Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Dövlət Komitəsi: Azərbaycanda 2500-ə yaxın məscid, 14 kilsə və 7 sinaqoq var

“Azərbaycanda bütün dini konfessiyaların fəaliyyətinə lazımi şərait yaradılıb”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı “Azərbaycan həqiqətlərinin təbliğində dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib.

Din.az APA-ya istinadən bildirir ki, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təmsilçiləri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, eləcə də gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın sədr müavini Gündüz İsmayılov bildirib ki, Azərbaycanda bütün dini konfessiyaların fəaliyyətinə lazımi şərait yaradılıb, onlar dövlətin qayğısı ilə əhatə olunublar. Ölkədə 940 dini icmanın dövlət qeydiyyatına alındığını vurğulayan Gündüz İsmayılov Azərbaycanda 2500-ə yaxın məscid, 14 kilsə və 7 sinaqoqun olduğunu deyib. Ölkəmizdə bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşdığını, milli və dini zəmində heç bir ayrıseçkilik faktının qeydə alınmadığını deyən sədr müavini Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qrupların respublikamızda özlərini nəinki yad hesab etmədiklərini, fərqli dini konfessiyaların nümayəndələri hər zaman xalqımızla ilə həmrəy olduğunu, Vətənimizin azadlığı və firavanlığı uğrunda mübarizə apardıqlarını diqqətə çatdırıb.
Azərbaycan həqiqətlərinin təbliği istiqamətində görülən işlərə toxunan sədr müavini bu istiqamətdə təşkil olunan tədbirlərin coğrafiyasının geniş olduğunu deyib. Əlavə edib ki, bu istiqamətdə nəşr olunan kitabların, sənədli filmlərin, xüsusilə sosial şəbəkələrdəki fəaliyyət mühüm rola malikdir.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib ki, ölkə əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, burada müxtəlif dini konfessiyaların nümayəndələri əmin-amanlıq şəraitində birgə yaşayırlar, bütün dini inanclara, onların mənsublarına hörmətlə yanaşılır. Qədim tarixi, zəngin mədəniyyəti olan Azərbaycanın bu nümunəvi modelinin respublikamızın nüfuzunun dünya miqyasında daha da artmasına gətirib çıxardığını vurğulayan QMİ sədrinin müavini Azərbaycandakı dini konfessiya rəhbərlərinin bir-birinə olan dostluq, qardaşlıq münasibətlərinin xarici ölkələrə səfərlər zamanı heyranlıqla qarşılandığını deyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...