Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Bakıda halal hotellər də varmış

Avropa yeməkləri də halal ətlə hazırlanır.

Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, digər Yaxın Şərq və Avropa  ölkərlərində  halal hotellər geniş yayılsa da, Azərbaycanda bu tipli hotellər azdır. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Azərbaycanda hotellərlə bağlı  rəsmi qaydada halal standartı tətbiq edilmir. Amma Bakıda bir neçə hotel var ki, rəsmi qaydada halal standartı olmasa da, özü təyin etdiyi qaydalar əsasında halal xidmətlər təklif edir.

“Din.az”ın “fins.az”a istinadən verdiyi məlumata görə, hazırda Bakıda bu tipli 3 hotel fəaliyyət göstərir. “Premier Old Gate”  hoteli İçərişəhərdə,  “Primier Expo” Nərimanov metrosunun yaxınlığında,  “Primier Hotel” isə Gənclikdə yerləşir.  Hotellər qrupundan fins.az-a verilən məlumata görə, Bakıda fəaliyyətə göstərən halal hotellər bir neçə xüsusiyyətinə görə adi hotellərdən fərqlənir.

 Avropa yeməkləri də halal ətlə hazırlanır

İslamdan diqqət yetirilən əsas məsələlərdən biri qidadır ki, hotel təqdim etdiyi yemək çeşidlərinin halal olmasına önəm verir. Alınan ət və toyuq məhsulları halal qaydada kəsim aparılan “Qoç Ət”dən, digər kənd təsərrüfatı və süd məhsulları isə “Saf Qida”dan alınır. Bundan əlavə istixanalarda deyil, kəndlərdə yetişdirilən tərəvəzlər sifariş edilərək gətirilir. Hotelin restoranında isə milli yeməklərlə yanaşı, Avropa mətbəxinə aid yeməklər də təqdim edilir. Bu yeməklər də halal ətdən hazırlanır.

Selection of Indian food including curries, rice, samosas and naan bread.

Nigah sənədi olmayan müştərilər qəbul edilmir

Hotellər qrupundan bildirilib ki,  halal qaydalara əsasən fəaliyyət göstərən 3 hotel həm də ailəvi müştərilər üçün nəzərdə tutulub. Digər hotellərdən fərqli olaraq  rəsmi və ya dini nigah sənədi olmayan müştərilər hotelə qəbul edilmir.

Spirtli içkilər hər yerdə qadağandır

Əsas məsələlərdən  biri  isə təbii ki,  spirtli içkilərdir. Hotellərin restoranlarında və minibarlarda spirtli içkilər qadağan edilib. Hətta burada “hacı pivəsi”də satılmır. Hotel rəhbərliyindən bildirilib ki, halallıq normalarına tam riayət edilməsi üçün hər ehtimala qarşı bu içkilər də satılmır.Müştərilərə  yalnız  qazlı sular, şirələr, çay və kofe təklif edilir.

Nömrələrdə cənamaz var

Hotellər nömrələrində ibadət etmək  üçün şərait yaradılıb. Belə ki, nömrələrdə ibadət üçün cənamazlar qoyulub.

halal04

Hovuzdan yalnız bir ailə istifadə edə bilər

İçərişəhərdə yerləşən “Premier Old Gate”  19 nömrəlik kiçik butik hoteldir. Ona görə də, bu hoteldə hovuz yoxdur. Digər 2 hotel isə daha genişdir və halal qaydalara uyğun hovuz və sauna xidmətlərindən də istifadə etmək mümkündür. Belə ki, adi hotellərdə  hovuzlardan eyni vaxtda həm qadınlar, həm də kişilər istifadə edə bilir. Burada isə hovuzdan eyni vaxtdan yalnız bir ailə istifadə edə bilər. Və bu zaman ora başqa şəxslərin daxil olması qadağan edilir. Hoteldən bildirilib ki, adətən hovuzdan bir saat və ya saat yarım istifadə edirlər. Yəni, digər müştərilərin hovuzdan istifadəsinə heç bir maneə olmur.Amma hovuzdan istifadə ilə bağlı hər hansı vaxt  məhdudiyyəti qoyulmur.

600@0

Digər hotellərdən baha deyil

Halal  hotellərin xərcləri  adi qaydada fəaliyyət göstərən hotellərdən xeyli çox olur. Həm qidalar daha baha olur, həm daha çox gəlir gətirən spirtli içkilərdən imtina edilməsi,  ümumi xidmətlərin ayrıca təqdim edilməsi bu hotellərin daha baha xidmət göstərməsini tələb edir. Amma bu hotellərdə müştərilərə təqdim edilən qiymətlər digərləri ilə eynidir, bəzilərində isə daha ucuzdur. Məsələn, “Primier Expo” və  “Primier Hotel” hotellərində  bir nəfərlik otaqların qiyməti 55 manat, 2 nəfərlik  otaq 60 manata, 3 nəfərlik otaqlar və apartmanlar 70 manata təklif edilir.“Premier Old Gate” hoteli Içərişəhərdə fəaliyyət göstərən digər hotellərə  nisbətən daha ucuzdur. Bir nəfərlik nömrələr 115 manata olduğu halda, burada 100 manata, 2 nəfərlik nömrələr 129 manata deyil, 120 manata, 3 nəfərlik nömrələr isə 10 manat aşağı olaraq 150 manata təklif edilir.  Bu qiymətlərə səhər yeməyi daxildir.

Mühafizəkar avropalılar Bakıda bura gəlir

Yerli müştərilərlə yanaşı, xarici turistlər də bu hoteli  əsasən ailəvi xidmət göstərməsinə görə seçirlər. Hoteldən verilən məlumata görə, bura türkiyəli turistlərlə yanaşı, Rusiya, Polşa və Almaniyadan mühafizəkar ailələr gəlirlər. Onlar halal xidmətlərin nə olduğunu bilməsələr də, buradakı qaydaları xoşlayırlar. Hotelin yerli müştəriləri isə əsasən Bakıda  ailəvi şəkildə toya gələn rayon sakinləridir. Bəzi hallarda isə evi kiçik olan Bakı sakinləri qonaqlarının bir hissəsini bu hotellərdə yerləşdirirlər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...