Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Bakının yaratdığı “təhlükəsizlik qurşağı” – Dini harmoniya Qafqazda kimin xoşuna gəlmir?

Azərbaycan Qafqazda həlledici ölkəyə çevrilərək bölgənin təhlükəsizliyi və siyasətinin formalaşmasında mühüm dövlətdir.

Bu gün dünyada geopolitik güclərin MDB məkanına getdikcə artan marağını və diqqətini izləmək mümkündür. Postsovet məkanında nufuz mübarizəsi bir sıra hallarda burada özünün xoşagəlməz siyasi konyukturasını da nümayiş etdirir.

Belə həssas bölgələrdən biri Qafqazdır. Bu region hələ çar Rusiyasından bəri daim xarici qüvvələrin savaşdığı yer olmaqla müxtəlif zamanlarda ən ağrılı tarixini yaşayıb. Qafqaz üzərində oynanılan dini, milli-etnik, ərazi kartları müxtəlif dövrlərdə bölgəni xarici qüvvələrin apardığı mübarizənin plasdarmına çevirə bilib.

SSRİ-nin süqutundan sonra bu məkan qarşıdurmaların yeni dalğasına məruz qaldı. Vəziyyəti mürəkkəbləşdirən isə bu məkanda ayrı-ayrı müstəqil dövlətlərin yaranması və sovetdənqalma “vahid ərazi” sisteminin parçalanması idi. Bunun nəticəsində yaranan Rusiya-çeçen qanlı münaqişəsi, radikal məzhəb təbliğatını yayan terrorçu birliklər, dövlətlərarası milli-etnik qarşıdurmalar və bunlardan öz maraqları naminə istifadə edən beynəlxalq güclər bölgəni ciddi sarsıntılara məruz qoydu. Belə şərait isə Qafqaz dövlətlərini, o cümlədən müstəqil Azərbaycanı özünün siyasi prioritetlərini müəyyənləşdirməyə və təhlükəsizlik prinsiplərini formalaşdırmağa vadar edirdi.

Bu gün Azərbaycan Qafqazda həlledici ölkəyə çevrilərək bölgənin təhlükəsizliyi və siyasətinin formalaşmasında mühüm dövlətdir. Əlverişli coğrafi vəziyyəti və iqtisadi imkanları ilə bölgənin lokomotivinə çevrilən Bakı eyni zamanda xarici güclərin regiona yönəlik siyasi maraqlarında söz sahibidir.

Bu məqam isə Azərbaycana asan başa gəlməyib. Rəsmi Bakı tərəfindən 90-cı illərdən yürüdülən siyasət Qafqaz ölkələri ilə əməkdaşlıq və dostluq üzərində qurulub. Qafqaz xalqlarının təcavüzə məruz qaldığı mürəkkəb zamanda Bakı qorxmadan öz səsini ucaldıb və bu qanlı müdaxiləyə etiraz edib.

Mərhum prezident Heydər Əliyev tərəfindən aparılan bu siyasətin son hədəfində “Qafazda sülh” modeli nəzərdə tutulurdu.
1996-cı il martın 8-də Azərbaycan və Gürcüstan prezidentləri tərəfindən imzalanan Tbilisi Bəyannaməsi, “Qafqaz regionunda sülh, sabitlik və təhlükəsizlik haqqında” Azərbaycan-Gürcüstan Bəyannaməsi dinc və sabit Qafqaz uğrunda hərəkatda ilk uğurlu addım oldu. Tbilisi Bəyannaməsi Ümumi Qafqaz evinin təməlini qoyan, əməkdaşlıq və dialoqun başlanğıcı olan tarixi sənəd kimi böyük əhəmiyyət daşıyır.

Bu gün sülhün və mədəni inteqrasiyanın təbliğatçısı olan Azərbaycanın Qafqaz məkanında yürütdüyü siyasi prioritetlər müsəlman həmrəyliyinə, Qafqaz birliyinə və qardaşcasına iqtisadi yardıma əsaslanır.

Qafqaz mürəkkəb etnik münaqişələrin çoxluğu və miqyası baxımından da unikal coğrafi məkanlardan biridir. Belə bir şəraitdə dünyanın ən qaynar nöqtələrindən birinə çevrilən Qafqazda sülh, təhlükəsizlik, sabitlik təkcə region ölkələri üçün deyil, bütövlükdə Asiya və Avropa ölkələri üçün də faydalı və əlverişli olub həyati əhəmiyyət daşıyır. Qafqazda sülhü və sabitliyi təmin etmədən Şərqlə Qərb, Cənubla Şimal arasında, həmçinin region ölkələrinin bir-biri ilə iqtisadi, siyasi və mədəni inteqrasiyasından söhbət gedə bilməz.

