Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Cüzam xəstələrinə ümid verən İbn Cəssar

Həm din, həm də tibb elmi sahəsində təhsilə malik olan İbn Cəssar …

Avropanın qaranlığına büründüyü vaxtlarda müsəlman dünyası bir-birindən qiymətli alimlər yetişdirirdi. X əsrdə dünyaya gələn İbrahim ibn Cəssar da belələrindən idi. Bütün dünya cüzam xəstəliyinin müalicəsinə görə məhz ona borcludur.

Haşiyə: Cüzam, dəridə, qol, ayaq və üz sinirlərində, burunda və bədənin digər hissələrində ağır toxuma pozulmalarına səbəb olan xəstəlikdir.

O, 920-ci ildə bugünkü Tunisdə dünyaya gəlib.

Babası və atası yaşadığı ərazidə tibb sahəsindəki fəaliyyətləri ilə məşhur olublar. İlk təhsilini də atasından alan İbn Cəssar həm din, həm də tibb elmi sahəsində təhsilə malik olub. Bir müddət sonra isə öz arzusu ilə atası və babası kimi tibb və əczaçılıq sahələrində fəaliyyətlərini artırıb. Dövrün qorxulu yuxusuna çevrilən cüzam xəstəliyi ilə bağlı işləri isə onu bütün dünyada məşhur həkim kimi tanıdıb. Tibb və əczaçılıq elmlərinin bir elm sahəsi kimi qəbul edilməsi əvəzinə, ayrı-ayrı elm sahələri olduğunu müdafiə edənlərdəndir.

Orta əsr avropasında cüzam xəstəliyi ölümə bərabər götürülürdü. Bir nəfərin cüzam xəstəliyinə tutulması onun kilsə üzvlüyündən atılmasına səbəb olurdu. Müalicə etmək bir yana, iyrənc rituallar həyata keçirilirmiş. Belə ki, xəstəliyə tutulmuş şəxs sanki ölmüş biri kimi çuxura atılır və keşişlər tərəfindən üstünə torpaq tökülərək dualar oxunurmuş. Ölüm ritualları başa çatdıqdan sonra xəstə adam heç kimin yaşamadığı adaya atılırmış. Kimsəsiz adalara atılan cüzamlılar xəstəlikdən olmasa da, aclıqdan və ya susuzluqdan ölürlərmiş.

Belə bir mənzərə Avropada, hətta dünyanın bir çox yerində müşahidə olduğu vaxtda İbn Cəssar bunu dəyişdirmək üçün işə başlayıb. O, cüzamlı xəstələr üçün ayrıca xəstəxanalar qurub və müalicələrə orda başlayıb. İbn Cəssar dərmanları ilk vaxtlarda öz evində hazırlayıb.

Elmini yaşadığı ərazidən kənara çıxarmağa və cüzam xəstəliyi ilə bütün dünyada mübarizə aparmağı qarşısına məqsəd qoyan İbn Cəssar Avropanın bəzi yerlərini gəzərək oradakı xəstələrə də şəfa verməyə nail olub. O, İtaliyanın şimal bölgələrindən Fransanın cənubuna qədər, hətta şimali İspaniya sahillərinə qədər gedib orada müalicələr həyata keçirib və xəstələri tənha adalara atmadan da müalicə edilə bildiyini göstərib.

İbn Cəssarın səfəri, səyahət etməyi çox sevdiyi məlumdur. Özü kimi səyahət etməyi sevən və ya səyahət etmək məcburiyyətində qalanlar üçün səfər əsnasında üzləşdikləri xəstəliklər və bu xəstəlikləri necə müalicə ediləcəklərini müfəssəl surətdə qələmə aldığı “Səyahət kitabı” adlı əsərlə birlikdə nə qədər qabiliyyətli tibb alimi olduğunu sübut edib.

Bu əsərdə İbn Cəssar tamamilə sınaqdan keçirdiyi və inkişaf etdirdiyi müalicə üsullarını bir-bir göstərib. Bunlarla yanaşı şəxsi fikirlərini də əsərə daxil etməyi yaddan çıxarmayıb. Kitabın məzmunu əsasən daxili xəstəliklərilə bağlı faydalı məlumatlardan ibarət olub.

Bu əsərin daxilində təbii ki, cüzamla bağlı çox faydalı məlumat da var. Kitab o qədər məşhurlaşıb ki, bütün dünyada həkimlərin böyük əksəriyyəti ondan mənbə kimi istifadə ediblər. Bu vəziyyətdən istifadə etməyə çalışan Konstantin adlı bir tərcüməçi kitabı öz adına çıxmağa çalışıb və hətta uzun müddət Avropanın bəzi yerlərində ad çıxarıb. Onun bu hiyləsini ifşa edən isə Dimitrius adlı avropalı olub. O, bu barədə polislərə xəbər verib və Konstantin kitabın nüsxəsini çıxardarkən cinayət başında yaxalanıb.

Qarşılaşdığı hadisələr, tətbiq etdiyi müalicələr və şəxsi fikirlərinin itməməsi üçün intensiv səylər göstərən İbn Cəssarın bütün bunları ceyran dərilərinə yazaraq evində mühafizə etdiyi, yəni kitablarına ceyran dərilərinə yazaraq başladığı məlum olur. Bu dərilər İbn Cəssarın yaşı və təcrübələri artdıqca tonlarla ağırlığa çatıb. Bildirilir ki, İbn Cəssar dünyadan köçərkən onun əlyazmalarının ağırlığı 10 tondan artıq olub.

İbn Cəssar yaşadığı dövrlərdə elitaların və ya zənginlərin şəxsi həkimi olmağı rədd edib, belə demək mümkünsə, xalqın içində olan həkim kimi xidmət göstərib. Əsərlərində xüsusilə dərman almağa pulu çatmayan insanlar üçün daha praktik və nəsə almağı tələb etməyən müalicə üsulları yazması buna sübutdur. Xüsusilə “Tibb-ul-fuqara vəl məsakin” əsəri əvvəldən axıra kimi belə məlumatlarla doludur.

İbn Cəssar onlarla əsər yazıb və bu əsərlərin bir çoxu ərəb dilində qələmə alınıb. Daha sonra latın, yunan və ibrani dillərinə də tərcümə edilib. Yaşadığı dövrün ən bacarıqlı həkimi və əczaçısı kimi qəbul edilən İbn Cəssarın əsərləri yalnız tibb və ya dərmanlarla bağlı olmayıb. Tarixə, mədəniyyətə, insan nəfsinə və psixologiyaya da marağı olduğu üçün bu barədə də əsərlər yazıb.

Getdiyi ölkələrdə qarşılaşdığı bütün xəstəliklərə diaqnoz qoyub, müalicələrini tapmağa çalışan və özünü elmə həsr edən İbn Cəssar 1005-ci ildə dünyasını dəyişib / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...