Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

BMT baş katibi məsciddə: Dindarların qarşısına çıxdı

“Dinlər arasında qarşılıqlı anlaşma və birlik, nifrət və parçalanmaya ən yaxşı cavabdır”.

BMT-nin baş katibi Antonio Quterreş Qahirədəki Əl-Əzhər məscidində dindarların qarşısında çıxış edib.

Din.az Azərtac-a istinadən xəbər verir ki, Yeni Zelandiyadakı terror aktında yəhudilərin və müsəlmanların həmrəylik nümayiş etdirməsini misal çəkən baş katib dinlər arasında qarşılıqlı anlaşma və birliyin nifrətə və parçalanmaya ən yaxşı cavab olduğunu vurğulayıb. O, əlavə edib ki, bu məsələdə din xadimlərinin üzərinə böyük vəzifələr düşür.

Baş katib xatırladıb ki, bu gün dünyada antisemitizm, islamofobiya və irqçilik artır. Onun sözlərinə görə, düşmənçilik ritorikası meşə yanğınları kimi cəmiyyəti bürüyür və mətbuat, həmçinin sosial şəbəkələr vasitəsilə daha geniş yayılır. “Bu meyillər təkcə avtoritar dövlətlərdə deyil, liberal-demokrat ölkələrdə də müşahidə olunur. Bu qaranlıq güclər demokratiya dəyərlərinə zərbə vurur, sosial sabitliyi və sülhü təhlükə altında qoyurlar. Biz müxtəlif dinlərə etiqad etsək də, müxtəlif mədəniyyətlərin təmsilçiləri olsaq da, tariximiz eyni olmasa da, hamımızı insanlıq dəyərləri birləşdirir”, – deyə baş katib vurğulayıb.

A.Quterreş fevralda Roma Papası Fransisk və “Əl-Əzhər” məscidinin imamı və eyniadlı universitetin rəhbəri şeyx Əhməd ət-Tayyibin imzaladıqları “Sülh və dinc yanaşı yaşamaq naminə insanlar arasında qardaşlıq haqqında” Bəyannamədə din xadimlərinə müharibələrə və münaqişələrə son qoymaq, ətraf mühiti qorumaq barədə çağırışın əhəmiyyətini də qeyd edib. Diqqətə çatdırıb ki, bu iki din xadimi müsəlmanlara və xristianlara bir-birinə hörmətlə yanaşmaq, bəşəri dəyərlər naminə əməkdaşlıq etməklə bağlı müraciət ediblər. Baş katib imamın Yaxın Şərqdəki müsəlmanları qorumaq çağırışını da yüksək qiymətləndirib və Məhəmməd Peyğəmbərin kəlamını sitat gətirib: “Sizlərdən hansınız özünüzə rəva görmədiyini qardaşına rəva görürsə, mömin deyil”.

BMT-nin baş katibi bildirib ki, qaçqınların müdafiəsi üzrə Konvensiyada təsbit edilmiş əsas prinsip hələ 14 əsr əvvəl müqəddəs Quranda yazılıb: “Əgər hər hansı bir şəxs (çoxtanrılı) səndən sığınacaq istərsə, ona Allahın kəlamını eşitmək üçün yer ver. Sonra onu təhlükəsiz yerə apar”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...