Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Bütün xəbərlər »
Qaynar Xəbərlər
publika.az1391758718rafiq Aliyev_professor (3)(1)

Dinə fərqli baxış – “ruhi qida” yoxsa “ruhi xəstəlik”?

Share Button

Düşmənin ünvanı dəyişə bilər…

XIX-XX əsrlərin bəzi məşhur filosofları tarix boyu məsələnin əsl mahiyyətinə varmadan dinə münasibət bildirməyi özlərinə mənəvi borc hesab edir, onu “ruhi qida” deyil, “ruhi xəstəlik” – insanlar üçün “tiryək”olaraq qiymətləndirirdilər. Dini imanın ideoloji strukturu olaraq nəzərdən keçirmək isə onların ağıllarına belə gəlmirdi. Axı məntiqi baxımdan da ideoloji və siyasi struktur olmadan ideyanın həyata keçirilməsi tamamilə mümkünsüzdür. Görünür, bu günün özündə də dinlə bağlı dissertasiya, kitab, məqalələr yazan alimlər, jurnalistlər, özlərini “ilahiyyatçı” adlandıraraq KİV-də çıxış edənlər insan qəlbində dinin deyil, məhz ilahi, kosmik enerji sayılan imanın yer aldığını dərk etmək iqtidarında deyillər…

İmansız ruh mövcud deyil. O, bizdən asılı olmayan, çox müəmmalı, mahiyyəti tam bəlli olmayan bir varlıqdır. İstər fizioloji, istər də dini baxımdan iman insan qəlbinə hələ ana bətnində olduğu zaman kosmik enerji formasında daxil olur. Odur ki, imanın özü heç vaxt xəstə ola bilməz. İnsanın fiziki və mənəvi inkişafının əsasını təşkil edən bu enerjini necə “ruhi xəstəlik” hesab etmək olar? Məntiqə görə hər bir cismani və psixoloji nöqteyi-nəzərdən mövcud olan xəstəliyin səbəbi və müalicə vasitəsi, üsulları olmalıdır. Amma təəssüf ki, dahi filosoflar “ruhi xəstəlik” kimi qəbul etdikləri imanın nə xarakterini müəyyənləşdirə, nə də ondan xilas yollarını axtarıb tapa biliblər. Deməli, heç bir tutarlı səbəb olmadan dinə qarşı çıxanlar əslində vəziyyəti bir qədər də gərginləşdirir, insanları çaş-baş qoyurlar. Kifayət qədər məlumata malik olmadan din kimi mühüm ictimai əhəmiyyət kəsb edən amili məgər belə sadəlövhlüklə xarakterizə etmək olarmı? Əgər sən həqiqətən özünü filosof  hesab edirsənsə, o zaman dinlə, onun insanın şüuruna, davranışına və bütövlükdə həyat tərzinə təsiri ilə bağlı fikir yürütməyi bacarmalısan və bunu təsdiqləyən amilləri, faktları ortaya çıxarmalısan. Görünür, bunu dərk etmədikləri, bacarmadıqları üçün həmin filosoflar, alimlər din və iman mövzusuna fərqli, yanlış münasibət bəsləyir və bu səbəbdən ortaq məxrəcə gələ bilmirlər. Dinə baxış zamanı yol verilən hərc-mərcliyin, səhvlərin səbəbi də məhz həmin amildir.

İman ümumbəşəri məfhumlar arasında ilahi mahiyyət kəsb edən yeganə anlayışdır. Yerdə qalan bütün məfhumlar, o cümlədən də ideya insan şüuruna  müxtəlif yollar və vasitələrlə təlqin olunur. Ümumiyyətlə, ideyanın özünün də insanlar tərəfindən yaradıldığını dərk etmək çətin deyil. Bu və ya digər ideyanı formalaşdırıb həyata keçirərkən insanın qəlbində məskunlaşmış ruhun mühüm bir hissəsi kimi mövcud olur. Məsələn, şübhə yoxdur ki, müasir dövrün sosial-demokratik, kommunist, radikal-şovinizm, faşizm və s. kimi ideyaları insanın şüurlu fəaliyyətinin məhsuludur. Bu ideyalarda müqəddəs, ilahi, planetar heç nə yoxdur.

