Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

AZƏRBAYCANDA ÖZÜNÜ MEHDİ ELAN EDƏN ŞƏXSLƏR – ƏSL MEHDİ KİMDİR? – ARAŞDIRMA – VİDEO

Son illərdə Allahdan ilahi vergi aldıqlarını iddia edənlərin sayı artıb.

Son zamanlar Azərbaycanda özünü övliya, Allahdan ilahi vergi qəbul edən şəxslər kimi qələmə verənlərə tez-tez rast gəlirik. Belə insanların ən çox istifadə etdikləri məqam isə özlərinin Mehdi olduqlarını sübut etməyə çalışmalarıdır. Onlar yazılı və videomüraciətlərlə insanlara sübut etməyə çalışırlar ki, bir zamanlar qeyb olduğu və qiyamət öncəsi zühur edəcəyi iddia olunan Mehdidirlər, bəşəriyyəti gözləyən bəlalar haqqında insanları məlumatlandırmağa gəliblər.
Diqqət çəkən məqam isə bu iddiada olan əksər insanların ifadələrindəki bəsitlik, onların hər kəs tərəfindən dilə-dişə düşməsi, lağa qoyulmasıdır.

“Din.az” “A24.Az”a istinadən, bu zamandək özünün Mehdi olduğunu deyən, bunu müxtəlif yollarla sübut etmək istəyən şəxslər və “Mehdilik” haqqında araşdırmanı təqdim edir.

Mehdilik iddiasına düşən azərbaycanlılardan biri Quba rayonun Amsar kəndində yaşayır. 52 yaşlı Şükrü Fətəliyev kəndin yaxınlığındakı sakinlər tərəfindən inanc yeri kimi qəbul olunan “Babagörükən” adlı yerdə yaşıl taxta qılınc və yaşıl paltarda durur. Taxta qılıncının ucu haçadır. Və o iddia edir ki, mələklərin, Həzrəti Cəbrayılın müşayiəti ilə Allah dərgahına qalxıb və övliyalıq qazanıb. Şükrü onu da deyir ki, Məhəmməd peyğəmbər yuxusuna girərək ona Mehdi olduğunu deyib və bəşəriyyətin taleyini ona tapşırıb. Hazırda Şükrü Fətəliyev özünü Mehdi sayır:

Özünü Mehdi elan edən digər bir şəxs isə Sumqayıt sakinidir. Onun 39 yaşı var. Paylaşılan videoda onun adı soyadı
göstərilməsə də, həmin şəxs insanlara müraciət edərək, onun ətrafında toplaşmalarını istəyir:

Digər bir azərbaycanlı isə Mehdi olduğunu rus dilində elan edir. İmran Əliyev (Muhammedli) adlı şəxs 2 il əvvəl Allah tərəfindən vəhy aldığını iddia edir. O, hətta deyir ki, İsa peyğəmbər də Rusiyada zühur edib və hazırda Rusiya prezidenti kimi tanınan Vladimir Putindir.

Kazım Əziz adlı şəxs də Azərbaycanda Mehdi olduğunu iddia edənlərdəndir. Digər şəxslər kimi təkcə bədənində deyil, paltarında da iddiasına uyğun işarələr olduğunu deyir; məsələn qalstukundakı “kral” yazısının Mehdiliyin sübutu olduğunu düşünür.

Bütün bunlarla yanaşı Türkiyədə və dünyanın müxtəlif yerlərində özlərinə İsa peyğəmbər və Mehdi kimi qələmə verən onlarla şəxs olub. Onlardan bəziləri hətta bu iddialarını elə amillərlə əlaqələndiriblər ki, ətraflarına müəyyən qədər tərəfdarlar da toplaya biliblər.

Bəs, əsl Mehdi kimdir? O zühur edəcəkmi? Azərbaycanda zühur edə bilərmi? Ümumiyyətlə “Qurani-Kərim”də bu barədə nə deyilir?

İlahiyyatçı Elşad Miri “A24.Az”ın müvafiq suallarına cavab olaraq bildirib ki, “Qurani-Kərim”də bu barədə, yəni Mehdi ilə bağlı bir kəlmə də qeyd olunmayıb.

“Bəzi insanlar Qurani-Kərimin müxtəlif ayələrinin Mehdiyə işarə olduğunu sübut eləməyə çalışsa da, bu barədə, ümumiyyətlə qiyamətin əlamətləri ilə bağlı “Quran Kərim”də heçnə qeyd olunmayıb. Bunula yanaşı bu günə qədər dünyaya yüzlərlə Mehdi gəlib, gedib. Mehdi sözünün mənası hidayət olunan deməkdir. Müsəlmanlar özlərini hidayət olunanlar hesab edirsə, hər bir müsəlman Mehdidir. Əsas məsələ insanın Mehdi sözünü hansı mənada qəbul etməsindədir. Məşhur Bosniyalı siyasətçi, ölkənin ilk prezidenti Aliya İzzetbeqoviçin fikrincə “Mehdilik tənbəlliyimizin adıdır”. Bəzən uşaqlar belə bir ifadə işlədir: “Gözlə, atam gəlsin, gör sənə neyləyəcək!”. İndi biz də başqalarının müsəlmanlara elədiklərinə deyirik ki, “Gözləyin, Mehdi gəlsin, görün axırınıza necə çıxacaq?” Yəni, bu məsələnin İslamla heç bir əlaqəsi yoxdur”.

İlahiyyatçı onu da qeyd edir ki, digər dinlərdə də gözlənilən bir məsih olub.

“Bu anlayış Buddizmdə də var, Yəhudilikdə də var, Xristianlıqda da. Amma İslamda yoxdur. Çünki onların gözləyəcəyi məsih sonuncu peyğəmbərdən sonra gələcək bir peyğəmbərin müjdələnməsi demək olardı. Amma Məhəmməd peyğəmbər özündən sonra gələcək bir peyğəmbəri müjdələməyib. Təsəvvür edin ki, bu gün Mehdi gəldi. O, namazı əlləri açıq qılsa, sünnilər onu qəbul etməyəcək, əlləri qapalı qılsa, şiələr qəbul etməyəcək. Ona görə də Mehdini gözləməkdənsə, Allahın Qurani-Kərimdə bizə buyurduğu, bizdən tələb etdiyi bütün müddəlara əməl etməliyik. Mehdi gələcəksə, onda İsa necə gələcək? Yəni bütün bunlar imperializmin, bəzi qüvvələrin Mehdilik anlayışından istifadə edərək insanlardan yararlanması üçün mövcuddur”.

Elşad Miri onu da əlavə edir ki, nəinki “Qurani Kərim”də, sünnilərin Qurandan sonra ən mötəbər saydıqları iki mənbədə – Buxari və Muslimin qeydlərində də Mehdiliklə bağlı bir kəlmə də olsun məlumat yoxdur. “Bunlar sonradan yaranmış iddialardır. Hətta bu iddiaların içində “İsa da zühur edəcək, Mehdi də və İsa gəlib Mehdinin arxasında namaz qılacaq” kimi gülünc iddialar da var”, -deyə ilahiyyatçı əlavə edib.

Sərdar Amin

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...