Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Dini komitənin sədr müavini Nurçuluqda ittiham olunur

“Sionistəm, Amerikaya, İsrailə işləyirəm, hər il Ölü dənizin sahillərində dincəlirəm…”

Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov öz “facebook” səhifəsində onu nurçuluqda ittiham edənlərə cavab verib.

“Din.az”ın məlumatına görə, bu gün sədr müavini öz statusunda bunları bildirib: “Mənə vəhhabi, nurçu, süleymançı, hətta sionist damğası vurmaq cəhdi yeni deyil. Bir vaxtlar anonim imzalarla qəzetlərə yazı göndərirdilər ki, guya Komitədə işə düzəltdiyim radikal tələbə yoldaşlarımdan biri Əfqanıstana gedib və döyüşlərdə ölüb, adı da Fikrət Əliyevdir. Bunu o vaxt bir-iki “qəzet” də vermişdi. Sonra dedilər ki, sionistəm, Amerikaya, İsrailə işləyirəm, hər il Ölü dənizin sahillərində dincəlirəm. Daha sonra yazdılar ki, süleymançıyam, onlardan pul alıb icmalarını qeydiyyatdan keçirmişəm. İndi də başlayıblar ki, nurçuyam. Əslində nurçu söhbəti yeni deyil. Ona görə də bir vaxtlar yazdığım statusu yenidən paylaşmaq qərarına gəldim. Nöqtə, vergülünə dəymədən.”

Qeyd edək ki, G.İsmayılov eyni ittihamlara cavab olaraq 24 noyabr 2015-ci ildə yenə “facebook” səhifəsində belə bir status paylaşmışdı: “Dünən yazdığım statusdan sonra mənə sosial şəbəkələrdə şər-böhtan yağdırmağa başlayıblar. Yazırlar ki, nurçuyam, süleymançıyam, vəhhabiyəm, sionistəm, anti-şiəyəm, pantürkistəm. Hətta övladıma dil uzadır, lənt yağdırır, oğlumun adının Fətullah olduğunu yazırlar. Bu qədər çirkinləşməyin! Barəmdə məlumat toplayanlar, çox da əziyyət çəkməyin! Nəyi bilmək istəyirsizsə, mən özüm deyərəm. Əgər milli mənsubiyyətimi bilmək istəyirsinizsə, Azərbaycan türkiyəm. Amma mənim üçün Azərbaycanı sevən talışın, ləzginin, tatın, kürdün, avarın türkdən fərqi yoxdur. Azərbaycanı sevməyən türk isə mənim gözümdə ermənidən fərqlənmir. Qısası, ləzgi də, talış da, avar da, tat da, kürd də, türk də mənəm! Dinimi bilmək istəyirsinizsə, əlhəmdulillah müsəlmanam! Amma canını Azərbaycan üçün fəda etmiş yəhudi Albert Aqaranov mənə müsəlman Mübariz İbrahimov kimi əzizdir. Əgər məzhəbimi soruşursunuzsa, sünnü də mənəm, şiə də mənəm! Övladlarıma gəlincə, iki oğlum var – Oğuz və Fateh İsmayıl! Allahın izni ilə biz Qarabağda birgə vuruşacağıq və inşallah mən şəhid, övladlarım qazi olar. O ki qaldı təriqətçi olmağıma, mənə görə vəhhabi də, nurçu da, süleymançı da, lap elə siz də – hamınız bir bezin qırağısız! Fikriniz özünüzə getməsin, mənim “ağam” da, “abim” də, “əxim” də Azərbaycandır!”

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...