Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Dini liderlərin Bakı Sammitinin NƏTİCƏLƏRİ – Azərbaycan bu tribunadan necə istifadə etdi?

“Azərbaycanın qədim dinlərarası ənənələri vardır.”

Azərbaycan son illərdə bir çox mötəbər toplantıların keçirildiyi məkana çevrilib. Dünya və regional əhəmiyyətli bu tədbrlər ictimai spektrin ən müxtəlif hissələrini – hərbi, humanitar, iqtisadi sahələrini əhatə edir. Noyabrın 14-15-də Bakıda baş tutan, 70 ölkədən 500 nümayəndənin, nüfuzlu beynəlxalq təşkilatların qatıldığı Dünya Dini Liderlərinin 2-ci Zirvə Görüşü öz əhəmiyyəti və miqyası baxımından rezonans doğuran beynəlxalq tədbir idi.

Ölkəmiz bu sammitlə özünün daha bir müstəvisini dünyanın diqqətinə təqdim etdi. Amerika qitəsindən tutmuş Afrikaya, Yaxın Şərqdən Asiyaya qədər ölkələri əhatə edən dövlətlərin nüfuzlu din xadimləri, ictimai və siyasi liderləri, hökumət və parlament rəsmilərinin iştirakı ilə keçirilmiş Bakı sammiti bir neçə məqsədi hədəfləmişdi: Dünyada etnik-dini zəmində olan qanlı münaqişələrə səmavi dinlərin vahid mövqeyini ifadə etmək, Azərbaycanın tolerant dövlət nümunəsini təqdimi və ölkəmizin üzləşdiyi işğal faktoruna qarşı beynəlxalq ictmai dəstəyi bir daha nümayiş etdirmək.

Azərbaycanın tolerant dövlət nümunəsi

Dünyanın gərgin siyasi tablosu göstərir ki, tolerantlıq və vətəndaş həmrəyliyi bu gün dövlətin təhlükəsizliyini təmin edən zəruri amilə çevrilib. Azərbaycan prezidenti İlham Əliyev dünyaya tolerantlıq siyasətini təqdim etməklə bir çox ölkələri öz qanlı pəncəsinə keçirmiş milli və dini ayrı-seçkiliyin acı gerçəkliyinə qarşı humanist mesajını ortaya qoyur, dünyanı multikulturalizmin qlobal ideya olaraq qəbul edilməsinə çağırışlar edir.

Müxtəlif dinlərə sitayiş edən insanların yaşadığı Azərbaycanda onların qarşılıqlı dialoquna nail olmaq dövlət siyasətinin mühüm hədəfidir. Ölkəmizdə həyata keçirilən dinlə bağlı siyasətin əsas mahiyyəti dini etiqad, vicdan azadlığı, dinlərarası dialoqun təmini, tolerantlıq mühitini qoruyub saxlamaqdır. Müxtəlif inanc daşıyıcısı olan insanların birliyini ehtiva edən bu model cəmiyyətin əsas əxlaqi prinsipi kimi çıxış edir.

Azərbaycan 10 ildən çoxdur ki, “Bakı Prosesi” adlanan humanitar platformanı dünya birliyinə təqdim edir. “Bakı Prosesi” müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini qruplar arasında qarşılıqlı anlayış çərçivəsində səmimiyyət və hörmətə əsaslanan fikir mübadiləsi üçün müsbət platforma yaradıb. Bu baxımdan Bakı Sammiti bu prosesin mühüm həlqəsini təşkil etməklə dövlətlə dinin birgə əməkdaşlığının nümayişi üçün meydan oldu.

Ötən ildən başlayaraq Qafqaz Müsəlmanları İdarəsinin bir sıra Avropa ölkələrində – Almaniyada, Avstriyada, İspaniyada Prezident İlham Əliyevin bəyan etdiyi dini tolerantlıq prinsiplərinin təbliği ilə bağlı keçirdiyi beynəlxalq konfransları da Bakı sammitinin dəyər verdiyi məsələlərin müzakirə meydanı olmuşdu.

Bu konfranslarda qarşılıqlı nifrət və dini zəmində təqiblər pislənərək bəyan edilmişdi ki, dünya belə təhlükəli cəhdlərə qarşı ədalət qaydalarına söykənən qarşılıqlı ehtiram və tolerantlıq mövqeyini uca səslə bəyan etməlidir. Bütün bunlar Bakı Sammitində bir daha, geniş sayda olan nümayəndə heyətlərinin iştirakı ilə müzakirəyə çıxarıldı.

Dini liderlərin Sammiti beynəlxalq müstəvidə Bakıya olan etimadı nümayiş etdirdi, ictimai rəyi formalaşdırmaq baxımından uğurlu əməkdaşlıq perspektivlərini ortaya qoydu, eyni zamanda, Azərbaycanı dini zorakılıq girdabında çapalayan ölkələrə tolerant dövlət nümunəsi kimi təqdim edə bildi.

Dövlət Sammitin təşkilatçısı qismində ağırlığı Qafqaz Müsəlmanları İdarəsinə verməklə yürüdülən siyasətin inzibati rıçaqlarla deyil, mənəvi dəyərlərin gücünə söykəndiyini göstərdi. Bununla da iqtidar Şeyxulislam Allahşükür Paşazadəni dünyanın etimad göstərdiyi nüfuzlu din xadimi kimi təqdim edərək, dövlət və din əməkdaşlığının uğur düsturunu aça bildi: Qafqaz Müsəlmanları İdarəsi və onun sədri Prezident İlham Əliyevin tolerantlıq siyasətinin aparıcı fiqurlarındandır.

A.Paşazadənin dünyanın tanınmış dini xadimləri ilə dostluğu, qazandığı nüfuz və etimad böyük bir müstəvidə Azərbaycanın irəli sürdüyü prioritetlərin təbliği üçün yaxşı imkanlar açır. Şeyxulislamın istər İslam Əməkdaşlıq Təşkilatında fəaliyyəti, MDB dinlərarası Şurasında tutduğu vəzifə, istərsə də müxtəlif dinlərin rəhbərləri ilə olan şəxsi dostluq münasibətləri Azərbaycanın istinad etdiyi dəyərlər sisteminin dünyaya təqdimatında töhfələrini verir və körpü rolunu oynayır.

Səmavi dinlərin vahid mövqeyi

Xalqların dini hissləri ilə alver edən avantursitlər bu zəmində süni münaqişələr yaradaraq, bunu terror və zorakılığın arqumenti kimi təqdim edir. Sammitdə qeyd olundu ki, milyonlarla insana əzab gətirən belə siyasətin qarşısını almaq üçün bütün dini liderlər, tərəqqipərvər insanlar səylərini birləşdirməli, bu bəlaya qarşı durmağı bacarmalıdır.

Tədbir iştirakçıları dünyada tüğyan edən fanatizmi, dini nifrəti pisləyərək, dini konfessiyaların həmrəylik nümayişinin zəruriliyini bəyan etdilər.
Zirvə görüşündə çıxış edən QMİ sədri, Şeyxulislam Allahşükür Paşazadə bu Sammitin əsas məqsədinin beynəlxalq sabitliyə və təhlükəsizliyə ciddi təhdid olan ksenofobiya, islamofobiya, xristianofobiya, antisemitizm kimi təhlükələrin qarşısının alınması üçün siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılması olduğunu vurğuladı. A.Paşazadə qlobal dialoqun gücləndirilməsinin vacibliyini bir daha bəyan etməklə bildirdi ki, müasir dövrümüzdə insanlar arasında təcavüzə, zorakılığa və ayrı-seçkiliyə təhrik edən nifrət çağırışları ictimai təhlükəyə çevrilməkdədir.

QMİ sədrinin həmçinin BMT tribunasından dünyanın dini rəhbərlərinin səsinin eşidilməsinin vacibliyi barədə təklifi çağdaş zaman üçün aktual mesaj sayılmalıdır.

Müxtəlif mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycan bu zirvə görüşündə özünün tolerantlıq modeli ilə toplantıya toplaşmış dini və ictimai liderlərdə yaxşı təəssürat yarada bildi. Sammitin tribunasından dövlətimizin önəm verdiyi bu prioritetlər dünya dini liderlərinin qarşısında bir daha bəyan olundu. Mötəbər tədbirdə müxtəlif dinləri təmsil edən rəhbərlərinin tolerantlığa çağıran çıxışlarının qarşısına Azərbaycanın vahid multkultural və dini çələng ilə çıxması dövlətimizin apardığı uğurlu siyasi xəttin parlaq subutu oldu. Azərbaycan toplantıda humanist və ülvi dəyərlərlə söykənən nümunəsini və təcrübəsini dünya ilə bölüşməyə hazır olduğunu bir daha bəyan etdi.

Prezident İlham Əliyevin sammitdə çıxışında qeyd etdi ki, toplantı bir daha onu göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında öz önəmli rolunu oynayır:

“Bakıda belə mötəbər tədbirin keçirilməsi təbiidir. Çünki Azərbaycanın qədim dinlərarası ənənələri vardır. Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərib. Əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır”.

Sammit Azərbaycanın dünyada və regionda bir dini mərkəzə çevrildiyinin əyani nümayişi oldu. MDB-nin, Şimali Qafqazın siyasi və dini rəhbərliyinin çoxsaylı nümayəndə heyəti əməkdaşlıq göstəricisi olmaqla yanaşı, ölkəmizin regionda dini təhlükəsizliyinin təmin olunması üçün apardığı işə etimadın nümayişi saymaq olardı.

