"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Bu tərcüməni edən şəxsi tanıyırıqmı?

Share Button

Azərbaycanda Qurani-Kərimin ilk tərcüməçisi axund Mir Məhəmməd Kərim ağa xalqın maariflənməsində, Bakıda qızlar məktəbinin açılmasında misilsiz xidmətləri olan məşhur din xadimi olub.

Repressiya qurbanı axund Mir Məhəmməd Kərim ağa

Axund Mir Məhəmməd Kərim ağa İçərişəhərdə yaşayan, Bakının hörmətli şəxslərindən sayılan Ağa Seyid Məhəmmədin nəvəsidir.

Mir Məhəmməd Kərim ağa Cəfərzadə Quranı ərəb dilindən Azərbaycan dilinə tərcümə edəndən sonra din xadimləri arasında ona qarşı hücumlar başlamışdı. Çünki mollalar istəmirdilər ki, camaat Qurani-Kərimi dərindən mənimsəsin. Qurandan xəbəri olmayanları aldatmaq, bu kitabı istədikləri kimi şərh vermək bəzi mollalara sərfəli idi.

Mir Məhəmməd Kərim ağa Cəfərzadə Quranın üç cildlik təfsirini (izahı) hazırlamış və Quranla birgə məşhur neft milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin köməkliyi ilə 1904-cü ildə “Kaspi” qəzetinin Bəxariyə mətbəəsində çap etdirmişdir. Onun bu zəhməti müqabilində Hacı Zeynalabdin Tağıyev kitabların ağırlığında Mir Məhəmməd ağaya qızıl da bağışlamışdı.

Mir Məhəmməd Kərim ağanın doğum tarixi mübahisəlidir. Müəlliflər axundun 1853-cü ildə anadan olduğunu yazırlar. Lakin Mir Məhəmməd Kərim ağanın doğum tarixi haqqında ən müfəssəl məlumat Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət arxivində saxlanılan, axundun oğlu Böyükağa – əsl adı Mir Cəfərin 1976-cı ilin may ayının 21-də yazdığı qeyddir. O yazır:

“Atam, Mir Məhəmməd Kərim Cəfərzadə 1855-ci ilin iyun ayında anadan olmuşdur. Bu şeir atam Mir Məhəmməd Kərim Cəfərzadənindir.

“Yetmiş səkkiz sinə vardım, daima leylü-nəhar, Bu cahan əsrarının həllində oldum paydar:
Qibət məlumum oldu, ey həkimani – cahan, Bu cahan əsrarının həllində yoxmuş iqtidar””.

Göründüyü kimi, şair bu misraları 78 yaşında yazmışdır. Axundun oğlu qeyd edir ki, bu şeiri atası 1933-cü ilin sentyabrında qələmə alıb. O zaman şeirin 1933-cü ildə yox, 1931-ci ildə yazıldığı müəyyənləşir. Axundun oğlunun sözündən belə nəticəyə gəlmək olur ki, 78 yaşında yazılan bu şeirin müəllifi axund Mir Məhəmməd Kərim Cəfərzadə 1853-cü ildə yox, 1855-ci ildə doğulub. Lakin Mərkəzi Dövlət Tarix Arxivi alimin doğum tarixi haqqında verdiyi arayışda Mir Məhəmməd Kərim ağanın 1853-cü ildə anadan olduğu göstərilir. Bu arayışı daha dəqiq hesab etmək olar. Çünki XX əsrin əvvəllərinə qədər doğum, ölüm, kəbin haqqında qeydlər həmən şəxsin yaşadığı evin yaxınlığındakı məscidlərdə aparılırdı.

Bakı quberniyasının qazisi

Mir Məhəmməd Kərim ağa Cəfərzadə ilk təhsilini yaşıdları kimi, doğulduğu Bakı şəhərindəki mədrəsədə almışdı. O, öz istedadı və bacarığı ilə seçilirdi, öz üzərində yorulmadan çalışmaqla daha yüksək biliklər qazanmaq üçün elmin müxtəlif sahələrinə müraciət edirdi. Fitri istedadını görən ata təhsilini davam etdirmək üçün Mir Məhəmməd Kərim ağanı İraqın Bağdad şəhərinə göndərmişdi. Mir Məhəmməd Kərim ağa burada on il tam təhsil aldıqdan sonra vətənə qayıtmışdır. İsmailiyyə binasının təməlqoyma mərasimində o, Bakının qazısı olaraq dua oxumuşdu. Mir Məhəmməd Kərim ağa Cəfərzadə öncə İçərişəhərdəki “Şah məscidi”ndə axund, sonra isə yüksək bilik və bacarığına görə Bakı quberniyasının qazisi təyin edilmişdi. O, şəhərin ictimai-mədəni həyatında, xalqının maariflənməsində fəal iştirak edirdi. Bəzi qaragüruh ruhanilər qızlara təhsil vermək təklifindən qəzəblənərək avam camaatı ayağa qaldırır və bəzən onları “cihad”a çağırmaqdan belə çəkinmirdilər.

Lakin qız məktəbini açmaq təklifini H.Z.Tağıyev bəyənmişdi və buna görə də, şəhərin maarifpərvər axundlarından bir neçəsini öz vəsaiti hesabına islamın müqəddəs sayılan yerlərinə – Məkkəyə, Kərbəlaya, Xorasana, Məşhədə və s. yerlərə göndərir və tapşırır ki (əslində isə İslamda müqəddəs yer anlayışı yoxudr – red.), orada olan mötəbər, rəsmi din xadimlərindən sənədlər alsınlar ki, müsəlman qızları şəriət məktəblərində təhsil ala bilər və burada heç bir qəbahət görmürlər. Bununla da, axund Mir Məhəmməd Kərim ağa və başqa sağlam fikirli ruhanilər qaragüruhçuların təqiblərindən xilas olurlar.

XX əsrin əvvəllərində Bakıda 30-dan artıq xeyriyyə cəmiyyəti fəaliyyət göstərirdi. Əhəmiyyətinin dərəcəsinə görə bunların arasında 1906-cı il martın 4-də nizamnaməsi təsdiq edilmiş, noyabrın 10-da isə Bakı dumasının zalında təntənəli açılışı olmuş tam şəkildə “Nəşri-savad və maarif”, qısaca olaraq “Nəşri-maarif” adlanan xeyriyyə cəmiyyətini xüsusilə qeyd etmək olar. Bu cəmiyyətin başlıca məqsədi Bakı şəhərində və quberniyasında yaşayan müsəlmanlar arasında elm və maarifi, xüsusilə ibtidai təhsili Azərbaycan və rus dillərində yaymaq, hər növ maarifçilik fəaliyyətini dəstəkləmək idi. Həmin cəmiyyətə Bakı quberniyasının baş qazisi və Bakı Müsəlman Şiə Ruhani Idarəsinin sədri Axund Mir Məhəmməd Kərim Mircəfərzadə sədr, vətənpərvər ziyalı Əhməd bəy Ağayev isə katib seçilmişdi.

“Antisovet Quran”a görə güllələnmə

Mir Məhəmməd Kərim ağa ədəbi fəaliyyətlə də məşğul olub. O, şərq dillərindən – əsasən ərəb dilindən bir sıra əsərləri Azərbaycan dilinə tərcümə etmişdir. O, böyük ərəb yazıçısı, alimi Cürci Zeydanın İslam tarixinə aid on yeddi romanından beşini Azərbaycan dilinə çevirmişdir. Bunlardan “Əzrayi-Qüreyş”, “Kərbəla yanğısı”, “Osmanlı inqilabı”, “İslamın mədəniyyət tarixi”, “On yeddi Ramazan” tarixi romanlarını göstərmək olar. Mir Məhəmməd Kərim ağa Şam və Fələstində müsəlmanlarla xristianlar arasında gedən ikiyüzillik (490-690) müharibəni təsvir edən “Səlib müharibəsi” romanını yazmış və 1913-cü ildə nəşr etdirmişdir.
30-cu illər repressiyaları Mir Məhəmməd Kərim ağa Cəfərzadədən də yan keçməmişdir. “Üçlük” nəzarəti altında gedən repressiyanın qurbanları siyahısında nəinki ziyalılar, əksinqilabçılar, inqilabdan əvvəl müxtəlif partiya üzvləri, fəhlələr, kəndlilər, hətta dini xadimlər də var idi. Həmin din xadimlərindən biri də ictimai həyatımızda əvəzsiz xidmətləri olan axund Mir Məhəmməd Kərim Cəfərzadə də var idi.

Qala-Maştağa rayonu antisovet elementlərin (ASE) fəallarının siyahısının çıxarışında göstərilirdi: “Mir Məhəmməd Kərim Mir Cəfər oğlu – 70 yaşında, keçmişdə Qazi, səsdən məhrum edilmiş, məşğuliyyəti müəyyən edilməmiş, Mərdəkan kəndindən, mühakimə olunmamış. Keçmiş Zaqafqaziya “Qazi”si, gizli şəkildə dinin təbliği ilə məşğuldur, çadranın atılmasına qarşı təbliğat aparır və qadınların ictimai işlərdə iştirakının əleyhinədir. Azərbaycan SSR Xalq Daxili İşlər Komissarının müavini, təhlükəsizlik mayoru: Borşev əsli ilə düzdür: XDIK-nın rayon şöbəsinin rəisi Ziyalov 13 fevral 1938-ci ildə tərtib olunmuş “Axtarış protokolu”nda göstərilir ki, M.K.Cəfərzadənin evində axtarış aparılan zaman C/V 183877 saylı pasport və müxtəlif antisovet quranlar aşkar edilib”. 14 fevral 1938-ci ildə Ziyalovun imzası ilə Mir Məhəmməd Kərim Mir Cəfər oğlu Cəfərzadənin həbsi üçün həmin gün order yazılır. Həmin gün də Axund Mir Məhəmməd Kərim ağa XDIK-nin Maştağa rayon şöbəsi tərəfindən həbs edilir. Axund Mir Məhəmməd Kərim ağa 1938-ci ildə güllələnib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir