Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Azərbaycanda nümunəvi qəbiristanlıqlar…

Həmin məzarlıqlar əkin üçün yararlı torpaqlarda salınmayacaq

Seyid Camal Əzimbəyli: “Nümunəvi qəbiristanlıq”lar əhalinin yaşadığı ərazilərdən kənarda salınmalıdır”.

Məzar yerləri ilə bağlı qanun layihəsi artıq hazırlanıb və müvafiq dövlət strukturlarına təqdim edilib. Həmin strukturlar bu layihəyə baxıb öz rəyini bildirməlidir. “Qəbiristanlıqların yaradılması və idarə olunması” haqqında qanuna “nümunəvi qəbiristanlıq”lar layihəsinin salınması gözlənir.

“Din.az” xəbər verir ki, bu barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi mediaya məlumat verib. Məlumata əsasən, “nümunəvi qəbiristanlıq”lar layihəsində bir sıra amillərə diqqət yetiriləcək:

“Həmin məzarlıqlar su hövzələrində və əkin üçün yararlı torpaqlarda salınmayacaq. Bundan başqa, yaşayış yerlərindən ən az 300 metr aralıda olmalıdır. Həmçinin, kəndin, qəsəbinin, yaxud mikrorayonun yaxınlığında və ya ortasında da ola bilməz. Çünki bu məzarlıqlar yaşayış yerlərinin ətrafında salındıqda bir sıra problemlər ortaya çıxır. Məsələn, bəzi insanlar var ki, onlar müəyyən xəstəliklərlə xəstələnib öldükdən sonra məzarlıq yaşayış yerinə çox yaxın ərazidə yerləşdikdə, xəstəlikdən ölmüş şəxsin meyitinə müəyyən qrunt suları toxunur, həmin su sonradan ümumi içməli su ilə qarışır və müəyyən gigiyenik problemlərin yaranmasına səbəb olur”.

Qeyd edək ki, bir neçə il öncə Bakıda “nümunəvi qəbiristanlıq” yaradılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti qarşısında boş torpaq sahəsinin ayrılması məsələsi qaldırılmışdı. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) “nümunəvi qəbiristanlıq”la bağlı paytaxt ərazisində boş torpaq sahəsinin ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi.

Tanınmış şərqşünas Seyid Camal Əzimbəyli bizimlə söhbətində bildirdi ki, qəbir yerlərinin proqramlı şəkildə tənzimlənməsi ölkə əhalisinin mənafeyinə uyğundur: “Qəbir yerlərinin tənzimlənməsi ilə bağlı Dini Qurumlarla İş üzə Dövlət Komitəsinin xüsusi təklifi var. Həmin təklifdə məzar yerlərinin standart olması qeyd olunur”.

Həmsöhbətimizin sözlərinə görə, nümunəvi qəbir yerlərinin olması vacibdir: “Türkiyədə məzar yerlərinin verilməsi məsələsinə birbaşa bələdiyyələr nəzarət edir. Bələdiyyələr məzarların nizamlı şəkildə olmasına diqqət yetirir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, “nümunəvi qəbiristanlıq”lar əhalinin yaşadığı ərazilərdən kənarda salınmalıdır. Bir çox ölkələrdə “nümunəvi qəbiristanlıq”lar mövcuddur. Onun fikrincə, belə bir layihə bizdə də gerçəkləşdirilməlidir.

Günel Cəlilova

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir