Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Bakıda ölmək neçəyə başa gəlir? – VİDEO

Hər bir vətəndaş həyatda olduğu vaxt etiqad etdiyi dinin tələbləri əsasında dəfn olunmalıdır.

El arasında belə bir məsəl var. Bu dünyada insana beş metr kəfən və bir qarış da torpaq qalır.

Bunu deyən əcdadlarımızın ağlına da gəlməzdi ki, indiki zəmanədə ölmək də “pullu” olacaq, mərhum isə özü ilə o biri dünyaya həm də qəbir üçün ayrılmış sahə şəklində “daşınmaz əmlak aparacaq”. Bu gün ölmək böyük xərclər tələb edir: yas mərasimi, o cümlədən üçü, yeddisi, qırxı, cümə axşamları, qəbir üçün ayrılan yer və s.

Yas mərasimini təmtəraqlı şəkildə keçirib-keçirməmə hər bir insanın şəxsi işidir və son vaxtlar dövlət tərəfindən tənzimlənir (son bir neçə ildə aparılan işlər hesabına təmtəraqlı yas mərasimlərinə münasibət dəyişib). Habelə qəbir üçün ayrılan yerlərə gəlincə, bu planda son illər ərzində dəyişən yalnız qiymətlər olub.

Azərbaycan qanunvericiliyinə görə, hər bir vətəndaş həyatda olduğu vaxt etiqad etdiyi dinin tələbləri əsasında dəfn olunmalıdır. Məsələn, Bakıda xüsusi olaraq bu məqsədlə Əhaliyə Vətəndaş xidməti Tresti yaradılıb.

Adıçəkilən trestin tabeliyində paytaxtın müxtəlif yerlərində yerləşən 25 qəbiristanlıq yer alır. Vətəndaşın ölümündən sonra onun yaxınları müəyyən sənədləri təqdim etdikdən sonra “Sosial ödənişlər haqda” Qanuna əsasən, dövlətdən 160 manat vəsait alır.

Dövlətin fikrincə, bu vəsait mərhumun dəfn edilməsinə kifayət edir, belə ki, trestin nümayəndələrinin sözlərinə əsasən, müsəlman üçün bir qəbrin rəsmi qiyməti 63, qeyri-müsəlman üçün 79 manat təşkil edir.

Belə çıxır ki, qəbir işini həll etdikdən sonra ailənin əlində 100 manata yaxın pul qalır. Onunla mərasimdə iştirak edən qonaqların qarşısına qoymaq üçün çay, xurma, su almaq olar.

Ancaq bütün bunlar yalnız kağız üzərindədir.

Reallıqda isə Bakı qəbiristanlıqlarında tam fərqli “mənzərə” mövcuddur:

1. Yasamal – qəbir üçün yer – 7000-9000 manat

2. Xırdalan – 800-1500 manat (dörd qəbir yeri “paketi” isə 2500-ə başa gəlir)

3. Masazır – 500 manat

4. Biləcəri – 500 manat ( hazır, qazılmış qəbirlə birlikdə 800 manat)

5. Badamdar – 500 manat

6. Ramana – 250 manat

Rəsmi rəqəmlərlə real qiymətlər arasında fərq 4-8 dəfə çoxdur. Yasamal qəbiristanlığında isə kağız üzərində göstərilən rəqəmlərdən nə az, nə çox, 11 dəfə yüksəkdir.

Bunun səbəbi nədir və bu yolla toplanan pul vəsaitləri hara xərclənir? Çünki məbləğ elə də kiçik deyil. Təkcə 2016-cı ildə Bakıda 13 minə yaxın insan vəfat edib (son üç il üzrə statistika hələlik yenilənməyib). Real qiyməti götürsək, tutaq ki, bir qəbirin orta qiyməti 500 manatdır, deməli, bu, illik 6 milyon 500 min manata yaxın vəsait edir.

Bəs toplanmış vəsaitlər hara gedir? Bu qanunidirmi? Dövlət vahid rəqəm (63 manat) təsbit etdiyi halda, nə üçün qəbiristanlıqdan qəbiristanlığa qiymət dəyişir?

Bu qanunidirmi?

Xeyr, bu qanuna ziddir. Məsələn, İstanbulda qəbir yerinin qiymətlərini bələdiyyələr müəyyən edir. Türkiyənin ən iri şəhərində qəbiristanlıqlar dörd kateqoriyaya ayrılır.

Birinci kateqoriyaya şəhərin mərkəzində yerləşən Zincirlikuyu qəbiristanlığı daxildir. Orada qəbir yeri (2018-ci il göstəricisinə görə) 1900 manata başa gəlir. Alınmış qəbirin yanındakı boş yer isə artıq fərqli qiymətə – 4000 manata təklif olunur. İnsan ölməzdən əvvəl özünə qəbir yeri sifariş verirsə, bu, ona 8000 manata başa gəlir.

