Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Cəmiyyətimizdə HİCABA münasibət

Gövhər Baxşəliyeva: “Hicaba münasibətim birmənalıdır”.

Misir Mərdanovun təhsil naziri olduğu dövrdə şagirdlərin hicabla məktəblərə gəlməsi qadağan olunmuşdu. Bu qərar cəmiyyətdə birmənalı qarşılanmamışdı, etirazlara gətirib çıxarmışdı.

Ancaq Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş ”Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumtəhsil məktəblərində təhsil alanların geyim forması hər bir məktəbin öz nizamnaməsi ilə müəyyən olunur.

Amma bu icazədən sonra da müşahidə olunur ki, bəzi valideynlər qızlarının hicablı olduğu üçün digər şagirdlərdən üstün olduğunu düşünür. Bəs görəsən bu nə qədər doğrudur?

Din.az bildirir ki, məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Gövhər Baxşəliyanın sözlərinə görə, onun hicaba münasibəti birmənalıdır.

“Biz dünyəvi dövlətdə yaşayırıq. Mən hesab edirəm ki, bugünkü Azərbaycan qadını üçün hicab geriyə doğru addımdır. Din yalnız hicabdan və namazdan ibarət deyil. Başını bağlayan hər kəsə dindar demək böyük yanlışlıqdır. İnsanın yaxşı bir müsəlman olması üçün yerinə yetirməli olduğu çoxsaylı şərtlər vardır”.

G.Baxşəliyeva deyib ki, hicab taxmaq qəbahət deyil.

“Bu insanların – gənc qızların, qadınların öz hü­qu­qu­­dur və heç kəs onların bu hüququna müdaxilə edə bilməz. Onlar bu məsələdə se­çim etməkdə tam sərbəstdirlər və biz də onların bu se­çi­minə hörmətlə yanaşırıq, yanaşmalıyıq. Ancaq gənc, həddi-buluğa çatmamış, xü­susilə, məktəb yaşlı qızların bu məsələyə qarışdırılması, aid edilməsi heç cür düz­gün deyil və yolverilməzdir. Eyni zamanda, məqamı düşmüşkən, bir mə­sə­lə­ni də qeyd etmək istəyirəm. Hicabsızlıq, çarşabsızlıq əslində Azərbaycan, türk qa­dınının böyük uğuru, nailiyyətidir. Biz bunu başa düşməli və dərk edərək, qiy­mət­­ləndirməliyik. Onillər, yüzillər boyu bütün Şərq aləmində bu cür ehkamlara – hi­caba, çarşaba qarşı mübarizə gedib. Hətta, insanlar bu yolda ölümə belə ge­dib­lər. Bu, heç də keçmiş sovet quruluşunun hicaba, çarşaba qarşı mübarizəsi və onu aradan qaldırması kimi qiymətləndirilə bilməz”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, dinşünas alim Rafiq Əliyev bildirib ki, bir nəfərin digərindən üstün olması heç də hicabla bağlı deyil.

“Bunu valideynlər özləri deyə bilərlər, amma bu, belə deyil. Bu üstünlük dinə bağlılığın ən üst səviyyəsində ola bilər ki, kimsə üstündür, kimsə üstün deyil. Allah üçün kimsə üstün deyil, ona görə kiminsə namaz qılması, hicab taxması onu Allah qarşısında digərlərindən üstün etmir. Hamı özünə cavabdehdir.

Əgər kimsə uşağının hicablı olduğu üçün digərlərindən üstün olduğunu düşünürsə və bunu deyirsə, deməli, həmin adam Allah qarşısında ciddi günah qazanır. Çünki heç kim başqa uşağın nəyə qadir olduğunu deyə bilməz. Bunu yalnız Allah bilər, kimin taleyində nə yazılıbsa, o olacaq. Ona görə hicablı ilə hicabsız arasında fərq qoymaq lazım deyil. Çünki hicablı da olub nə istəsən etmək olar, hicabsız da. Həm ağıllı, həm də ağıla batmayan işlər görmək olar. Ona görə hicabın burada heç bir əhəmiyyəti yoxdur”.

R.Əliyev deyib ki, məktəbdə vahid bir forma olmalıdır.

“Bu da yəqin ki, hicabsız formadır. Dünyəvi dövlətin məktəblərində yarı hicablı, yarı hicabsız olmaz. Biri hicablı, biri hicabsız gələndə fərq yaranır. Məktəblərdə hicablıların sayı hicabsızların sayından azdır. Ona görə hicablı gələnlərə fərqli baxırlar. Amma məktəblərdə hamı eyni formada olsa heç kim geyiminə görə özünü fərqli hiss etməz. Hər şeyin öz yeri var. Mən hesab edirəm ki, məktəbdə hicabsız gəzmək daha münasibdir. Kimsə bunu öz istədiyi kimi təqdim edirsə və gedin hicablı gəzin, siz hicablı olduğunuza görə başqalarından fərlənirssiniz” deyirsə, bu, yanlış fikirdir”.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, hicab vətəndaşın konstitusion haqqıdır.

“Qanunvericiliyə görə, hicablı olsun-olmasın, hər bir vətəndaşın təhsil haqqı var. İnanclı vətəndaşlarımız – hicablı qızlarımıza, bacılarımıza təhsil müəssisələrinə gəlməklə bağlı qadağa və ya məhdudiyyət qoyularsa, bu, onların konstitusion haqlarının kobud şəkildə pozulması deməkdir. Çox təəssüflər olsun ki, problemi şişirtmək, aranı qızışdırmaq istəyənlər də var. Bu kimi qarşıdurmalar din-cəmiyyət münasibətlərinə böyük zərbə vurur. Din-cəmiyyət münasibətləri çox həssas məsələdir. Yaddan çıxarmayaq ki, kənardan da bu münasibətlərin gərginləşməsini istəyən qüvvələr var. Ona görə də bu problemlərin tezliklə hüquqi müstəvidə həll yolu tapılmalıdır.

Azərbaycan qanunvericiliyində hicab qadağası nəzərdə tutulmayıb, “hicaba qadağa” adlı hansısa hüquqi termin yoxdur. Sadəcə, orta məktəblərdə vahid forma tələb olunur və bu məqsədlə baş örtüyünə müəyyən məhdudiyyətlər tətbiq edilir. Bu, bütün məktəblərdə deyil, bir sıra orta ümumtəhsil ocaqlarındadır.

Yəni bu gün Azərbaycanda hicabla dərsə gedən şagirdlər var. Sadəcə, bir sıra məktəblərdə bu problem qalır. Hicabla bağlı qadağalar hansısa şifahi göstərişlər əsasında olur. Lakin bunun çıxış yollarını tapmaq da mümkündür. Misal üçün, hicabla məktəbli formasını uzlaşdırmaq da olar. Yəni hicablı qız uşaqları üçün müəyyən bir standart düşünmək olar. Yaxud başqa ölkələrin təcrübəsindən istifadə eləmək mümkündür. Avropa ölkələrinin bir çoxunda, ABŞ-da belə bir məhdudiyyət yoxdur. Bu kimi təcrübələrdən istifadə eləmək olar. Ortaq nöqtə tapılarsa, gərginlik də azalar”.

K.Əsədovun sözlərinə görə, Azərbaycan Konstitusiyası, “Təhsil haqqında” qanun və digər qanunvericilik aktlarına görə 4500 orta ümumtəhsil məktəblərində təhsil alan 1.6 milyon şagirdin hamısı eyni, bərabər hüquqlara malikdir.

“Heç bir şagird geyiminə, sosial mənsubiyyətinə görə biri digərindən üstün deyil. Valideynlərin belə düşünməsi yanlış və təhlükəlidir. Belə hallar gələcəkdə ciddi problemlər yarada, dini ayrı-seçkilik yarada bilər ki, bu da yaxşı hal deyil”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...