Şimaldan Cənuba, Qərbdən Şərqə doğru bir körpü rolunu oynayan Şimali Qafqaz strateji baxımdan əhəmiyyətli rola malikdir. Geostrateji tərəfdən Orta Asiyaya giriş qapısı rolunu oynayan bölgə Qərb bazarlarına da açılmağa imkan yaradır.

Bütün bu tarixi, ictimai-siyasi, iqtisadi və mədəni amillər deməyə əsas verir ki, “Qafqazda sülh” modeli bu gün beynəlxalq aləmi düşündürən başlıca amillərdən, dünyanı narahat edən qlobal problemlərdəndir.

Bu modeldə din faktoru çox ciddi rol oynayır. Təsadüfi deyil ki, Azərbaycandakı din-dövlət münasibətlərinin yüksək səviyyəsi, multikultural, milli, dini tolerantlıq ənənələri bir nümunə olaraq təkcə Qafqaz bölgəsində deyil, bütün beynəlxalq aləmdə örnək olaraq dəyərləndirilir. Bu ideyanı təbliği üçün əsas yük Qafqaz Müsəlmanları İdarəsinin üzərinə düşür. QMİ prezident İlham Əliyev tərəfindən yürüdülən bu siyasətin Qafqazda möhkəmlənməsi üçün çox yaxşı şanslara malikdir.

Azərbaycanın yürütdüyü siyasət bölgədə radikal məzhəbçi ideologiyasını körükləyən bir sıra qüvvələr tərəfindən isti qarşılanmır. Bu qüvvələrin uzağagedən məqsədlərinə Bakının Şimali Qafqaz müstəvisində yer aldığı avanqard mövqeyini sarsıtmaq, Azərbaycanın bu bölgədəki müsəlmanlar arasındakı nüfuzunu dağıtmaq daxildir. Çünki Azərbaycan dövlətinin irəli sürdüyü, QMİ-nin təbliğ etdiyi tolerantlıq və multikultural prinsiplər Qafqazda belə təhdidlərə qarşı ciddi platforma yaradır.

Elə ötən ay Moskvada müəyyən qüvvələrin maraqları nəticəsində körüklənən çeçen-azərbaycanlı qalmaqalı bu kəmfürsətlərin iç üzünü bir daha göstərdi. Adi məişət qalmaqalını az qala məzhəb qarşıdurmasına çevirmək istəyənlər gözləmədikləri bir təpki ilə üzləşdilər: Prezident İlham Əliyevin tapşırığı ilə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə, səfir Polad Bülbüloğlu Çeçenistan rəsmiləri, din xadimləri və Moskvadakı çeçen icması ilə operativ əlaqələri sayəsində bu qalmaqalı dərhal lokallaşdıra bildilər. Çeçen ruhanilərinin birmənalı olaraq bu qalmaqalı pisləməsi təxribatçıların arzularını ürəyində qoydu.

Qalmaqala verilən reaksiya bir daha Azərbaycanın Şimali Qafqaz respublikalarının siyasi rəhbərliyi, din xadimləri arasında qazandığı etimad və əməkdaşlığın dərin köklərindən xəbər verir. Bu sahədə QMİ sədri A.Paşazadənin Qafqazın dini cameəsi ilə qurduğu yüksək səviyyəli əməkdaşlıq müstəvisi mühüm rol oynayır. Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri postunu tutan A.Paşazadə prezident İlham Əliyevin tolerantlıq siyasətinin təbliği üçün dövlətin mühüm rıçaqlarından birinə çevrilib. Mürəkkəb region sayılan Qafqazda hörmət olunan din xadiminə çevrilmək üçün vacib olan şərtlərdən biri dövlətin din sahəsində apardığı tolerant prinsiplərinə söykənən doğru siyasətidir. Məhz belə siyasət ölkəni dünyanın multikultural vitrinində ən cazibədar ölkəsinə çevirir, ona etimad və hörmət gətirir.

Məlum olduğu kim din xadimləri bu gün qlobalaşan dünyada siyasi müstəvinin vacib elementinə çevriliblər. Həlli mümkün görünməyən, siyasi ehtirasların və düşmənçiliyin imkan vermədiyi humanist aksiyaların baş tutmasında nüfuzlu ruhanlilərin fəaliyyəti sülh prosesinə öz töhfələrini verir. Bu baxımdan Azərbaycanın məruz qaldığı ərazi itkisinin, işğal faktının, Xocalı soyqırmının dünyada tanıdılması, ədalətli mövqeyinin dəstək qazanması üçün ictimai qurumların nüfuzu və işi mühüm əhəmiyyət daşıyır. QMİ Azərbaycanın haqq işinin müdafiəsi üçün Qafqazın dini cameəsində etibarlı baza qura bilib.

