətin çox sadə prosedur qaydası var ki, dələduzluğa məruz qalmış şəxslər “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq yazılı, şifahi və elektron formada müraciət edə bilirlər. Hər bir halda, burada zərərçəkmiş şəxs şikayətdən çəkinməməlidir. Bu növ şəxslərə qarşı mülki qaydada iddianın verilməsi də istisna edilmir.

2009-cu ildə “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Əsasnamə”sinin 7.9-cu bəndinə edilmiş əlavə və dəyişikliyə görə müvafiq inzibati xətalar haqqında işlərə baxmaq Dövlət Komitəsinin vəzifələrindən biridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi yeni qəbul olunduğu üçün orada bəzi xətalarla bağlı protokolun hansı qurum tərəfindən tərtib edilməsi ilə bağlı hazırda iş aparılır. Düşünürəm ki, 227-ci maddə ilə bağlı inzibati protokol tərtib etmək hüququ Dövlət Komitəsinə də verilərsə, bu hallara qarşı mübarizə daha da intensivləşdirmək mümkün olar”.

B.Müslümov heç bir İlahi dinin falçılığı və cadugərliyi qəbul etmədiyini bildirib:

“Bütün dinlər falçılığı və cadugərliyi şeytan əməli hesab edir. Məsələn, yəhudilərin müqəddəs kitabı Tövratda “Gizli şeylər Allahımız Rəbbindir” (Təsniyə, 29/29) cümləsiylə qeyb bilgisinin Allaha aid olduğu və bundan uzaq olmağın vacibliyi bildirilmiş, “Aramızda falçı, münəccim, sehirbaz, əfsunçu, cindar, baxıcı, ölülərlə məsləhətləşən olmayacaq” (Təsniyə, 18/10-11) – deyilərək bunlar qadağan edilmiş, bu işlərlə məşğul olanların öldürülmələri əmr olunmuşdur (Levililər, 19/31; 20/6, 27).

Xristianlığın müqəddəs kitabı Əhdi-Cədiddə falçılıqla bağlı məlumatlar olduqca azdır. Buna baxmayaraq, Əhdi-Cədidin “Rəsulların işləri” bölməsində xristian olmayanlar arasında sehirbaz və falçılarla bağlı məlumatlar verilmiş, onların əməlləri tənqid edilmişdir.

İslam dininin müəqqdəs kitabı Qurani-Kərimin “Maidə” surəsinin 90-cı ayəsində qeyd edilib ki, “Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!”.

Fala baxan şəxs qeybi (gələcəkdə baş verəcək hadisələri) bildiyini iddia edir. Qeybi bildiyini iddia edən şəxs Allahın nazil etdiyi “Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!” (Ənam, 59) ayəsini inkar etmiş olur.

Bütün dinlərin, xüsusilə də İslamın falçılıq və bu kimi fəaliyyətləri qadağan etməsinə baxmayaraq, təəssüf ki, günümüzdə falçılıq və ona inananlar hələ də qalmaqdadır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir