Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Çinin müsəlman türkləri məhvetmə siyasəti necə aparılır?

Çində uyğurlara qarşı assimilyasiya siyasəti pik həddə çatıb.

Axar.az siyasi şərhçi Şahin Cəfərli ilə müsahibəni təqdim edir:

– Çin hakimiyyətinin uyğurlara qarşı assimilyasiya siyasətini pik həddə çatdırdığı barədə informasiyalar yayılır…

– Bu problem təxminən 250 ildir Çinin başını ağrıdan məsələlərdən biridir. Hazırda Çinin Sintszyan-Uyğur muxtar vilayəti adlanan Şərqi Türküstan əraziləri daim Pekin üçün narahatlıq mənbəyi olub, zaman-zaman orada kütləvi etirazlar, üsyanlar, qanlı hadisələr baş verib. İndi belə görünür ki, Çin Kommunist Partiyası təkcə güc tətbiq etməklə bu məsələnin daimi həllinə nail ola bilməyəcəyini dərk edərək, daha köklü çözüm yolu tapıb. Bu yol həmin regionda yaşayan türk-müsəlman xalqlarının milli identikliyini yox edərək onları assimilyasiya etməkdən ibarətdir. Bunun üçün uyğur və digər türk-müsəlman xalqlarının milli identikliyinin önəmli təməl daşlarından olan türk-islam mədəniyyəti və ənənələrindən onları qoparmaq siyasəti aparılır. Regionda Çin hökumətinə loyallıq göstərməyən, azacıq ictimai fəallığı hiss olunan, davamlı olaraq məscidlərə gedib ibadət edən insanlar islah-əmək düşərgələrinə toplanır. Orada gündəlik təbliğat tədbirləri ilə onların beyni yuyulur. Bundan başqa, uyğurların evlərini müntəzəm olaraq yerli məmurlar ziyarət edir, hətta çağırılmamış qonaqlar bir neçə gün evlərdə qalıb, təbliğat aparırlar. Bir çox tarixi abidənin, hətta məzarlıqların dağıdılması barədə məlumatlar var. Yerli əhaliyə nəzarət üçün hökumət müasir texnoloji imkanlardan da yararlanaraq rəqəmsal izləmə sistemi qurub. Bütün bu tədbirlərdə məqsəd şübhəsiz ki, yeri əhalinin tarixi yaddaşını silmək, onları öz köklərindən qoparmaqla uyğur bölgəsində Çinə loyal olan bir topluluq yaratmaqdır.

– Uyğurlara qarşı assimilyasiyanın Çinin iqtisadi siyasəti ilə bir əlaqəsi varmı?

– Burda geosiyasi və geoiqtisadi amillərin də rolu var. Sintszyan-Uyğur bölgəsi Çinin ən böyük inzibati-ərazi vahididir. Bu region ölkənin şimal-qərb zonası, dünyaya çıxış yollarından biridir. Çinin qlobal infrastruktur layihəsi olan “Bir kəmər, bir yol” çərçivəsində 3 Transavrasiya iqtisadi dəhlizindən biri – Şimal dəhlizi (Çin-Orta Asiya-Rusiya-Avropa) buradan keçir. İnşa olunan 15 quru limanı (yük terminalı) və 2 hava limanı ilə Sintszyan mühüm logistika mərkəzi olacaq. Bu səbəblə, bölgədə uzunmüddətli sabitliyi bərqərar etmək və etiraz potensialını aradan qaldırmaq Çin üçün həyati əhəmiyyətli vəzifəyə çevrilib. Ərazi təbii ehtiyatlarla – neft, qaz və kömürlə də zəngindir, ölkənin quruda hasil etdiyi neftin 30%-i, təbii qazın üçdə biri və kömürün 40%-i bu bölgənin payına düşür, bu da Sintszyanın Çin üçün əhəmiyyətini artıran daha bir amildir. Buna görə də bölgədə uzunmüddətli sabitliyi bərqərar etmək və etiraz potensialını aradan qaldırmaq Çin üçün həyati əhəmiyyətli vəzifəyə çevrilib. Yəni bu məsələ Çinin milli təhlükəsizliyi və iqtisadi rifahı baxımından çox önəmlidir.

– Uyğurlara qarşı son davranışlar ölkə ərazisində Uyğur müqavimət hərəkatının yaranmasına səbəb ola bilərmi?

– Açıq deyək ki, bölgə haqda informasiyalarımız məhduddur. Oraya çox nadir hallarda xarici jurnalistlər və diplomatlar buraxılır. İfşaedici məlumatların yayılmasından sonra bu cür səfərlər də ciddi şəkildə məhdudlaşdırılıb. Ona görə də uyğurlar arasında hansısa müqavimətin olub-olmadığını söyləmək çox çətindir. Amma uyğurları sakitləşdirmək üçün tətbiq olunan sərt metodlardan sonra orada ciddi kütləvi etirazların baş verməsi ehtimalı çox aşağıdır.