Bir neçə gün əvvəl Qafqaz Xalqları Ali Dini Şurasının nüfuzlu üzvlərinin Prezident İlham Əliyevə ünvanladıqları məktubu bu düzgün siyasətin etirafı hesab etmək olar.

Şimali Qafqazın ən nüfuzlu din xadimlərinin imzaladığı bu məktubda qeyd olunur ki, Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri prezident İlham Əliyevin Qafqaz bölgəsinin ümumi mənafeləri, habelə bəşəriyyətin sabitlik və inkişafı üçün önəm kəsb edən fəaliyyətini hər zaman bəyənir və dəstəkləyirlər:
“Qafqazın din xadimləri, Sizin hər zaman xüsusi önəm verdiyiniz və şəxsən dəstəklədiyiniz dinlərarası dialoq, multikulturalizm kimi bəşəri əhəmiyyətli ideyaları dünyada təbliğ etməkdən böyük qürur duyuruq. Zati-alinizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi sayəsində dünyanın ən müxtəlif məkanlarında tikilən, bərpa edilən mədəni-mənəvi məbədlər ümumbəşəri irsə dəyərli töhfələrdir. Sizin əməli addımlarınız və qlobal əhəmiyyətli təşəbbüsləriniz sayəsində əminik ki, bizim hər zaman təbliğ etdiyimiz və dünyaya multikulturalizmin bariz nümunəsi kimi təqdim olunan Azərbaycan modeli sivilizasiyalararası dialoqun inkişafına, qarşılıqlı anlaşma və dostluq kimi bəşəri dəyərlərin təşviqi və təkamülünə öz töhfəsini verəcəkdir” –deyə müraciətdə vurğulanır.

QMİ sədrinin bu günlərdə Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasına səfəri bu baxımdan diqqətçəkəndir. Səfər zamanı respublikanın başçısı Rəşid Temrezov Şeyxüilislam A.Paşazadəni Şimali Qafqaz və Azərbaycan xalqları arasında sülhün möhkəmləndirilməsi, dinlərarası münasibətlərin inkişafı və dostluğun dərinləşdirilməsi işinə verdiyi şəxsi töhfələrinə görə «Qaraçay-Çərkəz Respublikası qarşısında xidmətlərinə görə» ordeni ilə təltif etdi.

Prezident İlham Əliyev bu əməkdaşlıq platformasını həmişə dəstəkləyib. Dövlət başçısı iki il əvvəl Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edərkən demişdi ki, Qafqazın nüfuzlu liderlərinin fəaliyyətini çox yüksək qiymətləndirir: “Bu gün ağsaqqal sözü həmişəkindən daha əhəmiyyətlidir. Sizin fəaliyyətiniz də təhlükəsizliyə, Rusiyanın Qafqaz respublikalarının inkişafına doğru aparır. Biz qonşuyuq, yaxşı qonşuyuq və dostluğumuzu da davam etdirəcəyik”.

Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə bu günlərdə keçirilən “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfransında çıxışı zamanı Allahşükür Paşazadə bir daha milli və dini tolerantlıq siyasətinin dövlət səviyyəsində dəstəkləndiyini bəyan etdi: “Təbii ki, burada siyasi iradə böyük önəm daşıyır. Prezident İlham Əliyev dünya miqyasında multikulturalizm ideyasının fəal təbliğatçısı, mədəniyyətlərarası əməkdaşlığa dair “Bakı Prosesi”nin müəllifidir. Ölkəmiz artıq mədəniyyətlərarası, dinlərarası dialoqa dair mötəbər beynəlxalq tədbirlərin, o cümlədən Dini Liderlərin Ümumdünya Sammitinin keçirildiyi ənənəvi məkana çevrilib”,- deyə QMİ sədri vurğulayıb. Qeyd edib ki, Prezident İlham Əliyevin qlobal miqyasda dəyər kəsb edən təşəbbüsləri bəşəriyyətin ümumi inkişafına, sülh və dinc birgəyaşayış amallarına xidmət edir.

Lakin bütün bunlara rəğmən bir sıra qüvvələrin Azərbaycan dövlətinə təzyiq göstərmək və müəyyən imtiyazlar qazanmaq hədəfi ilə dini radikalizmdən istifadə etməsi mümkündür. Azərbaycan bu baxımdan Qafqazda təhlükəsizlik prioritetləri içində din faktorunu heç zaman gözardı etmir. Rəsmi Bakının postsovet məkanında verdiyi mesajların içində tolerantlıq və multikultulazim regionun sabitliyi üçün əsas amildir.

Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyəsi bu uğurlara rəvac verən məqamlardandır. Bu sırada dövlət rəhbərlərinin, ictimai və dini qurumların liderlərinin birgə əməkdaşlığı vacib yer tutur. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...