Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Deputatdan QMİ-yə Həcc ÇAĞIRIŞI: “Şübhə yeri qalacaq”

İnsanlara da başa salmaq lazımdır ki, Həcc ziyarətinə turist kimi getməsinlər.

Hər il Həcc ziyarətinə Azərbaycandan da xeyli zəvvar qatılır. Ötən ilkindən fərqli olaraq bu il Azərbaycandan gedəcək zəvvarların say limiti 1500 nəfər müəyyənləşib. Bu  o deməkdir ki, zəvvarların sayı ötən ilkindən azdır.

Həmçinin, ötən il Azərbaycanda manatın ikinci dəfə devalvasiyaya uğramasından sonra dolların kursu xeyli bahalaşıb. Bu səbəbdən də ziyarət xərcləri ötən ilkilərdən bahadır.

Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az – 1500 nəfər müəyyənləşib. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır.

Həcc ziyarəti zamanı qiymətlərin baha olması səbəbindən bir çox azərbaycanlı zəvvarlar ziyarət istəklərini həyata keçirə bilmir. Belə məqamda Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ziyarət qiymətlərini azalda bilərmi?

Din.az modern.az-a istinadən deputat Fazil Mustafanın açıqlama verdiyini xəbər verir. Millət vəkili deyib ki, qiymətlərin baha olması təkcə QMİ-dən asılı olmur. “Qiymətlərin baha olması Səudiyyə Ərəbistanından da asılıdır. Qiymətlər barədə konkret nəsə deyə bilmərəm. Çünki həqiqətən də bəzən Səudiyyə Ərəbistanında otel, təyyarə qiymətləri ilə bağlı problemlər olur”.

Fazil Mustafanın sözlərinə görə Həcc ziyarəti zamanı hər il qiymətlərlə bağlı şikayətlər olur. Həmçinin, QMİ-nin də üzərinə müəyyən vəzifə düşür.

“Əvvəla, insanlara da başa salmaq lazımdır ki, Həcc ziyarətinə turist kimi getməsinlər. Müəyyən dərəcədə şöhrət və başqa məsələlər üçün Həcc ziyarətini seçməsinlər. Bu məqsədlə gedənlərə təbliğ olunmalıdır ki, bunun özü də yaxşı hal deyil, saxtakarlıqdır. Bunu bir az şəffaf şəkildə həyata keçirmək daha doğru olar. Görünür, şəffaflıq kifayət qədər normal deyil ki, insanlar narazı qalırlar. İnsanlara “təyyarə qiyməti budur”, “otel qiyməti budur”,  “digər məsrəflərin qiyməti budur” deyib  izah edəndə şübhə yeri də qalmaz.

Qafqaz Müsəlmanları İdarəsi  Həcc ziyarəti hazırlıqlarına özünün sərf olunan vəsaitini də  qeyd etməlidir. O zaman  vətəndaş da bilər ki, gerçəkdən də bu qədər məbləğ onun yol və qalmaq xərcinə yönəlir. Bu qeyd edilmədikdə həmişə şübhə yeri qalacaq. Təəssüf ki, hər il qiymətlərlə bağlı şikayətlər olur. Həmçinin,  insanlara xidmət yanaşması da olmalıdır. Həcc ziyarəti pul qazanmaq sahəsi olmamalıdır. Təəssüf ki, bizdə “çox gəlir götürüm” yanaşması var. Həcc ziyarətinə gedən hansısa insana rahatlıq yaratmaq, onun şəraitini yüngülləşdirmək insan üçün faydalı sayıla bilər. Çox təəssüf ki, bizdə bunu düşünmürlər”.

Deputat bəzi insanların borca girib ziyarətə getmək istəklərinə  münasibət bildirərkən deyib ki, bu məsələdə insanların psixologiyasını da dəyişmək lazımdır.

“Həcc ziyarətinə imkanı çatmayan insan vacib deyil ki, borca girib bu ziyarəti gerçəkləşdirsin. Nə zaman imkanı olarsa, o zaman gedər. Hətta elələri var ki, deputat olaraq gəlib bizdən pul istəyir. Məsələn, “mənə 200 manat verin. Kərbəla ziyarətinə getmək istəyirəm” deyir.

Deyirsən maddi imkanın yoxdursa niyə getmək istəyirsən? İmkanın yoxdursa, borc alıb ziyarətə getməzlər axı! Düşünürəm ki, insanların psixologiyasını da dəyişmək lazımdır. İmkan zəifdirsə, yoxdursa, gözlə, olanda ziyarətini gerçəkləşdirərsən. Ucuz olarsa gedər. Əgər Həcc ya da digər ziyarətləri həyata keçirə bilmirsə, o zaman Allah biləcək ki, getmək niyyəti var, sadəcə imkanı yoxdur”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...