Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Bəzi qüvvələrin bütün biznesləri insan ölümü üzərində qurulub!

Share Button

“Məzarlıqlarla bağlı qanun layihəsi deyil, qərar qəbul ediləcək”.

“Məzarlıqlarla bağlı qanun layihəsi deyil, qərar qəbul ediləcək”. Bunu jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. Onun sözlərinə görə, məzarlıqlarla əlaqədar qərar layihəsini Dövlət Komitəsi və İqtisadiyyat Nazirliyi birgə hazırlayıb:
“Müvafiq rəylər alınıb və qərar layihəsi Nazirlər Kabinetinə təqdim olunub. Layihəyə Nazirlər Kabinetində baxılıb, düzəlişlər edilib. Hazırda ekspertlər düzəlişlər üzərində çalışır. Bu günlərdə Nazirlər Kabinetində Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi, Dövlət Komitəsinin, İqtisadiyyat Nazirliyinin nümayəndələrinin iştirakı ilə bu məsələyə dair toplantı keçirilib, qərar layihəsi üzərində aparılacaq işlər barədə əlavə tapşırıq verilib. Ekspertlər bu tapşırıq üzərində işləyirlər. Bu, qanun layihəsi yox, Nazirlər Kabineti tərəfindən məzarlıqlarla bağlı verilən qərar olacaq”. Bundan başqa komitə sədri qeyd edib ki, hazırda da Azərbaycanda məzarlıqların idarəçiliyi qanunlara, Nazirlər Kabinetinin qərarlarına əsaslanır: “Sadəcə, bu qərarda yeniliklər olacaq”.

Elşad Miri: “Müəyyən qüvvələr mövcuddur ki, onların bütün biznesləri qəbiristanlıqlardakı yerlərin satılması, məzar daşları və yas məclisləri üçün çadırların icarəyə verilməsindən ibarətdir”

Qərarı şərh edən ilahiyyatçı-alim Elşad Miri “Şərq”ə açıqlamasında vurğulayıb ki, bu məsələ dəfələrlə aktuallaşıb və sonradan gündəmdən çıxarılıb. Din.az Elşad Mirinin həmin açıqlamasına “Şərq”ə istinadən təqdim edir: “Bunun da səbəbi var. Müəyyən qüvvələr mövcuddur ki, onların bütün biznesləri qəbiristanlıqlardakı yerlərin satılması, məzar daşları və yas məclisləri üçün çadırların icarəyə verilməsindən ibarətdir. Böyük bir biznes şəbəkəsi qurublar. Bu şəbəkə əksər hallarda vergidən yayınır və bunu da ianə adı altında həyata keçirməyə çalışılar. Məzarlıqlarla bağlı proseslərin tənzimlənməsinə maneə olanlar bu cür qruplardır. Rəsmi qurumlarda çalışan məmurların özləri belə məsələlərdə örnək göstərməlidirlər. Təəssüflər ki, onlar əksini edirlər. Çünki həmin biznes onlara məxsusdur. Bizneslərinə ziyan vurmaq istəmirlər. Təsəvvür edin, islamın gəldiyi yer olan Səudiyyə Ərəbistanın özündə belə bir qərar var. Hətta orda başdaşı deyil, sadəcə adi bir daş qoyulur, üstü də örtülür. Bu, kralından tutmuş sadə vətəndaşına qədər hər kəsə aid olan məsələdir. Azərbaycanda belə işlərin həyata keçirilməsi üçün nümunələr lazımdır. Örnəklər olsa, müsbət nəticələr əldə etmək mümkündür”.

Fazil Mustafa: “İnsanlarda İrandan qalma mavzoleyçilik xarakteri güclü olduğu üçün, bunu birdən-birə silib atmaq mümkün deyil”

Millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafa təmtəraqlı qəbir daşları və ehsan israfçılığına qarşı mübarizənin birgə aparılmasının vacibliyini bildirib: “Bu məsələdə hər şey paralel getməlidir. Çünki həqiqətən dəbdəbəli qəbir daşları da Azərbaycan cəmiyyətində kifayət qədər ciddi narahatlıq doğurur. İnsanlar buna böyük vəsait xərcləyirlər. Problemin ortadan qaldırılması üçün, əvvəla, bu sektorda çalışan insanlara tapşırıq vermək lazımdır ki, standart daşlardan kənar qəbir daşları hazırlanmasın. Bu amil olduqca vacibdir. Çünki bəziləri şöhrətpərəst olduğuna görə elə bilirlər ki, qəbir daşını böyük qoymaqla yaxınına daha böyük sayğı göstərir. Əslində belə deyil. Məncə, daha fərqli yanaşma olmalıdır. İlahiyyatçılarla isə bu məsələdə məsləhətləşmə aparmağa heç bir ehtiyac yoxdur. Dinə görə, qəbirlər itməlidir. Qəbirin  təmtəraqlı formada olması yanlışdır. Azərbaycan şərtlərində insanlarda İrandan qalma mavzoleyçilik xarakteri güclü olduğu üçün, bunu birdən-birə silib atmaq mümkün deyil. Mümkün deyilsə, xristian ölkələrində olduğu kimi səliqəli, qəşəng xiyaban salmaq olar. Həm də ona fikir vermək lazımdır ki, insanlar qəbiristanlığa qorxu yeri kimi deyil, həm də bir ziyarət yeri, park kimi yanaşa bilsinlər. Səliqə-səhman yaradılmalıdır, bu da bir mədəniyyətin göstəricisidir”.

 

MÜZAKİRƏ

1 şərh Bəzi qüvvələrin bütün biznesləri insan ölümü üzərində qurulub! üçün

  1. Vadar dedi:

    Bizdə o mədəniyyət? 🙂 Güldürməyin məni! İlk növbədə millətin özündə İnqilab lazımdır! O da ki, Beyində! Bizdə isə belə bir şey yox! Olsaydı, əsrlərdi düşüncəmiz dəyişərdi, geyimimiz yox!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir