Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Din nə siyasət, nə də dövlət işlərinə qarışmalıdır…

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov: “Dinin insan həyatında rolu insanın dinə münasibətindən asılıdır”.

“Bu savaşın qalibi bizik…!”

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov: “Mənim üçün millətçilik başqalarını aşağılamaq deyil, öz millətini uca tutmaqdır, mədəniyyətinə, tarixinə, dəyərlərinə, həm də gələcəyinə sahib çıxmaqdır”

 

Bir az çətin adama oxşayır elə bil. Gözlüyünün arxasında gizlədikləri var. Ciddi, amma bir o qədər də səmimi adam təsiri bağışlayır. İlk baxışdan azca ehtiyat edirsən, amma söhbət əsnasında gözlük ardında gizlənənlərdən sənin də payına düşür və görürsən ki, bu adam elə sən deyəndi. Ürəyi uşaqlığında qoyub gəldiyi Vətən boydadır və o Vətənin düz ortasından Zabux çayı keçir…

Boğulmamaq nə mümkün, əfəndim…

Mən gördüm, baxdım, susdum. Sizsə…

Oxuyun.

Vaxtınız deyil, Vətən sevginiz varsa oxuyun bu müsahibəni…

– Gündüz bəyi öz dilindən oxucularımıza tanıdaq. Harda doğulmusunuz, uşaqlığınız necə keçib? Arzularınız nələr olub?

– Laçında rayon mərkəzindən çox da uzaq olmayan məhşur bir kənd var – Zabux, orda doğulmuşam. İndi ermənilər həmin kəndi dağıdıb, yerində yeni qəsəbə salırlar. Son vaxtlar bizim mətbuatda bu barədə xeyli yazılar, şəkillər gedib. Dağlıq Qarabağı Ermənistanla birləşdirən yol – Laçın dəhlizi, bizim kəndimizdən keçir. Yəqin, fikirləşirlər ki, oranı heç vaxt qaytarmayacaqlar, ona görə özləri üçün yeni qəsəbə salırlar. Amma adım kimi əminəm, Zabuxda doğulmuşam, Zabuxda öləcəyəm.

1992-ci ilin mayına qədər, Laçın işğal edilənəcən həmin kənddə yaşamışam, məktəbə getmişəm. Uşaqlığımın sonrakı illəri Bakıda keçib: bir az çətin, amma ümidli. Hər il Yeni ili, Novruzu “gələn il kəndimizdə qeyd edək” arzusu ilə yola salmışıq. Əslində bu, uşaqlığımızın arzusu idi, indi gəncliyimizin arzusuna çevrilib. Bəlkə də, artıq arzu deyil, həyatımızın amalıdır.

Bakıda 2 il Pirşağıdakı məktəbdə, 3 il Makarenko adına gimnaziyada, 2 il də 287 saylı Zəkalar Liseyində oxumuşam. Diplomat ya da filoloq olmaq istəyirdim. Amma bildiyiniz kimi, ilahiyyatçı oldum.

gündüz-01– Millət anlayışı sizin üçün nə ifadə edir? Bəs Laçın?

– Özümü inanclı adam sayıram. İnancıma görə isə hansısa millətin Yaradanın dərgahında üstünlüyü yoxdur. Allah dərgahında üstünlük yalnız təqvaya – inama və əmələ görədir. Amma millətlərin üstünlüyü anlayışı olmasa da, fərqliliyi və zənginliyi anlayışı var. Mən mənsub olduğum millətin Yaradanın dərgahında üstünlüyünə yox, sözün bütün mənalarında zənginliyinə və fərqliliyinə inanıram. Mənim üçün millətçilik başqalarını aşağılamaq deyil, öz millətini uca tutmaqdır, mədəniyyətinə, tarixinə, dəyərlərinə, həm də gələcəyinə sahib çıxmaqdır. Bu da yalnız milli dövlətçiliyini qurmaq və onu qorumaqla mümkündür. Ona görə də, mənim üçün dövlətçilik Millət və Vətən qədər müqəddəs anlayışdır. Əslində, dövlət həm də Vətənin və Millətin mövcudluğunun qarantıdır. Dövlətini sevməyənin Millətini və Vətənini sevə biləcəyinə inanmıram. Millətini sevməyən “bəşəriyyət aşiqləri”ni də saxtakar sayıram. Çünki milli olmadan bəşəri olmaq mümkün deyil. 

Laçına gəlincə, ora mənim doğulduğum torpaqdır, yurd yerimdir. Böyük Vətənimin bir parçasıdır. 

– Vətən geridə qalan yerdimi, irəliyə getmək məcburiyyətidirmi? 

– Siz “Vətən” dedikdə doğulduğum rayonu, kəndi nəzərdə tutursunuzsa, mən onu nə arxada qoymuşam, nə də özümdən irəliyə buraxmışam: həmişə içimdə, ürəyimdə daşımışam. 

Bəlkə də, kiməsə qəribə gələcək. Azərbaycanı qarış-qarış gəzmişəm, Avropada, Amerikada olmuşam, amma doğulduğum kənddən uzaqlaşa bilməmişəm. Hara getmişəmsə, kəndimi görmüşəm. Hətta dünyanın o biri başında, uzaq Amerikanın uzaq bir ştatında qaldığım otel otağının pəncərəsindən belə kəndimizə baxmışam, Zabuxçayın səsini eşitmişəm. Dünyanı kəndimizlə bərabər dolanıb qayıtmışam. Bunun bircə adı var: dəhşət və məşəqqət.

– Bildikləriniz və bilmədikləriniz…

– Əvvəllər elə fikirləşirdim ki, yeni nəsə öyrəndikcə bilmədiklərimin sayı azalır. Amma indi başa düşürəm ki, öyrəndikcə bilmədiklərimin sayı çoxalır. Çünki öyrəndikcə, bilmədiklərimin nə qədər çox olduğunu anlayıram.

– Dinin insan həyatında rolu nədir? Eləcə də dövlətdə…

– Dinin insan həyatında rolu insanın dinə münasibətindən asılıdır. Bu barədə hər kəs öz fikrini deyə bilər. Ancaq dinin dövlətdə rolu tamam başqa məsələdir. Qısaca onu deyim ki, . Dövlət isə dinə qarşı çıxmamalıdır. Hər iki hal dövlət üçün təhlükədir. Bir də ki, din Allaha xidmət adıyla insanları istismar etmək deyil, əsl din Yaradana xatir yaradılmışa xidmətdir. 

Məncə, dövlət-din münasibətləri baxımından ən ideal quruluş dünyəvilikdir. Amma dünyəviliyin müxtəlif modelləri var. Əminliklə deyirəm, ən nümunəvi model Azərbaycanındır. Bu məsələdə hər kəslə müzakirəyə və mübahisəyə hazıram.

– Dini Komitədə nə var, nə yox?

– Hər kəs öz işinin başındadır.

– İcazənizlə bir az fəaliyyətiniz haqqında danışaq…

– Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əsas fəaliyyətini və diqqətini ölkədə dini maarifçilik işinin aparılmasına və milli-mənəvi dəyərlərimizin təbliğinə yönəldib. Gördüyümüz işlər göz qabağındadır. Azərbaycanda elə bir şəhər, rayon, hətta məscid, kilsə, sinaqoq ola bilməz ki, Dövlət Komitəsinin həyata keçirdiyi əsaslı tədbirlərdən kənarda qalsın. Əlbəttə, görüləcək işlər çoxdur. Xüsusilə dini təhsil, milli kadrların hazırlanması sahəsində hələ xeyli iş görülməlidir. Amma bu sahədəki bütün məsələlərin öz həllini tapacağına əminəm. Çünki dövlət-din münasibətləri, bununla bağlı məsələlər Prezident İlham Əliyevin diqqət və qayğısı altındadır. Həmçinin, Dövlət Komitəsi bu sahə ilə əlaqəli işləyən bütün qurumlarla, xüsusilə Qafqaz Müsəlmanları İdarəsi ilə sıx əməkdaşlıq edir.

gündüz-03– Humanizm hər insan və hər dövr üçün keçərli keyfiyyətdirmi?

– Məişət və fərdi müstəvidə bəli, amma milli məsələdə, cəmiyyətin ümumi maraqları baxımından xeyir. Milli məsələdə yersiz humanizm, hətta xəyanət sayıla bilər. Məncə, dövlət öncə gücünü göstərməli, sonra böyüklük göstərib əfv etməlidir. 

– Kədər daşlaşırmı?

– Kədər nəinki daşlaşa, hətta daşlaşmış kədər göyərə bilər. Mən şairdən fərqli olaraq, “Bu dünyanın qara daşı”nın göyərə biləcəyinə inanıram.

– Təqvimdəki ölü günlər…

– Təqvimdə ölü günlər yoxdur, istədiyimiz kimi yaza bilmədiyimiz günlər var. Nə qədər ki, sağıq, ölü günləri yenidən dirildə bilərik.

– Siyasətin insan kamilliyində yeri. Ümumiyyətlə, Anadolu türklərinin dili ilə desək, “elmi siyasət” lazımlı məsələdirmi?

– Mən məmuram, cənab Prezident mənə məmur kimi etimad göstərib. Vəzifəm dövlətimə, millətimə layiqli xidmət etməklə Prezidentin etimadını doğrultmaqdır. Siyasət mənim maraq və fəaliyyət dairəm deyil. Maraq dairəm ədəbiyyat və dindir, bu barədə nə qədər desəniz, danışa bilərəm.

