Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Balzak silahı, islam həmrəyliyi və zəka cəngavərləri…

“İslam dini hər kəsə daim həqiqəti deməyi, insanlara doğruları çatdırmağı tövsiyyə edir”.

“Zərif sədd” anti-islam hücumlarının məzarı rolunda…

Dinin nəinki müxtəlif cəmiyyətlər daxilində, hətta xalqlar, millətlər arasında birləşdirici amil olduğu, onlar arasında həmrəylik yaratdığı şübhəsizdir. Bu baxımdan islam dininin bəşəriyyətin həyatında xüsusilə mühüm rol oynadığı, yüz milyonlarla insanı eyni ideya, düşüncə və bayraq altında birləşdirməsinin önəmi xüsusilə qeyd olunmalıdır. Lakin sürətli infomasiya axınının çoxaldığı, dezinformasiya ilə real informasiyaların iç-içə keçdiyi, az qala bir-birindən seçilməz olduğu çağdaş dünyamızda islam həmrəyliyini şərtləndirən, bu həmrəyliyin keşiyində duran, onu çoxsaylı hücumlardan qoruyan bəzi faktorlar var ki, bu faktorlardan biri mediadır. Hansı ki, İslam dininin özünün mediaya baxışı olduqca maraqlı və təqdirəlayiqdir.

Əzəli-əbədi şərt: “Həqiqəti deyin, yalnız və yalnız həqiqəti!”

İslam dini hər kəsə daim həqiqəti deməyi, insanlara doğruları çatdırmağı tövsiyyə edir. İstərsə müqəddəs Qurani-Kərimin özündə, istərsə də görkəmli din xadimlərinin əsərlərində bununla bağlı qəti müddəalar yer alır. Məsələn, Qurani-Kərimin “Tövbə” surəsinin 119-cu ayəsində deyilir: “Ey iman gətirənlər! Allahdan qorxun və doğrularla birgə olun”.
Məhəmməd peyğəmbər isə həqiqət haqqında deyir: “Cənnət qapılarından biri olan doğruluğu sizə tövsiyyə edirəm”. Həzrəti Əli isə doğruluğu haqqın dili kimi xarakterizə edir.
İslam dinində kifayət qədər çox olan bu cür nümunələrin hamısı hər kəs kimi medianı da dürüst olmağa, qərəzdən, yalandan uzaq olmağa səsləyir. İslam dini doğruları dilə gətirənləri İmam Sadiqin dili ilə bu cür xarakterizə edir: “Doğruluqdan daha yaxşısı onu danışan, yaxşı işdən daha yaxşısı ona əməl edəndir”.
Göründüyü kimi, islam yalnz və yalnız doğruları danışmağı tələb edir və bu cür insanları, onların fəaliyyətini təqdir edir. Medianın oğruları dilə gətirib yaymaq potensialının daha geniş olduğunu nəzərə alsaq, o zaman islamın mediaya daha böyük etimad göstərdiyini, həmçinin ondan daha çox gözləntiyə malik olduğu bəlli olar.

İslam həmrəyliyi qoruyan çağdaş cəngavərlər kimlərdir?

Dünyanın ən məhsuldar yazıçısı tituluna sahib məşhur fransız yazıçısı O.Balzak vaxtiylə demişdir: “Mən Napoleonun qılıncla başladığı işi qələmlə başa çatdıracam”. Dahi yazıçı bununla Fransa adını bütün dünyaya duyurmaq istəyi ilə yanaşı, həm də qələmin önəminə diqqət çəkməyə çalışmışdır. Balzakdan bu günə qədər ötən dövrdə qələmin, informasiya təbliğatının önəmi bütün sahə və sferalarda bir neçə dəfə artmışdır ki, bu güc özünü müasir medianın timsalında daha qabarıq büruzə verir. Artıq bəlli bir müddətdir ki, informasiya məkanı siyasətdən iqtisadiyyata, hərbdən incəsənətə qədər bütün sahələrdə başlıca təbliğat, hücum və müdafiə sahəsinə çevrilib. Bu mənada yaşadığımız dünyada islam dəyərləri ilə yanaşı, islam həmrəyliyi də media mənsublarının timsalında çağdaş cəngavərlər tərəfindən qorunmaqdadır. Hansı ki, qılınc əvəzinə qələmlə silahlanan bu cəngavərlər çalışdıqları media qurumlarında islam həmrəyliyinə zidd olan, bu həmrəyliyi pozmağa yönələn hücumları vaxtında de-şifrə edib neytrallaşdırmaq, onların mahiyyətini ifşa etmək və əsl həqiqəti ictimaiyyətə çatdırmaqla məşğuldur.

