Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Dini Komitədən dəbdəbəli yas mərasimləri ilə bağlı sərt açıqlama

Dinimizdə dünyasını dəyişmiş insan üçün yas mərasiminin keçirilməsi deyil, yas saxlanılması qəbul edilir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQIDK) ölkədə təmtəraqlı yaz mərasimlərinin keçirilməsini qınayıb.

“Din.az”ın Komitəyə istinadən verdiyi məlumata görə, qurumun Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova bildirib ki, yas mərasimlərinin keçirilməsi qaydalarının sadələşdirilməsi məhz DQİDK tərəfindən gündəmə gətirilib, bununla əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin xüsusi fətvası da var. Komitə rəsmisi deyib ki, DQİDK-nın bu barədə tövsiyələri ölkənin bəzi rayon və bölgələrində az müddətdə müsbət nəticələrini versə də, hələ də vətəndaşlar vahid, ümumi mövqe nümayiş etdirməyiblər:

“Cəmiyyətimiz bahalı ehsan süfrələri, qəbir pulu, molla pulu altında “əzilir”. İnsanlarımız dünyasını dəyişmiş yaxınlarının dəfnini, cümə axşamlarını, 3, 7, 40 və il mərasimlərini, qəbir daşlarının hazırlanmasını həyata keçirmək üçün az qala bir evin pulunu xərcləyirlər. Özü də əksər vaxtı bu xərclər kredit və ya borcla ödənilir. Fikrimizcə, vətəndaşlarımızın bu mənfi stereotipdən uzaqlaşması yalnız maariflənmə sayəsində mümkündür. Onlar bilməlidirlər ki, yas adı altında keçirilən “qonaqlıq” və “banketlər”in İslam dininə heç bir aidiyyəti yoxdur. İslama görə dəfn mərasimindən sonra dünyasını dəyişən şəxsin yaxınlarının qonşular və qohumlar tərəfindən ziyarət edilməsi bəyənilən əməllərdəndir. Dəfndən sonrakı müddət ərzində qonşular yemək hazırlayaraq vəfat edən şəxsin evinə gətirə bilərlər. Dinimizin qanunlarına görə yas məclisinə başsağlığı vermək məqsədilə gələnlərin (qonşu, tanışlar, qohum-əqrəba) orada yemək yeməyi deyil, özləri ilə yemək gətirməkləri məsləhət görülür. Dinimizdə dünyasını dəyişmiş insan üçün 3 gün yas mərasiminin keçirilməsi deyil, yas saxlanılması qəbul edilir. Bu müddət ərzində insanlar dünyasını dəyişmiş şəxsin ailəsini ziyarət edir, dəstək nümayiş etdirir və təskinlik verirlər. Ancaq ölmüş şəxsin ailəsini xərcə salmaq, ehsan vermək məqsədilə süfrə açmaq yalnız insanlar tərəfindən uydurulmuş mərasimlərdir. Yas məclislərinin sadə şəkildə keçirilməsinin vacibliyi, israfçılığa yol verilməməsi mövzusunda cəmiyyətin maariflənməsində din xadimlərinin, məclisləri aparan axund və imamların da üzərinə mühüm vəzifə düşür. Din xadimləri belə məclis və yığıncaqlarda insanlarla daha çox ünsiyyətdə olduğundan cəmiyyətin digər üzvləri ilə müqayisədə onlar daha çox aktivlik nümayiş etdirməlidirlər. Təəssüf ki, günümüzdə belə dəbdəbəli süfrələr yas mərasimlərini idarə edən din xadimlərinin gözü qarşısında baş verir. Görünür, həmin din xadimləri QMİ-nin tövsiyələrini cəmiyyətə çatdırmaqda maraqlı deyillər”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir