Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“Azərbaycanda radikalizmlə mübarizə aparan güclü qurumlar var” – Millət vəkili

Ölkədə dini radikalizmə qarşı xüsusi tədbirlər görülür.

“Ölkəmizdə qanunvericiliyin icazə verdiyi sərhədlər çərçivəsində heç kimin dini etiqadına, inancına qarışılmır və təqib edilmir. Lakin din altında kənar qüvvələrin sifarişi ilə ölkədə təxribat xarakterli addımlara cəhd edən şəxslər qanun çərçivəsində ən ağır şəkildə cəzalandırılmalıdır”.

Din.az bildirir ki, bu sözləri Publika.az-a millət vəkili Elman Məmmədov ölkədə dini radikalizmə qarşı aparılan tədbirlərdən danışarkən deyib. Onun sözlərinə görə, ölkədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində bu istiqamətə xüsusi diqqət ayrılıb:

“Hörmətli komitə sədri Mübariz Qurbanlının rəhbərliyi altında bütün əməkdaşlar olduqca peşəkarcasına bu istiqamətdə tədbirlər görürlər. Qafqaz Müsəlmanları İdarəsi, Milli Məclis və digər qurumlar, təşkilatlar, hətta QHT-lər belə bu istiqamətdə maarifləndirici tədbirlər apararaq radikalizm elementləri əks etdirən proseslərin qarşısını almağa çalışırlar. Ölkədə dini, irqi, etiqad azadlığı mövcuddur. Azərbaycanda heç kim dininə, dilinə görə nə təqib olunmur, nə də sıxışdırılmır. Lakin təbii ki, bütün bunlar o çərçivədə sərbəstdir ki, Azərbaycan Respublikasının qanunvericiliyində qeyd edilən müddəalar pozulmasın. Tək şərt budur. Qanuna zidd hərəkət edən şəxs isə kimliyindən asılı olmayaraq məsuliyyətə cəlb olunmalıdır. Ölkədə elə bir rayon, kənd yoxdur ki, orada məscidlər fəaliyyət göstərməsin. Hətta elə rayonlarımız var ki, orada birdən çox məscid fəaliyyət göstərir. Yəni ibadət yerləri cəmiyyətə açıqdır. Hətta ölkəmizdə dini təhsilə də hörmətlə yanaşılır. Universitetlərimizdə ilahiyyət fakültələri var idi, indi də ayrıca İlahiyyət İnstitunun fəaliyyətə başlaması gözlənilir. Burada din xadimlərinin üzərinə ciddi iş düşür. Məscidlərimizdə din adı altında kənar təbliğatların aparılmasına yol verilməməlidir. Belə bir hallarla rastlaşan zaman aidiyyəti qurumlara məlumat vermək lazımdır. Dövlətin əleyhinə sifarişli, zərərli təbliğatlar aparılırsa, qanunlara zidd davranışlara yol verilirsə, bütün ölkələrdə olduğu kimi Azərbaycanda da qanun çərçivəsində həmin şəxs və ya şəxslər haqqında ölçü götürülür. Yaxşı olar ki, din adı altında bu kimi çirkin əməllərə cəhd edilməsin. Çünki Azərbaycan dövlətçiliyinə, ölkədaxili sabitliyə, ölkənin təhlükəsizliyinə xələl gətiriləcək addımlar atılmamalıdır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...