Dəmir effektli “zərif sədd”: Sözlə ilmələnən informasiya səddi…

İslam və medianın həmrəyliyini zəruri edən digər bir amil isə son illər informasiya məkanında anti-islam hücumlarının artmasıdır. İslam və media həmrəyliyi istər dini, istər əxlaqi və mənəvi, istərsə də humanizm prinsiplərinə zidd olan, tamamilə saxta “faktlarla” əsaslandırılan bu cür hücumları neytrallaşdırmaq, onların əsl mahiyyətini de-şifrə etmək baxımından mühüm önəm kəsb edir. Bəzi Qərb dairələrinin məqsədyönlü şəkildə körüklədiyi islamafobiya dalğasının daha da genişlənməsinin qarşısını almaq, dünya ictimaiyyətində islam dini, onun gerçək mahiyyəti ilə bağlı gerçək təsəvvür formalaşdırmaq üçün bu həmrəylik mütləqdir. Bu baxımdan Azərbaycan dili ilə yanaşı rus, ingilis, fransız, alman və s. dillərdə fəaliyyət göstərən media orqanlarının üzərinə daha çox məsuliyyət düşür. Çünki islama yönəlik hücumlar daha çox Qərb dünyasında müşahidə edilir ki, əcnəbi dillərdə fəaliyyət göstərən media orqanlarının islam və onun mahiyyəti ilə bağlı əsl həqiqətləri Avropa ictimaiyyətinə çatdırmaq imkanı dil faktoru baxımından daha genişdir.
Moderator.az-a açıqlamasında medianın bu məsələdəki önəminə diqqət çəkən millət vəkili Aydın Mirzəzadə bu istiqamətdə daha ciddi addımlar atmağın zəruriiyini vurğuladı:
“Təbii ki, bu məsələdə medianın üzərinə məsuliyyət düşür. Lakin Azərbaycanda əcnəbi dildə fəaliyyət göstərən media orqanlarının sayı elə də çox deyil. Bu media orqanlarının beynəlxalq ictimaiyyətə yönəlik fəaliyyət göstərmələri vacibdir. Çünki onlar əgər daxili auditoriyaya yönəlik fəaliyyət göstərəcəklərsə, bunu Azərbaycan dilində fəaliyyət göstərən saytlar da edə bilər. Bundan başqa, xarici mediaya da çıxmaq olduqca önəmlidir. Xarici dilli saytların, informasiya portallarının yaradılmasına ehtiyac var. Doğrudur, bununla bağlı işlər gedir. Lakin bu elə bir məsələdir ki, bu istiqamətdə nə qədər çox iş görülsə də, görülən işlə kifayətlənmək olmaz. Bu sahədə müntəzəm şəkildə iş aparmaq zəruridir”.

Media və islam həmrəyliyinin zəifliyindən “hamilə qalan” terror təşkilatları…

Çağdaş dünyamızda baş verən proseslərin təhlili göstərir ki, media və islam həmrəyliyinin zəifliyi, bu həmrəyliyin lazımi səviyyədə olmaması çox ciddi problemlərə səbəb olur ki, bütün bəşəriyyətin təhlükəsizliyi üçün təhdid mənbəyi olan bu problemlərdən biri islam adına müxtəlif terror təşkilatların meydana çıxmasıdır. Son illər Orta Şərqdə meydana çıxan və bütün dünyanın kabusuna çevrilən İŞİD terror təşkilatı buna nümunədir. Meydana çıxdığı gündən bu günə qədər dünyanın bir çox bölgəsindən bu təşkilata üzv olmaq üçün minlərlə insanın axın etməsi gerçəyi də islam dünyasında media və islam həmrəyliyinin gərəkli səviyyədə olmadığını göstərir.
Təsadüfi deyil ki, dünyanın əksər ölkələri kimi Azərbaycanda da milli təhlükəsizliyi təhdid edən təhlükələrin aradan qaldırılmasının ən etibarlı vasitələrindən biri maarifçilikdir. Hansı ki, maarifçilik sınanmış profilaktiki tədbirlərdən biri hesab olunmaqdadır. Bu missiyanın həyata keçirilməsi isə məhz medianın üzərinə düşür.
Bir sözlə, media və islam həmrəyliyinin zəifliyi ortaya islam adına meydana çıxsa da əslində islamla heç bir bağlılığı olmayan terror təşkilatlarının, silahlı birləşmələrin meydana çıxmasına səbəb olur ki, bu da dinindən, irqindən, sosial statusundan asılı olmayaraq bütün insanların təhlükəsizliyi baxımından ciddi təhlükə doğurur.

