Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Böyük proses: İran da “mülayim islam”a keçir? – Şərh

“İnsanlar günü-gündən yeni tələblər irəli sürür və hökumət də güzəştə getməli olur”.

İranda həqiqətən son zamanlar geyim məsələsində mülayimləşmə müşahidə olunur. Bunun əsas səbəblərindən biri islahatçıların hakimiyyətə gəlməsidirsə, ikinci səbəb İranda əhalinin düşüncəsinin dəyişməsidir.

Din.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında analitik Əlirza Zamani İranda geyim qadağasını pozanlarla bağlı həbs qərarının aradan qaldırılması barədə yeni qanunu şərh edərkən deyib. O bildirib ki, dünyada baş verən bir sıra proseslər islam ölkənlərindən də yan keçmir. Buna görə də bir sıra islam ölkəsinin əhaliyə münasibətində dəyişikliklər baş verir:

“Sosial şəbəkələrdən istifadə, insanların savadlanması, qadınların işlə təmin olunması və s. İran cəmiyyətinin müəyyən qədər fikrinin dəyişməsinə gətirib çıxarır. İranda hicab şah dövründə də mövcud olub, amma bunun indiki hakimiyyətin təriflədiyi formada olmaması da müəyyən qədər narahatlıq doğurur. İran tarixində geyim qadağası ilə bağlı iki dəfə qanun dəyişikliyi olub. Məsələn, lap qədimlərdə İranda yalnız istəyən şəxslər hicabdan istifadə edirdisə, sonradan bu, məcburi xarakter aldı. Növbəti qanunla isə hicab yox, artıq çarşab geyinmək məcburi oldu. Bu da öz növbəsində bir sıra problemlər yaratdı.

Son zamanlar həqiqətən hicab məsələsi ciddi problemə çevrilib. Bu yaxınlarda Tehran polisi bildirmişdi ki, əgər geyim qadağalarına əməl etməyənləri həbs edəsi olsaq, gərək Tehran əhalisinin 70-80 faizi saxlanılsın. İndiki zamanda bu yeni qanunun qəbul edilməsi, fikrimcə, beynəlmiləlləşmə nəticəsində baş verir”.

Ekspert bildirib ki, insanlar günü-gündən yeni tələblər irəli sürür və hökumət də güzəştə getməli olur:

“Son zamanalar sosial şəbəkələrlə bağlı mövcud olan qadağalarda da xeyli yumşalma baş verib. Dünyada baş verən bir sıra proseslər təkcə İrana yox, bütün islam dünyasına təsir göstərir. Səudiyyə Ərəbistanı da, İran da buna görə qanunları yumşaltmağa məcbur olur.

Səudiyyə Ərəbistanı “mülayim islam”a keçsə də, İran səviyyəsinə çatmağa hələ çox var. İranda qadının maşın sürməsi, tək şəkildə küçəyə çıxması və s. heç vaxt problem olmayıb. Səudiyyə Ərəbistanında isə bu sahədə həmişə ciddi qadağalar olub”.

Qeyd edək ki, İranda dini geyim qaydalarına əməl etməyən qadınların artıq həbs edilməyəcəyi ilə bağlı yeni qərar qəbul olunub. Paytaxt Tehranda din qaydalarını tədris edən 100-dən artıq mərkəz açdıqlarını bildirən Tehranın polis rəisi Hüseyn Rəhimi artıq qadınların həbs əvəzinə, həmin mərkəzlərə göndəriləcəyini açıqlayıb. O, İran qadınlarının təkrarən geyim qaydalarını pozduğu halda onlar haqqında hüquqi proses başladılacağını deyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...