Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bakıdan Fələstinə açıq dəstək: Həm siyasi, həm də…

Azərbaycan Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirir.

Azərbaycan-Fələstin münasibətləri inkişaf edən xətt üzrə davam edir. Rəsmi Bakı Fələstin məsələsinə daim dəstək verir, bu ölkəyə həm siyasi, həm də maddi dəstəyini əsirgəmir.

Din.az xəbər verir ki, noyabrın 4-də Azərbaycan Prezidenti Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Malikini qəbul edib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirir, dəstəyini əsirgəmir, noyabrın 5-də Bakıda keçiriləcək Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərini toplantısına Azərbaycanın ev sahibliyi etməsinin bunun bariz nümunəsidir.

Azərbaycan lideri 2017-ci il dekabrın 13-də İstanbulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında çıxışı zamanı da Fələstinə açıq dəstək vermişdi. Prezident İlham Əliyevin bu tədbirdə iştirakı, Azərbaycanın Fələstinə göstərdiyi dəstəyi və islam həmrəyliyinə sadiqliyi Fələstin Dövlətinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir.

2011-ci ilin 28-29 iyun tarixlərində Fələstin Prezidenti Mahmud Abbas Azərbaycan Respublikasına rəsmi səfər edib. Bu, Fələstin Prezidentinin Azərbaycana ilk səfəri idi.

1992-ci ilin 15 aprel tarixində Azərbaycan Respublikası ilə Fələstin Milli Hakimiyyəti arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanıb. Azərbaycanda Fələstin Dövlətinin səfirliyi fəaliyyət göstərir.

2013-cü ilin 21 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Yaxın Şərqə səfəri çərçivəsində Fələstinə səfər edib.

Bu gün – 5 noyabrda Bakıda Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısı keçirilib. Tədbirdə iştirak üçün Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Maliki, Fələstin xarici işlər nazirinin Asiya, Afrika və Avstraliya məsələləri üzrə müavini Mazen Şamiyah, Fələstin Milli Fondunun rəhbəri – nazir Mouin Elias Yousef Khouri, Fələstinin Asiya ölkələrində akkreditə olmuş 27 səfiri, Fələstin Xarici İşlər Nazirliyinin diplomatları ölkəmizə səfər edib.

Fələstin məsələsi uzun müddətdir beynəlxalq gündəlikdə duran ən aktual problemlərdən biridir. Bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq gündəlikdə duran məsələlərin həllinə töhfə vermək əzminin, həmçinin beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan etimad və hörmətin nümunəsidir.

Azərbaycan Şərqi Əl-Qüds paytaxt olmaqla, Fələstin məsələsinin iki dövlət prinsipi əsasında BMT-nin müvafiq qərarları və qətnamələri əsasında həllini dəstəkləyir. Əvvəlki illərdə də Azərbaycan Fələstin ilə əlaqədar bir sıra mühüm tədbirlərə ev sahibliyi edib. 2013-cü ildə Azərbaycanın ev sahibliyi ilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində “Müqəddəs Əl-Qüds şəhərinin inkişafı üçün Strateji Sektor Planının maliyyələşdirilməsi”nə dair İƏT Xarici İşlər Nazirlərinin Donor Konfransı və Fələstin Dövlətinə yardım üçün “İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsi” adlı tədbirlər Bakıda keçirilib.

2017-ci ildə Azərbaycan BMT-nin Fələstin xalqının Ayrılmaz Hüquqlarının tətbiqi üzrə Komissiyasının, Humanitar məsələlərin Əlaqələndirilməsi üzrə Ofisinin, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və digər QHT və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Qüds məsələsi üzrə Beynəlxalq Konfransa ev sahibliyi edib.

Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi işinə praktiki əsaslarla töhfə verir və İslam Əməkdaşlıq Təşkilatının fəal üzv dövlətlərindən biridir. 2017-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə İslam həmrəyliyi ili elan edilib. Həmin ildə ölkəmizin İslam Oyunlarına ev sahibliyi edib.

Azərbaycan Fələstin xalqının çətin günlərində hər zaman yanında olub və islam həmrəyliyinə sadiq qalıb. Ölkəmiz ciddi maliyyə çətinlikləri ilə üzləşən BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə cari ilin oktyabr ayında 200 min ABŞ dolları məbləğində yardım edib.

29 sentyabr 2014-cü il tarixində Fələstinin Qəzza sektorundakı humanitar böhranın aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən ayrılmış 635 min ABŞ dolları məbləğində yardım XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) hesabına köçürülübdür.

2018-ci ilin aprelində Azərbaycanda Qoşulmama Hərəkatının aralıq nazirlər toplantısı keçirilib. Nazirlər toplantısı çərçivəsində Fələstin üzrə Qoşulmama Hərəkatının Nazirlər komitəsinin iclası keçirilib. Qoşulmama Hərəkatının gündəliyində Fələstin məsələsi xüsusi əhəmiyyət kəsb edir. Ölkəmiz 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcəkdir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...