Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Bir şəklin tarixçəsi: Bakıda “qeybə çəkilən” möhtəşəm tikili – Onu kim və niyə sökmüşdü?

Bu kilsənin tikintisi 10 ilə və böyük zəhmətlər hesabına başa gəldi.

Din.az bildirir ki, Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında budəfəki təqdimatı uzun illər öncə Bakıda mövcud olmuş məşhur tikili ilə bağlıdır. Söhbət Aleksandr Nevski Başkilsəsindən gedir.

O kilsə ki, tikintisi 10 ilə və böyük zəhmətlər hesabına başa gəlmişdi.

1888-ci ildə təməli qoyulan Aleksandr Nevski Başkilsəsi 1898-ci ildə istifadəyə verilib.

Tarixi mənbələrə görə, 1878-ci ildə Bakı valisi Valerian Pozen şəhərin pravoslav icması üçün kilsə tikdirmək təklifi ilə çıxış edir. Ali dini qurum (Sinod) bu kilsənin o zamanki Persidskaya küçəsində (indiki Muxtarov küçəsi), köhnə müsəlman qəbristanlığının yerində tikilməsinə icazə verir. Hökümətin yerli müsəlmanlarla 10 illik mübahisəsindən sonra, kilsənin inşasına başlanılır.

8 oktyabr 1888-ci il tarixində imperator III Aleksandr ailəsi ilə birgə Bakıya gəlir və kilsənin təməl daşının qoyulması mərasimində iştirak edir.

Kilsənin memarı alman Robert Marfeld, onun köməkçisi isə polyak memar və mühəndis İosif Qoslavski idi. O Qoslavski ki, sonralar Bakının baş arxitektoru oldu.

Kilsənin tikintisinə başlayandan az sonra inşaat büdcəsi tükənir və Bakı sakinlərindən 200 min manat ianə toplanır. Bu məbləğin 75% müsəlmanlar tərəfindən verilir ki, bura məşhur milyonçu Hacı Zeynalabdin Tağıyevin ayırdığı 10 min manat da daxil idi. Daha 10 min manat Bakının yəhudi icmasından yığılmışdı.

O zaman Bakıda yerləşən Aleksandr Nevski Başkilsəsi kilsəsi el arasında “Qızıllı kilsə” kimi də tanınırdı. Bu, Zaqafqaziyanın ən böyük ortodoks kilisəsi olub.

Aleksandr Nevski Başkilsəsi mürəkkəb memarlıq və mühəndis tikintisi sayılırdı. Qoslavski yalnız binanın konstruksiya hissəsinin həllində yox, həm də kilsənin element və detallarının icrasında öz istedadını göstərmişdi.

Kilsənin memarlıq işlənməsində Qoslavskinin iştirakı o dərəcədə böyükdür ki, onun bu ibadət binasının ikinci müəllifi qismində tanıyıblar.

Qeyd etdiyimiz kimi, kilsənin tikintisinə faktiki rəhbərliyi İosif Qoslavski etmişdi.

Aleksandr Nevski Başkilsəsi 1936-cı ildə bolşeviklər tərəfindən yerlə-yeksan edilib. Stalin hökuməti kilsəni partlayıcı maddə vasitəsilə məhv edib. Bolşeviklər onu Bibiheybət məscidi ilə bir gündə dağıdıblar.

Aleksandr Nevski Başkilsəsinin vaxtilə yerləşdiyi ərazidə hazırda 189 və 190 nömrəli məktəblər fəaliyyət göstərir.

İ.Qoslavski 1865-ci ildə Varşava şəhərində zadəgan ailəsində anadan olmuşdu. 1890-cı ildə I Nikolay adına Peterburq mülki mühəndislər institutunu bitirmişdi.

Qoslavski Bakı üçün nələr yaratmayıb…

O, 1891-ci ilin oktyabrında Aleksandr Nevski Başkilsəsinin inşası üçün Bakıya gəlmişdi. Bu kilsənin inşası üzrə iş icraçısı olan Qoslavski 1892-ci ildən Bakı şəhər memarı vəzifəsini yerinə yetirməyə başlamışdı. Baş memarın lap ilk yaradıcılıq addımları şəhərin inkişafında dönüş nöqtəsi olmuş, küçə və məhəllələrin abad edilməsinə geniş təsir göstərmiş və o, Bakıya əsl Şərqi Avropa şəhərinə xas olan xüsusiyyətlər vermişdi.

Qoslavski 1893-cü ildən 1900-cü ilə qədərki yaradıcılıq fəaliyyəti ərzində Bakıda Aleksandr Nevski Başkilsəsindən əlavə, 12 əsaslı obyekt layihələndirərək, inşa edib.

Onun 1893-cü ildən 1900-cü ilə qədərki yaradıcılıq fəaliyyəti hər bir kəsi heyran edir. İ.Qoslavskinin memarlıq irsi çoxsahəli və çoxcəhətlidir.

Məsələn, onun 1900-1904-cü illərdə Bakı şəhər Duması üçün tikdiyi möhtəşəm bina bu gün də paytaxtın bəzəyi hesab olunur və indi ora Bakı Şəhər İcra Hakimiyyətinin iqamətgahıdır.

İosif Qoslavski H.Z.Tağıyevin Mərdəkandakı villasının, Zığ kəndindəki toxuculuq fabrikinin, Tağıyevin Qızlar məktəbinin və digər memarlıq abidələrinin müəllifi kimi tarixə düşüb. Qəzlar məktəbinin binasında sonralar – 1918-1920-ci illərdə Azərbaycan Xalq Cumhuriyyətinin Parlamenti yerləşib. Hazırda isə orada Əlyazmalar İnstitutu fəaliyyət göstərir.

Bakı orta texniki məktəbinin (indiki Neft və Sənaye Universiteti) binası da Qoslavski tərəfindən H.Z.Tağıyevin vəsaiti hesabına tikilib.

Hazırda Azərbaycan Tarixi Muzeyinin binası da vaxtilə Qoslavskinin layihəsi əsasında Tağıyevin yaşayış evi kimi tikilib.

Qoslavski 30 yanvar 1904-cü il tarixində 39 yaşında Bakı şəhərində vəfat edib. O, vərəm xəstəliyinə tutulmuşdu. Xəstəliklə mübarizə apardığı bir zamanda arvadı uşaqlarını da götürüb Polşaya gedir, xəstə İosif Bakıda təkbaşına qalır və ölür. Sonradan bacısı gəlib onun əşyalarını Polşaya aparıb…

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...