Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“Din və multikultural təhlükəsizlik” mövzusunda konfrans keçirilib

“Beynəlxalq təhlükəsizliyə yaranmış təhdidlərin əsasını dini və etnik zəmində baş verən münaqişələr təşkil edir”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə “Din və multikultural təhlükəsizlik” mövzusunda konfrans keçirilib.

Din.az APA-ya istinadən bildirir ki, DQİDK sədrinin müavini Səyavuş Heydərov bildirib ki, dünyada ictimai-siyasi proseslərdəki gərginlik dinamikasının artdığı zamanda beynəlxalq təhlükəsizliyə yaranmış təhdidlərin əsasını dini və etnik zəmində baş verən münaqişələr təşkil edir. Onun sözlərinə görə, dünyanın aparıcı güc mərkəzləri, bəzi iddialı ölkələr insan hüquqları, din azadlığı anlayışından öz geosiyasi, geoiqtisadi maraqlarını təmin etmək üçün bir alət, vasitə kimi ifadə etməkdədirlər: “Bunun da acı nəticəsi Yaxın Şərqdə görünməkdədir. Narahatedici məqam ondan ibarətdir ki, hələ də bu neqativ, təhlükəli proseslərdən zəruri nəticə çıxarılmayıb. Multikulturalizm siyasəti bəşəri dəyərlər sisteminə, xüsusilə beynəlxalq təhlükəsizliyə yaranmış təhdidlərin qarşısının alınmasında çox önəmli strategiyaya çevrilib. Artıq dünya birliyinin gözü Azərbaycanın bu siyasətinə yönəlib”.

S. Heydərov qeyd edib ki, dünyada radikalizmin, ekstremizmin fəsadlarına qarşı mübarizədə Azərbaycan strategiyasının alternativi yoxdur: “Azərbaycan sülhün carçısı olduğunu sözlə deyil, əməllə göstərir. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, dünya birliyi tərəfindən görülən tədbirlərin bir çox hallarda imitasiya xarakterli olduğunu görürük. Bir çox ölkələrdə tolerantlıq zəifləyib, bunun əvəzi isə islamafobiya, ksenofobiya olur. Bu gün xəsətlənmiş dünyanın xilası üçün Azərbaycan öz medotu ilə müalicə resepti ortaya qoyub. Bu isə Azərbaycanın dünyadakı nüfuzunun artmasına çox böyük təkan verir”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, çoxları üçün multikultural təhlükəsizlik konsepsiyası yeni bir anlayışdır: “Multikulturalizm siyasəti hansısa dövlətin rəsmi siyasətinə çevrilibsə, multikultural təhlükəsizlik də onun milli təhlükəsizliyinin tərkib hissəsinə çevrilməlidir. Bu məsələ getdikcə daha da aktuallaşır. Bu gün nadir ölkələr var ki, mono-etnik xarakterlidir. Əksər ölkələrdə etnik və dini baxımdan rəngarənglik, müxtəliflik müşahidə olunur. Multikultural təhlükəsizlik sadəcə bir ifadə deyil. Bunun konsepsiyası çox yaxın keçmişdə işlənib hazırlanıb və təkmilləşməyə davam edir. Bu konsepsiyanın təməlində dayanan ən mühüm əlamətlərdən biri bərabərlik hüququnun təmin olunmasıdır”.

İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov isə deyib ki, müasir dünyada cərəyan edən mürəkkəb proseslər və baş verən münaqişələr hər bir xalqın milli-mənəvi və dini dəyələrinin qorunması zərurətini dövrün aktual məsələlərindən birinə çevirir: “Bu gün öz multikultural təhlükəsizliyini təmin edə bilməyən ölkələr terrordan və ekstremizmdən əziyyət çəkir. Hazırda dinlər və sivilizasiyalar arasında baş verən hadisələr XX əsrdə “soyuq müharibə” illərindəki ideoloji toqquşmanı əvəz edib. Belə hallarda siyasi oyunlara alət edilən din əsl missiyasını, mahiyyətini itirmiş olur”.

Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təhlilçisi Araz Qurbanov “Multikultural təhlükəsizlik: problemlər və vəzifələr” barədə təqdimatla çıxış edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...