Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Dinlərin mahiyyəti nədir?

“Yaxşılıq” və ya “yaxşı insan” kəlmələrinin mahiyyəti kim tərəfindən və necə başa düşülməlidir?

İnsanı qəflətə salan və özünü aldatmasına səbəb olan səhvlərdən biri tarix boyunca gələn bütün dini buyuruqların, sadəcə, yaxşılığa bərabər tutulmasıdır. Belə iddada olan insanlar özlərini buna o dərəcədə inandırıblar ki, Quranı bilməsəniz, qurduqları cümlələri ayə hesab edərsiniz. “Elə dinlərin mahiyyəti yaxşı insan olmaq demək deyilmi?”, yaxud “Allahın qulundan gözlədiyi şey yaxşı insan olmasıdır”  kimi ifadələrlə dinin yaxşılıqla eyniləşdirildiyini görmək olar. Əlbəttə, Quran ayələrində xeyirli və yaxşı bir qul olmaq dəfələrlə ifadə edilir. Lakin burada diqqətin tələb edildiyi şey “yaxşılıq” və ya “yaxşı insan” kəlmələrinin mahiyyətinin kim tərəfindən və necə başa düşülməsidir. Bu kəlmələrin mahiyyəti Quran əsaslarına görə müəyyən edildikdə bir cür, insanların fərdi qavrayış və düşüncələrinə görə formalaşdıqda tamam başqa cür anlayış ortaya çıxır.

Ümumiyyətlə, yaxşılığın nə demək olması tarix boyu və günümüzə qədər mübahisə  mövzusu olub. Ən çox yayılmış və qəbul edilən təriflərdən biri isə özümüzə qarşı edilməsini istəmədiyimiz şeyləri başqalarına etməmək, yəni içində böyüdüyümüz toplumun bizə öyrətdiklərinə əsaslanaraq onun bizdən gözlədiklərinə uyğun davranmaqdır. Bəs, sadəcə, bizim üçün sosial mühit təşkil edən cəmiyyətin “yaxşı” dediklərini diqqətə alaraq, bunları Allahın “yaxşı”larından üstün tutmaq və ya öz “yaxşı”larımızı müəyyən edərkən Rəbbimizin buyuruqlarını diqqətə almamaq nə dərəcədə məntiqlidir? Göyləri, yeri və insanları yaradanın bizə tövsiyə etdiyi “yaxşılar”a “yaxşı” deməliyik, yoxsa cəmiyyətimizin bizə öyrətdiyi keçici sosial qanunlara? Həyatımızdakı yaxşılıq anlayışının hakimi ətrafımızda gördüyümüz aciz insanlarmı olmalıdır, yoxsa onları da, bizi də yaratmış olan Allah?

Cəmiyyətimizdə, həqiqətən, yaxşılıq edən, heç kəsə pisliyi dəyməyən, qeybət etməyən, xeyir işlər görən çoxlu sayda insan var. Məsələ ondadır ki, bütün bu sayılanlar və dini buyuruqlara uyğun digər davranışlar Allaha inandığını deyən insanda onsuz da olması zəruri olan davranışlardır. Lakin din, sadəcə, qəlbin təmizliyindən və yaxşılıqlardan ibarət deyildir. Siz öz düşüncənizə görə dini müxtəlif parçalara ayıraraq əməl etmək istədiyiniz hissəsini götürüb yerdə qalanını yox hesab etsəniz, böyük bir bütünü kiçik parçadan ibarət hesab etmiş olarsınız. Bəzi insanların etdikləri pis davranışlara baxmayaraq “Əslində, yaxşı insanam, amma nəfsimə, əsəblərimə məğlub oluram” dediklərinin şahidi oluruq. Başqa sözlə, heç kəs özünü elə asanlıqla pis insan kimi qiymətləndirmək istəmir.

Quran ayələri isə yaxşılığın ancaq Allah tərəfindən ortaya qoyulan əsaslara uyğun olduğu nisbətdə keçərli olacağını ifadə edir. Yaxşılıq anlayışını Allahın digər əmr və qadağalarından ayrı, müstəqil hesab etmək mümkün deyildir. Ayələrdə Allahın insanlığa elçi olaraq göndərdiyi peyğəmbərlərinə yaxşılıqlarla birlikdə əmr etdiyi bəzi əməllər belə ifadə edilir:

“Onları bizim buyuruğumuzla yola çıxan öndərlər etdik. Onlara yaxşılıq etməyi, namaz qılmağı, zəkat verməyi vəhy etdik. Onlar yalnız bizə qulluq edirdilər”  (“Ənbiya” surəsi, 73).

