Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Babək qızlarla şərab içib, sevişirdi”: “BABƏK QƏHRƏMANDIR?” sualına CAVABLAR

Elşad Miri: “Tarixçilər birinci növbədə Babəkin türk olub-olmadığı araşdırsın”.

Din xadimləri, siyasətçilər, hətta sadə vətəndaşlar Babəkin şəxsiyyəti, onun qəhrəmanlığı, inancı ilə bağlı fərqli fikir yürüdürlər.

Din.az Milli.Az-a istinadən xəbər verir ki, bəziləri Babəkin qəhrəman olmadığını, sadəcə SSRİ ideologiyasının önə çıxardığı şəxs olduğunu, bəziləri isə Babəkin İslam dininə qarşı deyil, torpaqları uğrunda savaşan qəhrəman olduğunu bildirirlər.

Millət vəkili Fazil Mustafa qeyd edir ki, Babəkin bu günkü Azərbaycan türkləri ilə heç bir əlaqəsi yoxdur.

Onun sözlərinə görə, Babək Sovet sisteminin sırıdığı qəhrəmanlardan biridir: “Bunun da səbəbi Şeyx Şamil ideyasını məhv etmək olub. Yəni ruslara qarşı döyüşmək ideyasının yerinə, ərəblərə qarşı savaşmaq ideyası yaymaq əsas məqsəd idi. 1930-cu illərdən əvvəl Babək adı heç çəkilmir. Uşaqlara da Babək adının verilməsi mənfi qarşılanıb. Babəkin öz dini var idi və bu din İslam dininə tamam zidd olub. Babəkə qarşı vuruşan sərkərdələrin də hamısı türklər olub. Babəkin türk düşüncəsi, ideyası ilə heç bir əlaqəsi yoxdur. Babək öz dinini qorumaq üçün mübarizə aparıb. Xürrəmilik İslam dinindən çox fərqlənirdi. Tarixi mənbələrdə bunun dəlilləri var”.

İlahiyyatçı Elşad Miri isə təklif edir ki, tarixçilər birinci növbədə Babəkin türk olub-olmadığı araşdırsın: “İkinci növbədə məzdəkilik, xürrəmilik araşdırılmalıdır ki, bu hərəkat nə ilə bağlı olub? Araşdırılmalıdır ki, Babək həqiqətən niyə savaşıb? SSRİ niyə Babəki bizə əsl qəhrəman kimi təqdim edib? O dövrün ideologiyası olan ateizmə uyğun obraz kimi sırıdılar, daha doğrusu aşıladılar. Babək islama qarşı olduğuna görə SSRİ ideoloqları onu qəhrəman kimi göstərdilər. Xürrəmilər müəyyən bayramlarında bir yerə yığışıb qadınlarla yeyirdilər, şərab içirdilər, əylənirdilər. Daha sonra şamları söndürürdülər, kişilər hansı qadını istəyirdilərsə, həmin qadınla bir gecə olurdular. Bu hadisə Babək filmində müəyyən qədər nümayiş olunub”.

İlahiyyatçı Hacı Şahin isə Babəkin əsl qəhrəman olduğunu deyir. Hacı Şahin deyir ki, Babək tarixi baxımdan müəmmalı şəxsiyyət olsa da onun İslama qarşı savaşmadığı, Abbasi xilafətinə qarşı döyüşdüyü açıq-aşkardır.

“Onun hansı düşüncədə, əqidədə olması bir qədər mübahisəli məsələdir. Hər bir halda Babəkin qəhrəman olması danılmaz faktdır. O, uzun müddət ərəb xilafətinə qarşı savaşıb, canından keçməyə hazır olub və bunu əməlində də göstərib. Bəzən deyirlər ki, Babək İslama döyüşüb. Mən belə düşünmürəm. Çünki Abbasilər xilafəti İslam dini ilə eyniləşdirilə bilməz. Bu xilafət dini mahiyyətə malik xilafət deyildi. Abbasilər xilafəti İslam dinindən siyasi vasitə kimi istifadə edirdi. Buna qarşı da vuruşan Babəki qəhrəman adlandırmaq olar. Babək xilafətə qarşı döyüşüb, islama qarşı savaşmayıb. Belə məlumatlar da var ki, Babək müsəlman olub, islam ayinlərini icra edən şəxs olub”, – deyə İlahiyyatçı qeyd edib.

Tarixçi Kərəm Məmmədov da tarixi mənbələrə istinadən qeyd edir ki, Babək İslama deyil, türkləri əksik tutan ərəb millətiçiliyinə qarşı çıxıb. Onun sözlərinə görə, Babək Bəzz qalasında namaz qılıb Quran oxuyan xürrəmilərin rəhbəri olub.

“Əməvilər dönəminə qədər millətçilik prinsipi yox idi. Ərəbin ərəb olmayana üstünlüyü yox idi. Əməvilər dövründə İslamı qəbul etmiş, lakin ərəb olmaya qul deyilməyə başlandı. Abbasilər dönəmində isə bir müddət milli məsələyə yumşaq yanaşırdılar. Ərəb, fars, türklər arasında fərq qoyulmurdu. Lakin Harun ər-Rəşid dönəmindən başlayaraq milli məsələ yenidən gündəmə gəldi. Babək hərəkatı İslamda məhz ərəblərin üstün tutulmasına qarşı qalmış üsyan idi. Bundan başqa, Azərbaycana ərəblər köçürüləndən sonra yerli əhali nəinki torpaqdan məhrum olurdu, həm də asılı olurdu. Həm də ideoloji toqquşmaya görə Babək üsyan etdi. Yəni sən də müsəlmansan, mən də. Ona görə ərəb də türk də eyni hüquqa malik olmalıdır. Bütün narazılıqlar burdan başladı. Babəkin İslama qarşı döyüşdüyünü bəyan etmək kökündən yanlışdır”, – deyə Kərəm Məmmədov qeyd edib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...