Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Dini Komitədə müşavirə keçirilib

Dini radikalizm və ekstremizmlə mübarizə…

Qaradağ rayonunda “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib. 

“Din.az” xəbər verir ki, iyulun 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib. Müşavirə iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Qaradağ və Səbail rayonlarının yerli strukturlarının nümayəndələri, ziyalılar, dindarlar və ictimai fəalların iştirak etdikləri tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov dini radikalizm və ekstremizmlə mübarizənin əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə həyata keçirilmiş tədbirlərdən söz açıb.

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov dünyada, xüsusilə Yaxın Şərqdə dini radikalizm və ekstremizimin acınacaqlı nəticələri haqqında danışıb. Bildirilib ki, dinin siyasiləşdirildiyi və ya siyasi oyunlar üçün alət olduğu ölkələr böyük fəlakətlərlə üzləşməkdədir. Bununla bağlı qardaş Türkiyə Respublikasında baş verən hadisələrin yolverilməz olduğu diqqətə çatdırılıb.

S.Heydərov çıxışında Azərbaycandakı multikultural dəyərlərin hər kəs üçün örnək olduğunu və dünyaya ixracının aktuallığı məsələsinə də toxunub.  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi barədə də məlumat verən Dövlət Komitəsinin sədr müavini bu filmin dini radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərini özündə əks etdirdiyini bildirib. Filmdəki insanların dini radikalizmin təsirinə düşərək ailələrinin və özlərinin gələcəyini necə məhv etməsi bariz nümunələrlə göstərilib.

Daha sonra çıxış edən Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov təmsil etdiyi qurumun dini radikalizmlə mübarizə istiqamətində həyata keçirdiyi profilaktik və inzibati tədbirlərdən söz açıb. O, dini radikalizmin ictimai təhlükəsizliyə açıq təhdid olduğunu bildirərək, müştərək mübarizənin vacibliyini vurğulayıb. Həmçinin qeyd edib ki, Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələri vahid ailə kimi əmin-amanlıq və sabitlik şəraitində yaşamaqdadırlar.

Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev dini radikalizm və onun fəsadlarından, eləcə də hüquqi müstəvidə aparılan mübarizə metodologiyası haqqında geniş məlumat verib. O, ölkəmizdə hər bir vətəndaşın dini etiqad azadlığının təmin olunduğunu, bununla yanaşı, yaradılmış etiqad azadlığdan digər məqsədlər üçün istifadənin yolverilməzliyini diqqətə çatdırıb. İctimaiyyətin dini radikalizmlə mübarizədə aktiv fəaliyyətinin vacibliyi vurğulanıb.

Sonda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Qaradağ rayonu üzrə səlahiyyətli nümayəndəsi Faiq Əhmədov dövlət rəhbərliyinə dindarlara göstərdiyi qayğı üçün təşəkkürünü bildirib. O, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din münasibətlərinin bu gün ölkəmizin inkişafına böyük töhfə verdiyini və dindarların daima bütün məsələlərdə dövlətin yanında olduğunu söyləyib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...