Yer üzündə yaşayan müxtəlif millətlərin hər biri öz mədəniyyətlərinə xas inanc və düşüncə tərzinə, milli dəyərlərə və mentalitetə malikdir. Bununla yanaşı, bütün millətlər üçün ortaq dəyər kimi ümumbəşəri yaxşılıq xüsusiyyətinin qəbul edildiyini görmək mümkündür. Lakin detallı şəkildə araşdırdıqda bir-birinə tamamilə zidd olan yaxşılıq və ya pislik nümunələrini də görə bilərik. Məsələn, ailə üzvləri ilə evlənmək və ya birgə cinsi həyat sürmək (insest) ümumiyyətlə götürüldükdə pis davranış olsa da, bəzi cəmiyyətlərdə bu, olduqca yaxşı və təbii bir hal kimi qiymətləndirilir. Başqa sözlə, istər yaxşılıq, istərsə də pislik anlayışları, əslində, ilahi meyarlara uyğunluğuna görə pislik və ya yaxşılıq kimi müəyyən edilməlidir. Yoxsa, “Bütün dinlərin mahiyyəti yaxşı insan olmaqdır” deyərək dini məsuliyyətlərdən yaxa qurtarmaq mümkün deyildir. Dini vəzifələri yerinə yetirmədən edilən bir yaxşılıq varsa və bu, həqiqətən, Allahın razılığı üçün edilmişdirsə, onu təqdir edəcək olan yalnız Allahdır. Lakin insan bilməlidir ki, Allah rizası üçün edilən yaxşılıq Allah qatında yaxşılıq kimi qəbul olunsa da, bu, yerinə yetirmədiyi dini vəzifələrin əvəzi deyildir. Hər bir insan etdiyi yaxşılıqlara görə savab, etmədiklərinə görə isə günah qazanır. Ayələrdə ibadətsiz yaxşılığın olmayacağı belə ifadə edilir:

“Yaxşı əməl heç də üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda malını qohum-əqrəbaya, yetimlərə, yoxsullara, müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə və cihad zamanı (məşəqqətlərə) səbr edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır!” (“Bəqərə” surəsi, 117).

Həmçinin, təkcə inanmaq və ya təkcə ibadət etmək də Quranda diqqət çəkilən inanan insan xarakteri üçün kifayət deyildir. İnananlar ibadətlərində səmimi və həssas olmaqla bərabər xeyirə və əmin-amanlığa yönələn əməllər də edirlər. İnanmaq və xeyir işlər görmək bir çox ayədə birlikdə qeyd olunan və təqdir olunaraq diqqət çəkilən inanan insan xüsusiyyətlərindəndir.

“Allah iman gətirib yaxşı işlər görənlərə onlara bağışlanma və böyük mükafat gözlədiyini vəd buyurmuşdur!” (“Maidə” surəsi, 9).

Eyni zamanda, dinlərin sadəcə yaxşılıqla eyniləşdirilməsi mövzusunda daha təhlükəli olan bir amil vardır ki, bu da yaxşılığı təqdir etdiklərinə görə bəzi Uşaq Şərq inanclarının haqq dinlər ilə bərabər tutulmasıdır. Buddizm, Hinduizm və buna bənzər başqa inancların hədəfini insanın mənəvi təbiətini inkişaf etdirmək, təkmilləşdirmək və varlığını mənalı etməsinə köməkçi olmaq kimi izah edənlər “təsəvvüf” adı altında sevgi, qardaşlıq, xoşgörü və qarşılıqlı anlaşma ifadələri daxilində bütün dinlərdən ibarət bir sintezə doğru getməyə çalışırlar. Haqq din, əslində, insan fitrətinə ən uyğun olan sistemdir. Onu insan düşüncəsinin istehsalı olan inanc və uydurmalarla qarışdırmaq dini özündən uzaqlaşdıraraq qanunlarının əhəmiyyətini azaltmaq cəhdindən başqa bir şey deyildir. Odur ki, insan bu məsələdə də özünü aldatmamalı və yaxşılığı dini buyuruqlardan ayırmamalıdır.

Emre DORMAN

Tərcümə etdi: Zülfiyyə Əmrahlı

 

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...