Bu nöqteyi-nəzərdən, dinlə – insan həyatında imanın həyata keçirilməsi strukturu ilə mübarizənin, yəni ateizmin əsas məqsədi mövcud olduğu bütün dövrlər ərzində imanı (dini ideya) yox, imanın yanlış həyata keçirilmə üsullarını – bünövrəsinə toxunmadan onun strukturunu məhv etmək istəyi olub. Məhz buna görə dinin alternativi olan ateizm yüz illərdir heç bir güzəştə getmədən dinlə amansız mübarizə aparır. Lakin bu günə kimi ortada real nəticə yoxdur…

Müasir dövrdə bu mübarizənin mahiyyəti köklü surətdə dəyişib. Artıq dinin əleyhdarları imanın strukturunu daxildən dağıtmağa çalışırlar və bu işdə xeyli uğura nail olublar. Avropada katolisizmin, Yaxın Şərqdə islamın mövcud aqibəti deyilənlərin əyani sübutudur. Nəticə göz önündədir. Hazırda biz bəşəriyyət tarixində ən vacib prosesi müşahidə edirik – öz sıralarında əsrlər boyu mövcud olan neqativ hallara (yəni, pedafiliya, rahibələrlə cinsi əlaqə və onların hamiləliklərinin pozdurulması, doğulan körpələrin öldürülməsi) kimi fəsadlara qarşı mübarizə aparan katoliklərə qoşulmuş siyasətçilər “dinə zidd üsullarla intim həyat qurub yaşayanları” – kişinin kişi ilə, qadının qadınla nikahını dəstəkləməklə, bunu hətta qanun statusuna çatdırmaqla beynəlxalq səviyyədə, xüsusən Avopa qitəsində katolisizmin cəmiyyətə təsir qabiliyyətini sıfıra endiriblər. Şərqdə isə bu mübarizənin digər fərqli yeni forması tətbiq olunur – islamın əsasları, yəni imanın praktikasını təmin edən dini strukturlar müsəlmanların özlərinin əli ilə dağıdılır. Artıq eyni dinin daşıyıcıları bir-birlərinə qarşı ölüm-dirim savaşına çıxmağa başlayıblar. Bu mübarizədə hər cür çirkin, məkrli üsullara əl atılır. Hətta imanın əsl mahiyyətini dərk etməyən müsəlmanların şüuruna ciddi təsir göstərilir, şüuru məhvedici motivlərə kökləndirir, onlara öz din qardaşlarını qırdırırlar. Qanlı nəticə göz önündədir. Dinlə mübarizənin bu forması getdikcə daha da geniş vüsət alır.

Fürsətdən yararlanıb, bu arada dövlətlə dini təhsil arasındakı münasibət kimi başqa mühüm məsələyə də toxunmaq istəyirəm.

Bu yaxınlarda yerli mətbuat orqanlarından birinə verdiyim müsahibə zamanı dini icmaların dövlət tərəfindən, büdcə hesabına maliyyələşdirilməsinin konstitusiyaya zidd olduğunu qeyd etmişdim. Elə həmin söhbətimizdən bir gün sonra dövlət başçısı ölkəmizdə fəaliyyət göstərən 5 (beş) ənənəvi dini icmaya 1 milyon 700 min manat vəsaitin ayrılması barədə sərəncam imzaladı. Həmin vaxtdan bu günə kimi oxuculardan eyni məzmunlu suallar alıram: “Prezident fondundan dini icmalara vəsaitin ayrılması düzgündürmü? Axı konstitusiyaya görə din dövlətdən ayrıdır”.

Məsələyə aydınlıq gətirmək və bununla bağlı fikrimi bildirmək istəyirəm. Azərbaycanda dini icmalar heç zaman büdcədən maliyyələşməyib və indi də maliyyələşmir. Bu məqsədlə büdcədən pul ayrılmır. Məsələ ilə bağlı sadəcə kiçik anlaşılmazlıqlar var.

Birincisi, prezidentin dini icmalara maliyyə yardımı edilməsi ilə bağlı sərəncamı birdəfəlik xarakter daşıyır və dövlət başçısı mövcud vəziyyəti və şəraiti nəzərə alaraq,  onlara vəsait ayırmağı lazım bilib. Bu, nə konstitusiyaya zidd əməl, nə də ki dinin dövlətdən ayrı olması ilə bağlı qanunun pozulması kimi qiymətləndirilməməlidir.

İkincisi, dini icmalar ictimai təşkilatlar və qeyri-hökumət təşkilatları ilə eyni statusa malikdir. Hamımız yaxşı bilirik ki, kütləvi informasiya vasitələri də, qeyri-hökumət təşkilatları da, bəzi mədəniyyət və incəsənətlə bağlı təşkilatları da vaxtaşırı maddi yardım və dövlət dəstəyi ilə təmin olunurlar. “Muğam mərkəzi”nin, rəssamlar üçün sərgi zallarının, müxtəlif konsert salonlarının tikilib istifadəyə verilməsi deyilənləri təsdiqləyə biləcək faktlardır. İl boyu qrantlar alan KİV-dən fərqli olaraq, bəzi təşkilatlar yalnız fəalliyyətləri hesabına əldə etdikləri gəlirlərlə kifayətlənməli olurlar. Dini icmalar da belə təşkilatlar sırasındadır. Bu cür qurumlara vaxtaşırı dövlət qayğısının göstərilməsində qanunazidd və vətəndaşların narazılığına səbəb ola biləcək heç nə yoxdur.

