Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Azərbaycanlıların bir hissəsi ərəbə, farsa çevrilir – İsmayılov

“Dinin siyasiləşdirilməsi dünyəvi dövlət üçün böyük təhlükədən xəbər verir”.

Müsəlman Şərqinin ilk cümhuriyyətini Azərbaycanda din xadimi ailəsindən çıxan şəxslər qurmuşdular. Amma bu gün bəzi dindarlar dünyəviliyə qarşı çıxır. Deyirlər ki, Azərbaycan islam dövlətidir, şəriət qanunları ilə idarə olunmalıdır.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov “Din və ideoloji təhlükəsizlik” mövzusunda keçirilən konfransda deyib.

“Dindarlardan bəziləri hətta ölkəmizin İsraillə, Rusiya ilə, ABŞ ilə siyasətini necə qurmalı olduğunu müzakirə edir. Dinin siyasiləşdirilməsi dünyəvi dövlət üçün böyük təhlükədən xəbər verir. Kim siyasətlə məşğul olmaq istəyirsə, partiyalara qoşula bilər, amma dinlə siyasəti qarışdırmasın”, – İsmayılov bildirib.

Sədr müavini bu sahədəki növbəti problemin ənənəvi islam anlayışının zəiflədilməsi cəhdlərinin olduğunu deyib:

“Ənənəvi islam” dedikdə zamanla bizə gəlib çatmış islamı yox, bizim adət-ənənələrimizi inkar etməyən islamı nəzərdə tuturuq. Din yeganə faktor deyil, dinlə yanaşı, xalqın yaşadığı dövlətin adət-ənənələri var.

Belə bir fikir var ki, Azərbaycanda dindarların sayı artdıqca azərbaycanlıların sayı azalır. Çünki təbliğat nəticəsində bir hissəmiz ərəbə, bir hissəmiz farsa çevrilir.

Xarici təsirlərin gücləndirilməsi də bir problemdir. Xaricdə və əcnəbilər tərəfindən ölkəmizdə açılan mədrəsələrdə təhsil alanlar var. Azərbaycan həmin ölkələrlə kiçik problem yaşadığı halda orda təhsil almış dindarlar o xarici ölkəni müdafiə edir”.

İsmayılov bildirib ki, bu sahədə mövcud olan digər bir problem də cəmiyyətdə qütbləşmə və sosial təbəqəşələşmənin yaranmasıdır:

“İslamı elə təbliğ edirlər ki, insanlar dindar və dindar olmayanlara bölünür. Amma bunlar əsla ideoloji nöqteyi-nəzərdən qarşı-qarşıya qoyula bilməz. Sovet dövrünün dindarları ilə dil tapmaq olur, amma ikinci nəsil dindarlarla müəyyən problemlər yaranır. Deyirlər, bizim kimi olmasan, kafirsən”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...