– “525”də nə vardı?

– Ümid vardı və o ümid bu gündə var…

– Bəs mətbuatda nə var?

– İndi siz bunu məndən daha yaxşı bilərsiniz.

– Yazı üslubunu, savadını, ümumiyyətlə götürsək, qələmini sevdiyiniz mətbuat adamı…

– Məncə, bizim klassik mənada başa düşdüyümüz mətbuat adamı anlayışı artıq aradan çıxmaq üzrədir. İndi informasiya ilə işləyənlər, bir də ədəbiyyatla məşğul olanlar var.

– Ədəbiyyatı, musiqini sevirsinizmi? Məsələn, gözəl bir şeir dinləyəndə, ya da “Çırpınırdı Qara dəniz” oxunanda nə kimi hisslər keçirirsiniz?

– Məncə, ədəbiyyata, xüsusilə musiqiyə biganə adam yoxdur. Amma zövqlər müxtəlifdir. Hansı hisslər keçirməyim dinlədiyim şeirdən, musiqidən, bir də həmin vaxt əhval-ruhiyyəmdən aslıdır. Ancaq “Çırpınırdın Qara dəniz”in musiqisi tamam başqadır. Ona qulaq asanda elə bilirəm, çırpınan Qara dəniz yox, mənim ürəyimdir. Ümumiyyətlə, məncə, yalnız folkloruna, xüsusilə xalq mahnılarına və bayatılarına görə bu milləti sevməyə dəyər. Millətin zənginliyi, böyüklüyü, həm də üstünlüyü bax budur – mədəniyyət! Bunu nə Allah, nə də bəndə inkar edə bilər.

– Bayrağın sancılmaq istədiyimi, sancıldığı yerdimi Vətən?

– Mənim üçün Vətənimin sərhədləri dövlətimin sərhədlərindən qat-qat böyükdür. Bayrağa gəlincə, o mübarək bayrağın sancılacağı o qədər Vətən torpağı var ki!…

– Biz o torpaqlara dönəcəyikmi?!

– Şübhəniz olmasın! Dünyada onilliklər, hətta yüzilliklərlə çəkən müharibələr olub. Peyğəmbərləri yəhudiləri 40 il səhrada gəzdirib. Onlar gedəcəkləri yeri 40 il gözləməli olublar. Bu savaşın qalibi bizik. İndiki mərhələdə əsas olan dövlətimizi qorumaq və gücləndirməkdir. Biz son üç əsrdə heç vaxt bu qədər güclü və ümidli olmamışıq.

– İtirilən hər şeyi bir formada yerinə qoymaq olar, dəyərlərdən başqa. Nə etmək lazımdır ki, vətəndaş düşüncəsindəki qarma-qarışıqlar cəmiyyətin nizamına təsir etməsin? Ya da daha sadə dildə desək, biz hara gedirik? Axı gəldiyimiz yerlər buralar deyildi?

– Əgər bir millətin övladları Vətən üçün şəhid olmağa hazırdırlarsa, deməli, o millətin mənəviyyatının və dəyərlərinin itəcəyindən narahat olmağa dəyməz. Çünki ən böyük dəyər vətənpərvərlikdir, onu da xalqımız bu yaxınlarda bir daha nümayiş etdirdi. Görünür, bu milləti hələ də yaxşı tanımayıblar.

“İslamı bölənlər adam olmadan “müsəlman” olanlardır”

– Böyüklərimiz bizə dini “A bala bunu eləmə, Allahdan ayıbdır” kəlməsində öyrədiblər. Adət-ənənələrimizdə qanımıza hopdurublar. Biz onların ismətindən dinin müqəddəsliyinə inanmışıq. Bu gün dini anlamda baş verən ayrı-seçkiliklər əslində nəyin nəticəsi və nəyin göstəricisidir? Axı Allah birdir, niyə insanlar bölünür?

– İlahiyyat fakültəsində oxuyanda bir dəfə auditoriyada necə yaxşı müsəlman olmaqdan söhbət düşdü. Yaşlı müəllimimiz dedi ki, övladım, öncə adam olacaqsınız, adam olmadan müsəlman olmaq mümkün deyil. Hərdən mənə elə gəlir ki, İslamı bölənlər adam olmadan “müsəlman” olanlardır.

– Əlavə etmək istədikləriniz…

– Məncə çox şeydən danışdıq.

– Bizə sözünüz…

– Uğur olsun!

– Bütün səmimiyyətimlə təşəkkür edirəm!

– Çox sağ olun.

Söhbətləşdi: Nigar İSFƏNDİYARQIZI

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...