Səlahəddin ənənəsinin davamı: İslam dünyası Azərbaycan çətiri altında…

Azərbaycanın islam həmrəyliyi istiqamətində atdığı addımların tarixi yalnız müstəqillik qazandığı 1991-ci ildən deyil, ondan uzun əsrlər əvvəllərə gedib çıxır. Belə ki, əcdadlarımız hələ orta əsrlər dönəmlərində islam dünyasının xarici güclərə qarşı mübarizəsində həmrəyliyə nail olmağa can atmış, bu istiqamətdə ciddi addımlar atmışdır. Bu baxımdan islam dünyasına qarşı təşkil edilən qalibiyyətli səlib hücumlarının Azərbaycan əsilli Misir hökmdarı Səlahəddin Əyyubi tərəfindən dayandırılması, 1187-ci ilin 2 oktyabr tarixində onun rəhbərlik etdiyi orduların Qüdsü xristian işğalından azad etməsi yalnız Azərbaycan deyil, bütün islam tarixi baxımından ən şanlı səhifələrdən biridir.
Son illər prezident İlham Əliyevin səyi nəticəsində islam dünyasının birliyi istiqamətində görülən işlər – müsəlman ölkələri ilə iqtisadi, siyasi, mədəni, hərbi əlaqələrin genişləndirilməsi, islam olimpiyadasının ölkəmizdə təşkili, cari ilin İslam Həmrəyliyi İli elan edilməsi, onların xristian təəssübkeşliyi mövqeyindən çıxış edən Qərbin və işğalçı Ermənistana qarşı siyasi-diplomatik mübarizədə birliyinin təmini və s. istiqamətində həyata keçirilən çoxsaylı tədbirlər Azərbaycanı islam dünyasının liderinə, aparıcı dövlətinə çevirmişdir. Hansı ki, ölkəmizin şərəflə daşıdığı bu missiya əksər müsəlman dövlətləri tərəfindən də etiraf edilməkdə və alqışlanmaqdadır.

Məcburiyyətin doğurduğu müttəfiqlik: Pərakəndəlikdən sarsılmaz ittifaqa doğru..

Çağdaş dünyamızda islam həmrəyliyini zəruri edən bir sıra səbəblər var ki, bunlardan ən başlıcası anti-islam dünyasının müsəlman aləminə yönəlik hücumlarıdır. Hansı ki, bu hücumları hən hərbi, həm iqtisadi, həm də siyasi müstəvidə müşahid etmək mümkündür. Son günlər islam dövlətlərinin beynəlxalq təşkilatlardan sıxışdırılması da ABŞ və Qərbin islam ölkələrinə münasibətinin bariz nümunəsi hesab edilə bilər. Türkiyənin Avropa Birliyinə gedən yollarının bağlanması, Azərbaycanın AŞPA-dan çıxarılması məsələsinin gündəmə gətirilməsi, işğalçı Ermənistana heç bir təzyiqin göstərilməməsi buna nümundir. Xatırladaq ki, bu günlərdə BMT-nin Təhlüksizlik Şurasında bir dənə də olsun müsəlman ölkəsinin yer almaması da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən islam ölkələrinə olan qərəzli münasibətin göstəricisi kimi dəyərləndirildi.
Bir sözlə, mövcud situasiya islam dövlətlərinin həmrəyliyinin hər şeydən əvvəl məcburiyyətdən irəli gəldiyini göstərir. Qərbin basqıları uzun illərdir ki, bu təzyiqlərə pərakəndə halda müqavimət göstərən islam dövlətlərini sarsılmaz ittifaq halında birləşməyə vadar edir ki, artıq bu birliyin ilkin təzahürləri özünü göstərməkdədir. Və sevindirici haldır ki, bu birliyin nüvəsində məhz Azərbaycan, onun bütün bəşəri dəyər və sivilizasiyalarla yanaşı, islam mədəniyyətinə, islam birliyinə mühüm önəm verən siyasəti dayanır.

Seymur Əliyev

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...