Dini təhsil, biz istəsək də, istəməsək də tolerant cəmiyyətimizin ayrılmaz hissəsini təşkil edir. Bu sahənin də diqqətə, dəstəyə ehtiyacı var. Görünür, dövlət başçısı belə bir sərəncam imzalamaqla cəmiyyətdə sabitliyin və tolerantlığın qorunmasında müsbət rol oynayan ənənəvi dini icmaların pozitiv fəaliyyətini qiymətləndirmək məqsədini əsas götürüb. Həmin siyahıya beş dini icmanın adı düşüb.  Məsələn, onlardan biri olan udin icması hələ Qafqaz Albaniyası dövründən fəaliyyət göstərir və dördüncü əsrin (301-ci il) əvvəlində separatizm nümunəsi olan, xristianlığın özündən şaxələnmiş ilk dini sekta – aqressiv erməni-qriqoryan təriqətinin bütün hiylələrinə, fitnə-fəasdlarına qarşı tək başına mübarizə aparıb, dini və etnik mənsubiyyətini qoruyub saxlayıb.

Digər tərəfdən, din cəmiyyətin üç mühüm elementindən biridir. Söhbət “hakimiyyət”, “cəmiyyət” və “din” məfhumlarından gedir. Cəmiyyətdə, eləcə də dövlətdə əmin-amanlığın, sabitliyin və sülhün bərqərar olmasında bu üç amil mühüm əhəmiyyət kəsb edir. Odur ki, bu strukturlar arasındakı qarşılıqlı etimad həm dövlətin, həm də cəmiyyətin qarşıdurmadan kənar gələcəyinin təminatıdır.

Fikrimcə, apardığım təhlil və çıxardığım son nəticə dövlət başçısının dini icmalara birdəfəlik yardımın ayrılması ilə bağlı imzaladığı sərəncamın əsl mahiyyətini dərk etməyə kifayət edəcək. Din dövlətdən ayrı olsa da, dindar ölkənin tam hüquqlu vətəndaşıdır. Dinlə dövlətin hər zaman bir-birlərinə ehtiyacı olub və indi də bu əlaqə öz aktuallığını itirməyib. Onlar arasındakı qarşılıqlı anlayış cəmiyyətin dinc yolla inkişafı üçün qaçılmaz şərtdir. Yaxın Şərqdə eyni dinə ibadət edənlərin bir-birlərinin qanını tökməsi dolayısı yolla dinlə hakimiyyət arasında normal münasibətlərin olmadığını göstərir. Bunu islam dünyasını 25 ildən çox müddətdə düşmən qismində hədəfə almış NATO-nun üzvü olan ölkələrin xarici siyasətinin, hərbiləşmiş aqressiv fəaliyyətinin nəticəsi kimi qiymətləndirmək lazımdır və bu, həqiqətən də belədir. Sovet İttifaqı dağıldıqdan sonra alyans əsas düşmən ünvanı kimi islamı hədəf aldı. Əslində düşmənin yoxluğu alyansın məhvinə səbəb ola bilərdi. Nəticədə Yaxın Şərq qanlı olaylar meydanına çevrildi və bu hadisələr neftlə zəngin Körfəz ölkələrinin maliyyə imkanları, hətta hərbi dəstəyilə indi də davam edir.

Hazırda düşmən ünvanı qismində Rusiya və onunla müttəfiqlik edən ölkələr, xüsusilə Çin Xalq Respublikası hədəfə alınıb və güman etmək olar ki, islam tərəfdarları bir düşmən kimi tezliklə öz aktuallığını itirəcək. Biz dinlə bağlı ziddiyyətli hadisələrin dövlətimizdə baş verməsini, təbii ki, istəmirik. Odur ki, özünü dindar hesab edən hər bir kəs – bütün vətəndaşlar yalnız və yalnız konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlardan yararlanmalıdırlar!  Əqidə azadlığı haqqında qanun bizə bu imkanları verir.
Rafiq Əliyev,
fəlsəfə elmləri doktoru,
professor 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

1 şərh Dinə fərqli baxış – “ruhi qida” yoxsa “ruhi xəstəlik”? üçün

  1. ramazan dedi:

    bilinirki felsefecidir.soz toplusu.muselman ucun kitab ve sunne birincidir.uygun gelerse sonra konstitusiya.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top