Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Bütün xəbərlər »
Qaynar Xəbərlər
photo_70483

Bakı islam və xristian aləmini sülhə səslədi

Share Button

Aprelin 27-də BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Sivilizasiyalar Alyansının Türkiyə Milli Əlaqələndirmə Şurasının […]

Aprelin 27-də BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Sivilizasiyalar Alyansının Türkiyə Milli Əlaqələndirmə Şurasının rəhbərliyi altında dünya şöhrətli filosof Əbu Nəsr Əl-Fərabiyə həsr edilmiş əməkdaşlıq toplantısı keçirilib.

Tədbiri Sivilizasiyalar Alyansının Türkiyə Milli Əlaqələndirmə Şurasının sədri Bekir Karliga açaraq sivilizasiya filosofu Əl-Fərabinin həyat yolundan, fəlsəfi görüşlərindən və əsərlərindən danışıb.

Bildirilib ki, riyaziyyat, fəlsəfə, tibb və musiqi elmlərinə misilsiz töhfələr bəxş etmiş Fərabi Aristotelin əsərlərinə yazdığı şərhlərlə məşhurlaşıb. Filosof İslam dünyasını yunan fəlsəfəsi ilə tanış etmiş ilk alimlərdəndir. Fərabi məntiqi “təxəyyül” və “sübut” olmaqla iki kateqoriyaya ayrılır.

Bekir Karliga qeyd edib ki,  belə bir möhtəşəm Forumda Əl-Fərabini yad etmək müasir dünyanın qarşılaşdığı problemlərin həlli baxımından olduqca vacibdir. Ona görə ki, filosof bütün fəlsəfi görüşlərində dünyanı ədalətə, sülhə, əmin-amanlığa səsləyib.

Tədbirdə çıxış edən Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenov deyib ki, Sivilizasiyalar Alyansının Bakı Forumu islam və xristian aləmini sülhə səsləyir. Yazıçı vurğulayıb ki, latın dilində yazılan bütün fəlsəfi kitabların məhv edilməsinə baxmayaraq, ərəblər Platon və Aristotelin fəlsəfi əsərlərini qoruyub saxlaya biliblər. Avropada vaxtilə bu əsərlərə qarşı mübarizə aparılıb.

Oljas Süleymenov deyib ki, müasir Avropa mədəniyyəti Platon və Aristotelin fəlsəfi nəzəriyyələri əsasında formalaşıb. Bu, müasir Avropa sivilizasiyasının özəyini təşkil edir. “Unudulmamalıdır ki, bütün bunlar İslam mədəniyyətinin ənənələri üzərində təşəkkül tapıb. Bu Forumda bu fikirlər mütləq səsləndirilməlidir. İslam hər zaman Avropa mədəniyyətinə yol göstərib, kömək olub. Əl-Fərabinin fəlsəfi fikirləri dediklərimi bir daha təsdiqləyir. Bütün bunlar göstərir ki, Avropa və İslam mədəniyyəti bir-birinə zidd deyil. Bu mədəniyyətlər hər zaman bir-birinin inkişafına təkan verib”, – deyə dünya şöhrətli yazıçı vurğulayıb.

Sonra Xalq yazıçısı Oljas Süleymenova türk, ingilis, rus və qazax dillərində çap edilmiş “Fərabi” kitabı təqdim edilib.

Tədbirdə  Əl-Fərabi Qazax Milli Universitetinin rektoru Qalim Mutanov, Türkiyənin Əskişəhər valisi Güngör Əzim Tuna, Əl-Fərabi Mərkəzinin direktoru Jakipbek Altayev, Sivilizasiyalar Alyansı İnstitutunun sosial elmlər fakültəsinin direktoru Alparslan Açıkgenç və başqaları mövzu ətrafında məruzələrlə çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, Fərabiyə görə insanların xoşbəxtliyi yalnız dövlət çərçivəsində mümkündür. İnsanlar müxtəlif qabiliyyətlərə malikdirlər. Cəmiyyətə və dövlətə xidmətdə müxtəlif vəzifələr yerinə yetirirlər. Ona görə də dövlət öz vətəndaşları üçün elə şərait yaratmalıdır ki, onlar özlərinin həqiqi qabiliyyətlərini göstərə bilsinlər. Filosofun fikrincə, bütün dinlər mərkəzə doğru cəhd edir. Bu mərkəz isə Allahın özüdür. İnsanları ayıran onların etiqad etdikləri dinlərin müxtəlifliyi deyil, həqiqəti başa düşməmələridir. Bu həqiqət ondan ibarətdir ki, bütün insanlar varlığın müxtəlif səviyyələrində və mənəvi tərəqqinin müxtəlif mərhələlərində olmaqlarına baxmayaraq, onların hamısı İlahi iradənin yaratdıqlarıdır.

Diqqətə çatdırılıb ki, alimin məşhur əsərlərindən biri “Fəzilətli şəhər əhlinin baxışları” adlı kitabıdır. Bu əsərində filosof “İdeal dövlət” konsepsiyasını irəli sürüb. Fərabi, həmçinin fizikada boşluqların varlığı və onların təbiəti haqqında fikir söyləmiş ilk tədqiqatçılardan biri hesab olunur.

Qeyd edilib ki, alimin əsərləri bir neçə əsr ərzində dünya elm və fəlsəfəsinin inkişaf istiqamətini müəyyənləşdirib, Şərqdə, sonralar isə Qərbdə bir neçə yüzilliklər ərzində masaüstü dərslik kitabları kimi istifadə olunub. O, Aristoteldən sonra bütün dövrlərin və xalqların ən böyük filosofu sayılır. Fərabi Şərqin İbn Sina və İbn Rüşd kimi dühalarının formalaşmasına birbaşa təsir göstərib.

Natiqlər forum çərçivəsində keçirilən bu tədbirin təşkilində əməyi olanlara minnətdarlıqlarını bildirərək Əl-Fərabi irsinin hələ uzun əsrlər boyu tədqiq olunacağını vurğulayıblar.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top