– Niyə ABŞ-ı çıxmaq şərtilə, Qərb hələ də Çinin qərbində yaşanan situasiyaya reaksiya vermir?

– Bunun bir neçə səbəbi var. Əvvəla, Çin qlobal oyunçudur, böyük gücdür. Bu ölkə BMT TŞ-nin 5 daimi üzvündən biridir, dünyanın ikinci böyük iqtisadiyyatına sahibdir. Onun siyasətinə qarşı çıxmaq, onu ittiham etmək asan iş deyil. Bu, təkcə Çinin böyüklüyündən qaynaqlanmır. Məsələn, ABŞ supergücdür, amma dövlətlər çəkinmədən onun siyasətini tənqid edə bilir. Çünki ABŞ demokratik dövlətdir və tənqidlərə tam açıqdır. ABŞ mediası və ictimaiyyətinin özü ABŞ-ı hamıdan çox tənqid edir. Amma Çin azadlıqların olmadığı totalitar rejimdir və tənqidlərə dözümlü deyil, ən kiçik tənqidə belə çox sərt reaksiya verir. Məsələn, bir neçə ay əvvəl Türkiyə XİN-in uyğurların durumu ilə bağlı yüngül tənqidi açıqlamasına Çin İzmirdəki Konsulluğunu bağlamaqla və bu cür tənqidlərin davam edəcəyi halda, başqa tədbirlər görəcəyi hədəsi ilə cavab vermişdi. Ona görə də türk dövlətləri (həmçinin bəzi Qərb dövlətləri də) ehtiyatlı mövqe tutur. Digər tərəfdən, bütün dövlətlər, xüsusən də Orta Asiya ölkələri Çinlə çox dərin iqtisadi əməkdaşlıq qurublar, Çindən oraya investisiyalar gəlir. Ölkələr bu əməkdaşlığı riskə atmaq istəmir. Başqa bir səbəb budur ki, əksər türk-müsəlman ölkələrinin özlərində insan haqları, demokratiya ilə bağlı ciddi problemlər var. Yalnız Türkiyəni bu sırada istisna kimi qeyd edə bilərik. Yəni öz daxilində bənzər problemlər yaşayan ölkələrin Çini eyni problemlərə görə ittiham etməsi asan deyil. Qərb dövlətlərinə gəldikdə isə ABŞ-ın liderliyi ilə onlar zaman-zaman Çinə öz etirazlarını bildirirlər. Amma onlar da öz iqtisadi maraqları naminə çox da risk etmək istəmirlər.

– Çin daxilində milli azlıqlara qarşı artan təzyiqlər, üstəlik, ölkənin şərq və qərbi arasında iqtisadi uçurumun artması gələcəkdə separatçılıq meyilləri və üsyan ovqatı yarada bilərmi?

– Bilirsiniz ki, Çində uyğur bölgəsindən əlavə, Tibet regionunda da oxşar problem var. Bu iki region qonşudur, bu da Çin hökumətini Sintszyan üzərində möhkəm nəzarəti təmin etməyə yönəldən əlavə amildir ki, bir regionda ortaya çıxacaq qarışıqlıq digərinə sirayət etməsin. Çünki birində yaranacaq problem və mərkəzi hökumətin zəifləməsi zəncirvari şəkildə digərinə də təsir edə bilər. Bundan başqa, son aylarda Honkonq məsələsi də Çinin başını ağrıtmağa başlayıb. Üstəlik, Tayvan problemi də var. ABŞ təbii ki, Çinlə qlobal rəqabətində bu məsələlərdən istifadə etməyə çalışır. Ötən həftələrdə ABŞ Konqresi həm Honkonq, həm də uyğur məsələsi ilə bağlı qanunlar qəbul edib. Bu sənədlərdə Çində insan haqlarının pozulmasına görə məsul olan rəsmilərə sanksiyaların tətbiqi və digər məqamlar yer alıb. ABŞ Tayvana hərbi dəstəyini də artırır. Bütün bunlar, obrazlı desək, Çinin yaralı yerlərinə duz səpməyə bərabər addımlardır və Pekində böyük qıcıq doğurur. ABŞ bu istiqamətdə səylərini davam etdirəcək. Ona görə düşünürəm ki, hətta iki ölkə arasında ticarət müqaviləsi imzalansa belə, ABŞ-Çin münasibətləri gərginləşəcək. Şübhəsiz ki, bu gərginliyin Çinin daxilinə də təsirləri qaçılmazdır. Çində iqtisadi inkişaf tempinin aşağı düşməyə başlaması da bu ölkə üçün həyəcan siqnalıdır. Əgər bu tendensiyanın qarşısı alınmazsa, ölkə daxilində sosial gərginlik artacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...