Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Dubayda 20 yanvar hadisələrinin ildönümü ilə əlaqədar tədbir keçirilib

20 yanvar hadisələri azərbaycanlıların vətən uğrunda mübarizəyə hazır olduqlarının sübutu idi.

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyinin, Dubay və Şimal Əmirliklərindəki Baş konsulluğunun birgə təşkilatçılığı ilə Baş konsulluğun inzibati binasında 20 yanvar faciəsi ilə əlaqədar tədbir keçirilib.

Din.az-ın məlumatına görə, Baş Konsulluqdan APA-ya verilən məlumata görə, 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Səfir Daşqın Şikarov çıxış edərək, 20 yanvarı xarici müstəmləkə zəncirlərindən qurtuluş, azadlıq və müstəqilliyə qovuşmaq yolunda Azərbaycan xalqının müqavimət hərəkatı olmaqla yanaşı, tarix səhifələrində əbədi həkk olunacaq şərəfli bir iş və xalqın qürur simvolu adlandırıb.

Daha sonra Baş konsul Pərviz İsmayılzadə, günahsız insanların qətli ilə nəticələnən bu gecə, qanla yazılmış şanlı tariximiz əsl azərbaycanlı kimliyini, məğlubedilməzliyini bir daha sübut etdiyini, vətən uğrunda canından keçmiş şəhidlərimizin hər zaman xatırlanmalı və yad edilməli olduğunu bildirib.

Azərbaycan Respublikasının BƏƏ-dəki ticarət nümayəndəsi Elnur Əliyev 20 yanvar hadisələrini azərbaycanlıların vətən uğrunda mübarizə aparmağa hazır olduqlarının sübutu kimi dəyərləndirib, bugünkü ölkə gəncliyinin şəhidlərimizin adına layiq, yüksək mənəvi xüsusiyyətlərə malik nəsil kimi formalaşmasının vacibliyini vurğulayıb.

Çıxışçılar prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, balanslı, prinsipial xarici siyasət nəticəsində Azərbaycan həqiqətlərinin bütün dünyaya bəyan edildiyini qeyd ediblər.

Sonda xarici ölkələrdəki Azərbaycan icmaları üçün ingilis dilində xüsusi hazırlanmış “20 yanvar” adlı film nümayiş olunub.

Tədbirdə “Azərbaycan Hava Yolları”nın, ARDNŞ-in Dubay ofisinin nümayəndələri, Dubaydakı Azərbaycan diasporunun nümayəndələri, BƏƏ-də təhsil alan tələbələr, yerli KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbirin sonunda faciə ilə bağlı foto-slayd nümayiş olunub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...