Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Banka borcu olanlar fitrə zəkatı verməlidirmi?

Share Button

“İşsiz insanın özünə fitrə düşür…”

Elşad Miri: «Banklara borclu olan, borcunu qaytara bilməyən insanların fitrə verməsi vacib deyil»

Ramazan ayı başa çatır və Qafqaz Müsəlmanları İdarəsi bayramın iyulun 6-na təsadüf edəcəyi barədə fətva verib. Müsəlman aləmi həmin gün Ramazan ayının bitməsini bildirən Fitr bayramını qeyd edəcək. Hər zaman olduğu kimi, müsəlmanların bu günü fitrə zəkatı çıxararaq ehtiyacı olanlara yardım etməsi, fitrə zəkatının nə qədər olacağı və onu kimlərin verəcəyi əsas suallardandır.

Haci Sahin Hesenli“Din.az” xəbər verir ki, “Məşədi Dadaş” məscidinin imam-camaatı, ilahiyyatçı hacı Şahin Həsənli “modern.az”ın suallarını cavablandırarkən adambaşına orta hesabla 10-15 manat fitrə zəkatı çıxarılmalı olduğunu bildirib. Deyib ki, fitrə zəkatı ailənin hər bir üzvü adından 3 kiloqram arpa, buğda, kişmiş, un, düyü, xurma və s. növ ərzaq məmulatlarının dəyəri qədər çıxarılmalıdır: “Qafqaz Müsəlmanları İdarəsi ailənin hər bir üzvü adından 10-15 manat məbləğ müəyyən edib. Amma bazarda qiymətlərə baxıb daha aşağı məbləğ müəyyən etmək olar. Rəqəmin hesablanması insanların öz ixtiyarındadır. Məsələn, 3 kiloqram arpanın dəyəri çox ucuz ola bilər. Yəni, hər kəs öz büdcəsinə uyğun zəkat verə bilər”.

O, qeyd edib ki, imkanı olub fitrə zəkatı çıxarmayan insan günaha batır. Yəni öz ehtiyacını ödəyə bilən insanlar fitrə zəkatı ödəməlidir: “İmkanı olub fitrə zəkatı ödəməmək günahdır. Eyni zamanda, orucun qəbul olunmasının vacib şərtlərindəndir. Yəni, oruc tutan şəxs fitrə zəkatı verməzsə, onun orucu qəbul olunmaz. Amma insan gündəlik olaraq minimal ehtiyaclarını ödəyə bilirsə, fitrə zəkatı verməlidir. Gündəlik ehtiyaclarını təmin edə bilməyən insanlar fitrə zəkatından azaddırlar”.

Hacı Şahin fitrə zəkatının qohumda, qonşuda imkanı olmayan, yoxsul insanlara verilməsini məqbul hesab edir: “İnsanlar zəkat onlardan istənilmədən versə, yaxşı olar. Dilənçilik dində bəyənilən əməl deyil. Bir şəxsin ehtiyac içində olduğunu bilirsinizsə, fitrə zəkatını ona verin. Amma kimsə dilənən insana fitrə zəkatı verirsə, bu o demək deyil ki, o, düz etmir. Daha yaxşı olar ki, bizə ağız açmayan, abır-həyasına sığınan, qohum-qonşuya verilsin”.

Qeyd edilənlərə nəzər yetirəndə daha bir sual da meydana çıxır. Bu da ölkə əhalisinin hazırkı həyat səviyyəsi şəraitində fitrə zəkatının ona vacib olub-olmamasıdır. Bu gün əhalinin 2,5 milyon nəfərinin banklara borclu olması artıq rəsmi şəkildə təsdiqlənib. Belə bir vəziyyətdə, ailə başçısı banka borcludursa, o, fitrə zəkatını verməlidir, yoxsa yox?

88386İlahiyyatçı Elşad Miri “Azadlıq”a açıqlamasında bildirib ki, fitrə zəkatının verilməsində diqqət olunası bir sıra vacib məqamlar var. Miskin olan, fiziki cəhətdən imkanı olsa da, iş yerinin yoxluğu səbəbindən işsiz insanların fitrə verməsinə ehtiyac yoxdur. Yəni həmin adamın özünə fitrə düşür: “Çünki o, özündən asılı olmayan səbəbə görə şanssız, çarəsiz qalıb. Banklara borclu olan, borcunu qaytara bilməyən insanların da fitrə verməsi vacib deyil. Lakin  ayda 1000 manat gəliri olan, bunun 200 manatını borcuna verib 800 manatıyla ehtiyacını ödəyə bilən şəxslərin fitrə zəkatı verməsində problem yoxdur. Onların fitrə verməsi daha yaxşıdır. Onun üzərinə bir öhdəlikdir ki, çətin vəziyyətdə olanların fitrəylə bayram keçirə bilməsinə yardımçı olur”.

Elşad Miri deyir ki, fitrənin miqdarıyla bağlı da fərqli fikirlər var. Fitrənin həcminin 5-10 manat arası və daha çox  olduğu bildirilir. Ortalama bir hədd götürülməli və mövcud bazar qiyməti nəzərə alınmalıdır. Onun mütlətq verilib-verilməməsi kimi daimi müzakirə mövzusuna gəlincə, adi bir hesablamaya görə, bu gün hansısa şəxsin ucuz bir yeməkxanada yeməyə ən azı, 20 manat xərci çıxır. O zaman belə şəxslər yeməkxanaya gedə bilməyən imkansız adamın ehtiyacını da nəzərə alıb, ona dəstək olmalı, yardım və kömək etməlidir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir