Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Dini tolerantlıq ənənələrimiz Kaliforniya kilsəsində – Video

Azərbaycan dinlərarası harmoniya, multikulturalizm və tolerantlıq ənənələrinə malik ölkədir.

Kaliforniyanın Pasadena şəhərində yerləşən nüfuzlu “Knox” Presviterian Kilsəsinin dəvəti ilə Azərbaycanın Los-Ancelesdəki Baş konsulu Nəsimi Ağayev həmin kilsədə keçirilən konfransda Azərbaycana dair geniş təqdimatla çıxış edib.

Din.az bildirir ki, bu barədə Axar.az-a Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Los-Anceles yaxınlığında yerləşən Pasadena ABŞ-da erməni icmasının ən sıx məskunlaşdığı şəhərlərdəndir.

Təqdimatdan öncə Azərbaycandakı dinlərarası harmoniyaya həsr olunmuş çarx nümayiş etdirilib. Sonra çıxış edən baş konsul Nəsimi Ağayev Azərbaycanın coğrafi mövqeyi, müstəqillik tarixi haqqında ətraflı məlumat verərək, ölkəmizdə mövcud olan dinlərarası harmoniya, multikulturalizm və tolerantlıq ənənələrindən danışıb. O, müsəlman dünyasında ilk dünyəvi demokratik respublikanın 1918-ci ildə məhz Azərbaycanda qurulduğunu, ölkəmizin qadınlara ilk dəfə səsvermə hüququ verdiyini, həmçinin müsəlman dünyasında ilk opera, operetta və baletin də Azərbaycana məxsus olduğunu qeyd edib.

N.Ağayev əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda İslam dini ilə yanaşı, xristiyan, yəhudi, bəhai, zərdüşt və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və sülh şəraitində yaşadıqlarını diqqətə çatdırıb. Baş konsul bu gün dinlərarası dialoqa Azərbaycanın verdiyi töhfələrdən danışaraq, Birinci Vitse-Prezident Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun Vatikanda katakombaların, eləcə də Fransa, Rusiya və başqa ölkələrdə kilsələrin bərpası üçün gördüyü işləri qeyd edib.

Təqdimatdan sonra keçirilən qrup iclasında baş konsul həmçinin Ermənistanın ölkəmizə qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə danışaraq, Xocalı soyqırımı haqda iştirakçıları məlumatlandırıb. N.Ağayev qeyd edib ki, Ermənistan həm öz ərazisində, həm də işğal olunmuş ərazilərimizdəki dini və mədəni irsimizə qarşı əsl soyqırımı həyata keçirib. Baş konsul həmçinin bildirib ki, müxtəlif dinlərin dinc yanaşı yaşadığı Azərbaycandan fərqli olaraq, Ermənistan bu gün monoetnik və təkdinli dövlətə çevrilib, etnik və dini nifrətin müxtəlif formaları olan Azərbaycan düşmənçilyi (azərbaycanofobiya), eləcə də antisemitizm burada uzun illər dövlət siyasəti səviyyəsinə yüksəldilərək, erməni kimliyinin ayrılmaz parçası halına gəlmişdir.

N.Ağayev sonra iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Bu, 500 minədək erməninin yaşadığı Los-Anceles Vilayətində erməni icması və lobbisinin sıx mövcud olduğu bölgədə keçirilən ilk Azərbaycan təqdimatı olub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...