İkinci kateqoriyaya – Eyüp qəbiristanlığı aiddir. Orada qəbir yerinin qiyməti 353 manat, yaxınlıqdakı boş yerin qiyməti isə 1600 manat təşkil edir. Öncədən özlərinə qəbir sifariş verənlər 3200 manatından keçməli olur.

Üçüncü kateqoriyaya aid olan qəbiristanlıqlarda qiymətlər müvafiq olaraq, 32, 642 və 1300 manat təşkil edir.

Ən ucuz başa gələn qəbir yerləri dördüncü kateqoriyaya aid olan qəbiristanlıqlarda təklif olunur. Qiymətlər müvafiq olaraq 32, 321 və 642 arasında dəyişir.

Rəqəmlərə nəzər salsaq, görərik ki, 15 milyonluq əhalisi olan İstanbulun ən bahalı qəbiristanlığında belə qəbir yeri Bakıdakından dörd dəfə ucuzdur.

Qeyd etdiyimiz kimi, İstanbulda qəbir yerlərinin qiymətini hər rayonun öz bələdiyyəsi müəyyən edir. Qiymətləri müəyyən edən vaxt yerin çox və ya az olması, tələb və digər faktorlar nəzərə alınır. Bütün proses qanun çərçivəsində aparılır, hər hansı ixtilaf və ya ziddiyyətlər ortaya çıxmır.

Azərbaycanda isə qəbiristanlıqların kateqoriyalara uyğun təsnifatı deyilən bir anlam yoxdur. Deputatlar tez-tez bu məsələni müzakirə etsələr də, yaxın gələcəkdə konkret qərarın qəbul olunacağı gözlənilmir.

Yığılan vəsaitlər hara gedir?

Heç bir informasiya yoxdur. Mərhumu dəfn etmək istəyən qohum qəbiristanlığa gəlir, ona təklif olunan yeri göstərirlər, sonra qiymət “oxuyurlar” və hər şey bununla bitir. Qəbirin baxımlı saxlanılması isə bundan sonra qohumların qəbiristanlığa tez-tez gəlib-gəlməməsindən asılı olacaq.

Heç bir qeydiyyat olmur, qəbirlərin yaxın çevrəsində təmizlik işləri, qəbir daşlarının təmizlənməsi və s. aparılmır. Uzun sözün qısası, qəbiristanlığın təmizliyi vətəndaşların ölülərə olan hörmətinin “ümidinə” qalır.

Dövlət Trestin simasında qəbir yerinin qiymətinin 63 manat təşkil etdiyini bildirir, real qiymətlər isə öncə də qeyd etdiyimiz kimi, bu rəqəmləri 4-8 dəfə, hətta bəzi yerlərdə 11 dəfə üstələyir.

İnsanlar ölməyə davam edir, qohumlar ölüləri dəfn etməyə davam edir, pullar da bəzi işbazların və buna göz yuman məmurların ciblərinə axmağa davam edir. Heç də kiçik rəqəm deyil, ilə 5-6 milyon manat.

Problemi necə həll etmək olar?

Azərbaycanda həm ölülər, həm də dirilər qanun qarşısında bərabərdir. Ucuz “üst-baş”, bahalı brend geyimlərin dəfələrlə ucuz surətləri ilə hər hansı şəxs öz yoxsulluq səviyyəsini gizlədə və başqalarında seçilməyə bilirsə, “ölülər aləmi” üçün bu, heç də keçərli deyil.

Deyək ki, Yasamalda yaşayan üç nəfərdən ibarət ailə (Allah eləməmiş) ağır yolda qəzasına düşüb. İndi belə çıxır, ailənin yaxınları onların dəfninə görə 24 min manat ödəməlidir.

Təsəvvürünüzə gətirin, Yasamal qəbiristanlığında 4 kvadrat metrə görə 7 min manat ödəmək lazımdır. Qobu qəsəbəsində həmin qiymətə 4000 kvadrat metrlik torpaq sahəsi almaq olar.

Burdan belə bir nəticə çıxarmaq olar ki, Bakıda kvadrat metrə görə ən bahalı yer elit yaşayış binaları yox, mərkəzdə yerləşən qəbiristanlıqlardır.

Hər il Azərbaycan parlamentində qəbir yerlərinin, qəbir daşlarının standartlaşdırılması ilə bağlı məsələ qaldırılır. Hərçənd bütün bunlar yalnız müzakirə səviyyəsində qalır. Ancaq ciddi yanaşılsa, burada hər hansı şeyi ixtira etməyə ehtiyac yoxdur.

İstanbul nümunəsi əsasında qəbiristanlıqların təsnifatını aparıb, bunu rəsmi şəkildə elan etmək, məsələni qanuniləşdirmək olar. Çünki ölülərdən pul çıxarmaq, bunun üzərində biznes qurmaq heç kimə başucalığı gətirəsi deyil. O cümlədən, buna göz yuman dövlətə. / Oxu.az

//baku.tv/az/watch/7225/

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...