Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Dini radikalizm arxasında Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən qüvvələr durur

Dini pərdəsi altında dövlətçiliyimizə qarşı təxribatlar törədilir.

Bu gün sosial şəbəkələrdə dini pərdəyə bürünmüş qüvvələr xaricdən aldıqları ideoloji və maliyyə dəstəyi hesabına Azərbaycanın qanuni hakimiyyətinə, onun dövlətçilik əsaslarına qarşı təxribat planlarını davam etdirirlər. Belə ki, onlar müxtəlif status, rəy və videomüraciətlərdə Azərbaycanda dini və milli azadlıqların, insan haqlarının guya pozulduğu, dindarların sıxışdırıldığı, guya hakimiyyətin Dağlıq Qarabağı qaytarmaq istəmədiyi, sadəcə vaxtı uzatdığı və s. kimi böhtanlar yayırlar.

Din.az Metbuat.az-a istinadən bildirir ki, bu barədə “İki sahil” qəzetində yayımlanan məqaləni təqdim edir:
Azərbaycan dünyəvi dövlət olduğu üçün din və siyasət bir-birindən ayrıdır. Lakin dini inanclara, onun daşıyıcılarına ölkəmizdə böyük hörmət var. Ən azı ona görə ki, ölkəmizdə multikultural dəyərlər mövcuddur və o daim inkişaf etdirilir. Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, bütün Qafqazın şeyxi Allahşükür Paşazadənin ötən həftə mətbuata açıqladığı məlumatlara görə, 1990-cı illərdə əgər ölkədə 700 məscid var idisə, artıq bu gün ölkədə məscidlərin sayı 2000-dən çoxdur.

Əgər 25 ildə bu qədər məscid tikilibsə və inanclı insanlar orada sərbəst şəkildə ibadətlərini edirsə, demək, dini azadlığın məhdudlaşdırılmasına və inanclı insanlara təziqlərin olmasına dair məlumatların dövriyyəyə buraxılması böhtandan başqa bir şey deyil.

Tohid İbrahimbəyli kimdir?

Bu gün sosial şəbəkələrdə ölkəmizə qarşı təbliğat aparanlardan biri Tohid İbrahimbəylidir. Bu həmin təxribatçıdır ki, hazırda İran İslam Respublikasının ərazisində yaşayır və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsd törətmiş Yunis Səfərova ideoloji və hərbi təlimlər keçməklə onu Azərbaycan dövlətinin əleyhinə yönləndirə bilmişdir.

Qeyd edək ki, Yunis Səfərov dəfələrlə Tohid İbrahimbəyli tərəfindən hərbi təlimlər keçmək və döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndərilibmiş.

Tohid İbrahimbəyli daim Azərbaycana qarşı təxribat xarakterli çıxışlarla yadda qalıb. Əvvəllər Mübariz Ruhanilər Cəmiyyətinin (MRC) sədri olan Tohid İbrahimbəyli 2003-cü ildə Tehranda təşkil olunan konfransda iştirak edib və bu ölkənin dini liderləri ilə görüşüb. O, daha əvvəllər də həbs olunub.

Belə ki, İbrahimbəyli İsrail səfirliyinin qarşısında keçirilən etiraz aksiyasında polis tərəfindən saxlanılıb, məhkəmənin qərarı ilə ona 7 sutka həbs verilib. Onun atası Alim İbrahimli və anası Sudabə İbrahimli əslən Lənkəran şəhərindəndirlər və bu gün də Məşhəddə məskunlaşıblar.

Dəfələrlə həbs olunan İbrahimbəyli barədə daha bir məhkəmə qərarı isə 2011-ci ilin yayında olub. Həmin il Gəncəyə səfər edən “ilahiyyatçı” Gəncə polisi tərəfindən saxlanılıb və barəsində 5 günlük həbs qəti-imkan tədbiri seçilib. Səbəb isə onun polisə müqavimət göstərməsi olub.

Qeyd edək ki, mütəmadi olaraq Azərbaycan dövlətçiliyi əleyhinə radikal çağırışlar edən Tohid İbrahimbəyli hələ 2017-ci ilin yanvarında radikal şiə təriqətçilərinə məxsus “nur-az.com” internet saytı vasitəsilə Elmar Vəliyevin öldürülməsinə çağırış edib. Eyni zamanda, Yunis Səfərovla bağlı məlumatın araşdırılması zamanı məlum olub ki, bır sıra Azərbaycan vətəndaşları 2013-2016-cı illər ərzində Tohid İbrahimbəyli tərəfindən İranın Qum şəhərində toplanaraq maddi maraq qarşılığında qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndəriliblər.

Belə ki, istintaq zamanı Göyüşov Taleh Həsən oğlu və Tohid İbrahimbəylinin yaxın qohumları İbrahimli Həbib Əkbər oğlu, Musayev Pərviz Əlimusa oğlu, Ziyadov Elmir Savadxan oğlunun Yunis Səfərovla birgə İran İslam Respublikasının Qum şəhərində Tohid İbrahimbəyli tərəfindən təşkil edilmiş gizli toplantıda və Suriya ərazisində qanunsuz silahlı birləşmələr tərkibində döyüşlərdə iştirak etdikləri müəyyən edilib.

Həmçinin müəyyən olunub ki, Taleh Göyüşov bu il iyulun 10-da Gəncədə polis əməkdaşlarına soyuq silahla hücum edilməsi ilə müşayiət olunan qanunsuz aksiyanın fəal iştirakçısı olub. Həmin şəxslər iyulun 14-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunublar.

Göründüyü kimi, Tohid İbrahimbəyli bu gün də öz azsaylı tərəfdaşları ilə birgə sosial şəbəkələrdə Azərbaycan əleyhinə əkstəbliğat aparmaqdadır. Vurğulamaq lazımdır ki, Azərbaycan dövlətinin Gəncədəki hadisələrə qətiyyətli müdaxiləsi Tohid İbrahimbəyli kimilərini məyus etsə də, onlar hələ də təxribat xarakterli fəaliyyətlərindən əl çəkmək istəmirlər. Onlar düşünürlər ki, hazırkı mərhələdə terrorun daha effektiv nəticə verməsi üçün informasiya resurslarından da geniş istifadə olunmalıdır.

Təbii ki, bu terrorun arxasında Azərbaycanın müstəqil siyasətini qəbul etməyən qüvvələr durur. Təkcə son dövrlərdə baş verən bir neçə faktı sadalamaqla bəzi məsələlərə aydınlıq gətirə bilərik.

Belə ki, son iki ildə Azərbaycanın Lələtəpə və Günnüt zəfərləri kimi həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar, böyük iqtisadi gücə malik olan qlobal layihələr, beynəlxalq aləmdə ölkəmizin artan nüfuzu anitazərbaycançı qüvvələri narahat edib.

Xüsusilə NATO-nun Brüssel Sammitindəki uğurlarımız və burada Azərbaycanın Avropa institutlarına inteqrasiyanın sürətlənməsi və ərazi bütövlüyümüzün dəstəklənməsinin bəyan edilməsi yuxarıda söylədiklərimizə əyani sübutdur. Həmçinin bu il Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyi münasibətilə keçirilən təntənəli parad və orada Azərbaycanın öz hərbi-siyasi qüdrətini dünyaya göstərməsi dostları sevindirsə də, düşmənləri məyus etdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...