Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

AZƏRBAYCANDA UĞURSUZ ATEİZMIN DİAQNOZU – “ROMANTİK ATEİZM”

Romantik ateizm həyatda qarşılaşılan çətin hadisələrin gedişatına qarşı edilən etirazdır.

Darvini teizmdən deizmə, deizmdən də aqnostisizmə aparan yol…

Elşad MİRİ
elshad@miri.az

Cəmiyyətimizdə ateist, deist, aqnostok və nihilist yazılara, statuslara rast gəlirik. Bu statuslar, yazılar yazılıbsa, deməli yazarının da olduğunu nəzərə alaraq həmin yazıları və yazarlarını araşdırmağa çalışdım. Müsahibələrini oxudum, iddialarını tədqiq etdim. Və gəldiyim nəticə bu oldu ki, paylaşılan və yazılanların heç biri yeni deyil və hər birinin cavabı verilib. Ölkəmizdə də bu yazılanlara cavab vermək üçün bir kitab hazırlamağı planlaşdırıram.

Diqqəti, özlərini ateist kimi cəmiyyətə təqdim edib fərqlənməyə çalışanlara cəlb etmək istəyirəm. Bu cür onlarla insanla üzbəüz söhbətim olub.

1. Öz sahələrində sözlərini deyə bilməyən bu tiplər atmacalarla gündəmə gəlməyi və ətrafdakılardan daha zəkalı görünməyi xoşlayırlar.

2. Çünki onların ateist olmaları və ya özlərini bu cür adlandırmaları heç də elmdə əldə etdikləri nailiyyətlər, oxuduqları elmi əsərlər, rasional mühakimə deyil, əksinə romantik, hissi amillərdir.

3. Onların bu yola çıxmalarının səbəbləri həyatlarında qarşılarına çıxan və öhdələrindən gələ bilmədikləri çətinliklər, problemlərdir. Bu isə romantik ateizmdir.

Romantik ateizm həyatda qarşılaşılan çətin hadisələrin gedişatına qarşı edilən etirazdır.

4. Empirik informasiyalarla dəstəklənən fəaliyyətlər də göstərmişdir ki, bu cür adamlar çətin situasiyalarla qarşılaşdıqda və həll yolu tapa bilmədikdə Tanrıdan soyuyur, Ona nifrət edir və Onun olmadığına özünü inandırmağa başlayırlar.

5. Azərbaycanda özlərini ateist kimi təqdim edənlərin demək olar ki, hamısı romantik ateistlərdir.

6. Hər birinin həyatlarında öhdəsindən gələ bilmədikləri müxtəlif problemlər olub və ya var. Bu insanları ateizmə sürükləyən səbəblər müxtəlif olsa da, ilki birinci sosiallaşma, yəni ailədə gördükləri dindarlıq və problemlərdirsə, digəri isə ikinci sosiallaşma olan təhsildə və ətrafındakı yoldaşlarından fərqlənmək, diqqəti özlərinə cəlb etmək arzu və istəkləridir.

7. Bundan başqa, təkəbbürlük, özlərini dindarlardan üstün görmək, dindarların onlardan daha az bilgili olduğu inamıdır.

8. Dindarların dini gözüyumulu, kor-koranə qəbul etdikləri, özlərinin isə daha çox oxuyaraq, rasional biliklərə yiyələnərək, bu düşüncəyə gəldikləri düşüncəsidir.

9. Ateistlərin əllərindəki ən böyük kozır dindarların əksəriyyətinin dini dar olmaları, heç özlərinin müqəddəs hesab etdikləri kitablarından bixəbər olmaları və deyilənləri ilk dəfə eşidircəsinə gözlərini bərəltmələridir. Məsələyə bir az da fərqli tərəfdən yanaşaq.

10. Ateistliyi seçənlər bəlkə də İslamdan xəbəri olmayan müsəlmanların müsəlmançılıqlarından utanmalarına görə bu addımı atırlar. Amma nəticə yenə dəyişmir. Yanlış yanaşma və həyatlarındakı problemlər, yəni romantizm.

Ateist olduqlarını iddia edən həmin insanlardan müxtəlif misallar gətirə bilərəm. Atası öldürüldüyü üçün mollaya nifrət edərək deist olanlardan həyat yoldaşının qızının başını bağlamasına etiraz edərək ateist olanlara kimi… Amma bu yazıda həmin şəxslərdən bəhs etməyin əvəzinə, məsələyə ateistlərin bütləşdirdikləri Çarlz Darvinin (1809-1882) özündən nümunə vermək istəyirəm.

Darvini teizmdən deizmə, deizmdən də aqnostisizmə aparan elmi və rasional səbəblərdən daha çox fərdi tragediyaları əsas rol oynayıb. Darvin haqqında yazdığı kitablarla məşhur olan ingilis yazıçı Adrian Desmond və yenə Darvinin bioqrafiyalarını yazan James Richard Moore bu tragediyaların əsasını Darvinin qızı Annein on yaşında ölməsini göstərirlər. Bundan əvvəl də onun Mary Eleanor və Charles Waring adlı iki övladı da balaca ikən dünyalarını dəyişmişdi.

Romantik ateizmlə əlaqədar olaraq bir misal da dünyanın ən məşhur ateist filosoflarından olan Thomas Nagelin fərdi təcrübəsini qeyd edək. Nagel Tanrının mövcudluğundan və dinin doğruluğundan qorxduğunu, bu ehtimalların onu narahat etdiyini kitabında açıq-aşkar ifadə edir: “Ateizmin doğru olmasını istəyirəm və tanıdığım ən zəkalı, ən bilikli bəzi insanların dindar olmaları məni narahat edir. …Tanrının olmadığına ümid edirəm! Tanrının mövcud olmasını istəmirəm!” (Thomas Nagel, “The Last Word”, Oxford University Press, 1997).

Ateistlər o biri dünyada səhvlərinə, günahlarına görə hesab vermək düşüncəsinin onlarada yaratdığı hissdən qorxduqlarını gizlədir və ya bəziləri kimi etiraf edirlər. Onlar bu dünyada istədikləri kimi yaşamağı arzuladıqları üçün Tanrını qəbul etmək istəmirlər (Lennox Lüth, “Gunning for God: Why the New Atheists are Missing the Target”, səh. 47), dolayısı ilə deistlər də dini və dinin buyruqlarını özlərindən uzaq tutmağa çalışırlar.

Rasional amillərə əsaslanmayan ateizm hissi travmaların, həmçinin yaşadıqlarına, etdiklərinə görə Tanrının mövcud olmasının daxili aləmlərində yaratdığı narahatlığın nəticəsidir. Çünki elmə yiyələnərək, rasional yanaşma ilə ateist olunmur, ancaq teist olunur.

 

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...