Rusiyanın, Türkiyənin dövlət başçıları səviyyəsində sammitə olan diqqət mühüm məqamdır. Bölgənin iki böyük dövlətinin kiçik Azərbaycanda dini rəhbərlərin tədbirinə belə münasibəti Bakının bölgədəki nüfuzunu və proseslərdə həlledici rolunu açıq göstərir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin zirvə görüşünə xüsusi yanaşması diqqətçəkəndir. Yürütdüyü siyasətində tolerantlıq prinsiplərini əsas götürən dövlət başçısının bunun nəticələrindən məmnun qaldığı nəzərə çarpırdı. “Heydər Əliyev” ordeninin Şeyxulislam Allahşükür Paşazadəyə sammitdə təqdim olunması, iki gün ərzində qonaqların şəxsən qarşılaması, dini rəhbərlərə ziyafətin Təşkilat Komitəsinin protokolunda olmasına rəğmən Prezidentin öz adından verməsi zirvə görüşünə verdiyi əhəmiyyətinin göstəricisi saymaq mümkündür.

İşğalda olan Qarabağa beynəlxalq ictmai dəstək

Zirvə görüşünün mühüm nailiyyətlərindən biri sammit iştirakçılarının Qarabağla bağlı mövqelərinin bəyan etməsi oldu. Sammit Birləşmiş Millətlər Təşkilatını beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına, xüsusilə dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət edilməsinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yuxarıda göstərilən prinsiplərə tam uyğun olaraq sülh yolu ilə həll olunmasına töhfə verməyə çağırdı.

Bununla bağlı imzalanmış Bəyannamədə əksini tapmış “işğal” sözü çox mühüm məqamdır. Dünyanın nüfuzlu dini və ictimai xadimləri, dövlət rəsmiləri “Azərbaycanın işğal olunmuş ərazilərində mədəni və dini abidələrin dağıdılmasından öz dərin narahatlıqlarını ifadə edərək” dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına dəstək verməyə səsləyib.

Bakı sammiti Birləşmiş Millətlər Təşkilatını, digər beynəlxalq və regional və ictimai təşkilatları, dini liderləri terrorizmin və insaniyyətə qarşı cinayətlərin din adı ilə bağlanmasına, ksenofobiya, islamofobiya, antisemitizm, xristianofobiya zəminində törədilən terror aktları və digər xüsusilə ağır cinayətlərin qarşısının alınması üçün təsirli tədbirlər görməyə çağırdı.

Bakı Bəyannaməsində diqqət çəkən məqamlardan biri də səmavi dinlərin hər hansı biri adından törədilən qanlı cinayətləri birgə pislənməsidir. Sammit iştirakçıları dövlətləri, Birləşmiş Millətlər Təşkilatını, digər beynəlxalq və regional və ictimai təşkilatları, dini liderləri din adından törədilən hər hansı terror aktını bütün dinlərə qarşı törədilmiş terror aktı kimi qiymətləndirməyə çağırdılar.

Sammit iştirakçıları həmçinin Azərbaycan dövlətinin beynəlxalq əməkdaşlığın inkişafına, din-dövlət münasibətlərinin formalaşmasına, sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmləndirilməsinə, müxtəlif milli- mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunmasına mühüm önəm verdiyini vurğulayaraq, toplantının müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrinin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələrini vurğuladılar.

Digər maraqlı məqam dini liderlərin yeni media pltaforması ilə bağlı çağırışı idi. Birgə Bəyannamdə media, rabitə və informasiya texnologiyaları vasitəsi ilə irqi, dini və etnik zəmində zorakılığa təhrik edən zərərli ideologiyaların və təbliğatların, nifrətə çagırışların qarşısının alınmasında əməkdaşlığın artırılmasına, gənclərin bu sahədə maarifləndirilməsini təşviq etməyə çağırış sosial mediada dini dözümsüzlüyü körükləyən qüvvələrə qarşı virutal mübarizəni ehtiva edir.

Sammitdə irəli sürülən, Azərbaycan tərəfinin 2020-ci ildə Bakıda “Media və sosial şəbəkələrdə nifrətə çağırışlara qarşı mübarizədə dini liderlərin və siyasi xadimlərin birgə fəaliyyəti” mövzusunda BMT, KAİCİİD və Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin həmtəşkilatçılığı ilə beynəlxalq konfransın keçirilməsi dəstəkləndi.

Bakı Sammitinin əsas müzakirə mövzusu sülhün, təhlükəsizliyin və bəşəri dəyərlərin müdafiəsi, qloballaşmanın dinə və ənənəvi dəyərlərə təsirini müzakirəsi idi. Zirvə görüşü bu baxımdan din xadimlərinin dünyaya öz mesajını çatdırması üçün ünikal platforma kimi çıxış edə, Azərbaycanı isə qlobal təhlükəyə qarşı birgə mübarizədə vacib tərəfdaş kimi təqdim edə bildi. / Modern.az

Çingiz Abbasov

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...