Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2017-ci ilin yekunlarına həsr olunan müşavirə keçirilib

“2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi İslam aləmində çox böyük dəstəyə və rəğbətə səbəb oldu”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2017-ci ilin yekunlarına həsr olunan müşavirə keçirilib.
Din.az bildirir ki, bu barədə “Report”a Dövlət Komitəsindən məlumat verilib.
Müşavirədə Dövlət Komitəsinin Mərkəzi Aparatı və bölgə şöbə müdirləri iştirak ediblər.
Müşavirədə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək yanvarın 10-da Prezident İlham Əliyevin iştirakı ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasına diqqəti cəlb edib. O qeyd edib ki, dövlət başçımız nitqində ötən il Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində atılan önəmli addım adlandırıb və 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin İslam aləmində çox böyük dəstəyə və rəğbətə səbəb olduğunu vurğulayıb.
Müşavirədə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarovun illik hesabatı dinlənilib. Ə.Zülfüqarov məruzəsində bildirib ki, Dövlət Komitəsi ayrıca və müxtəlif təşkilatlarla, xüsusilə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə 200-dən artıq ölkə və beynəlxalq əhəmiyyətli tədbirə təşkilatçılıq edib.
Hesabat dövründə İslam həmrəyliyinin mahiyyətini özündə ehtiva edən 20-ə yaxın mövzuda 15-i Bakıda olmaqla respublikanın bütün bölgələrində 240-dan artıq tədbir təşkil olunub.
Şöbə müdiri bildirib ki, Dövlət Komitəsi hesabat dövründə ölkədə vicdan azadlığının təmin edilməsi, tarixən formalaşmış tolerantlıq, multikulturalizm mühitinin qorunub saxlanılması, dinlərarası və məzhəblərarası dialoq üçün əlverişli zəmin yaradılması, vəhdət, həmrəylik prinsiplərinin təbliği, habelə zəngin maddi-mənəvi irsimizin mühafizə olunması istiqaməti üzrə fəaliyyətini davam etdirib.
O, 2017-ci ildə Dövlət Komitəsinin milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, ölkədəki dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, vətəndaşlarımızın, xüsusilə gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, o cümlədən din adı altında milli və dövlət maraqlarımıza zidd ideoloji təlimlərin yayılmasının qarşısının alınması məqsədilə müvafiq dövlət qurumları ilə birgə hazırlanan Tədbirlər Planının həyata keçirilməsi, dini maarifləndirmə sahəsində tədbirlərin təşkil edilməsi istiqamətində fəaliyyətini davam etdirdiyini, aidiyyəti qurumlarla birlikdə, ümumilikdə, 600-ə yaxın tədbir həyata keçirildiyini deyib. Bildirib ki, maarifləndirmə işinin təşkili üçün dini icmaların təqdim etdiyi 149 layihə icra olunub.
Eyni zamanda ötən ildə Dövlət Komitəsi tərəfindən maarifləndirici xarakterli 80-dən çox dini təyinatlı çap məhsulları nəşr edilib.
Ə.Zülfüqarov 2016-cı ildə olduğu kimi 2017-ci ildə də Dövlət Komitəsi maarifləndirici xarakterli sənədli filmlərin çəkilməsi işinə diqqət ayırdığını qeyd edib. Dini fanatizm, radikalizm və ekstremizm meyillərinə qarşı preventiv mahiyyət daşıyan, eləcə də gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verə biləcək “Şəhadət” filminin ölkənin bütün rayon və bölgələrində geniş auditoriyaya təqdim edildiyini vurğulayıb. Eləcə də “Vəhdət” və “Üfüqdəki gələcək” adlı sənədli filmlərin çəkilişinin yekunlaşmaq üzrə olduğunu deyib.
Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov dini təhlükəsizlik məqamlarına toxunub. S.Heydərov dünyada dini zəmində qlobal təhlükəsizlik problemlərinin getdikcə artdığını nəzərə alaraq, bəzi xarici dövlətlərin təsiri altında olan siyasi və dini dairələrin din pərdəsi altında ölkəmizin dini mühitinə müdaxilə cəhdlərinin qarşısının alınması, ən əsası, dindar kontingentin İslam dünyasında gedən mürəkkəb və təhlükəli proseslərdən sığortalanması, o cümlədən radikal dini cərəyanlarla mübarizədə effektivliyin təmin olunması üçün aidiyyəti hüquq-mühafizə, icra və digər dövlət qurumları birgə aparılan kompleks işlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Daha sonra Dövlət Komitəsinin 2018-ci il üçün fəaliyyət planı müzakirə olub. Qarşıya qoyulan məqsədlər, görüləcək işlər, problem və perspektivlər geniş müzakirə edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...