Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“ELƏ MOLLALAR TANIYIRAM Kİ…”

“Bu gün cəmiyyətimiz bu böyük bir bəlaya mübtəla olub”.

Xəbər verdiyimiz kimi Azərbaycanda molla pivə içərkən yaxalanıb. Əyalətlərimizin birində baş vermis bu hadisə cəmiyyətdə müzakirə olunmaqdadır. Maraqlıdır, bu mollanın etdiyi dualar qəbul olarmı?Onu mollalıqdan kənarlaşdırmaq lazımdır?

Din.az bildirir ki, ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov məsələ ilə bağlı Moderator.az -a açıqlama verib:

“Bu gün cəmiyyətimiz, ayrılıqda hər bir fərdimiz, ailəmizdən qardaşımız, atamız, yaxın qohumlarımız süfrədə bir araya gəldikdə, oturub bir tikə çörək yedikdə mütləq özlərində, öz məclislərində kənardan özlərinə xoş görsənən, öz dilləri ilə desək keflərini açan bir içkini süfrədə görmədikdə, yeməkləri boğazlarından getmir, sanki nə isə böyük bir çatışmamazlıqlarının olduğunu deyirlər, bunu açıqdan da deyir, hətta davranışlarından müşahidə edirik. Məclislərində Allah Təalanın murdarlıq adlandırdığı şərab olmadıqda sanki bu məclis bir yas məclisi imiş kimi qayğılı, üzlərində üzüntü hiss olunur. Bu gün cəmiyyətimiz bu böyük bir bəlaya mübtəla olmuşdur. Allahdan xalqımızın, camaatımızın bağışlanmağını istəyir, onlara təmizlik və gözəllik arzu edirik.

Allah Təala Qurani Kərimdə buyurur: “- Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!” (əl-Maidə (Süfrə) surəsi, 90).

Buxari Səhihində “Kitabu-l-əşribədə (İçəcəklər kitabı)” bu ayəni içkinin haramlığı haqqında gələn hədislərə bir hazırlıq və müqəddimə olmaq üçün zikr etmişdir. Bu ayə sərxoşluq verən içkilərin qadağası və haram edilməsi haqqında üçüncü və son olaraq enən ayədir. Bunlardan birincisi Quranın Nisa surəsinin 43-cü ayəsidir: “- Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cunub (murdar) olduğunuz zaman – yol ötən müsafirlər müstəsnadır – qüsl edənədək namaza (namaz qılınan yerə) yaxınlaşmayın. Xəstələndikdə və ya səfərdə olduqda, sizlərdən biri ayaq yolundan gəldikdə, yaxud qadınlara toxunmuş (yaxınlıq etmiş) olduqda (qüsl və dəstəmaz üçün) su tapmadığınız zaman pak bir torpaqla təyəmmüm edin, (ovuclarınızı) üzünüzə və əllərinizə sürtün! Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır!” İkincisi isə Quranın əl-Bəqərə (İnək) surəsinin 219-220-ci ayələridir: “- (Ya Rəsulum!) Səndən içki və qumar (meysir) haqqında sual edənlərə söylə: “Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür”! (Allah yolunda) nəyi paylamalı olduqlarını soruşanlara isə de: “Ehtiyacınızdan artıq qalanını (möhtaclara paylayın)!” Allah sizə Öz ayələrini bu cür bildirir ki, bəlkə, fikirləşəsiniz. Dünya və axirət (işləri) barəsində. (Ya Rəsulum!) Səndən yetimlər haqqında sual edənlərə söylə: “Onlar üçün (onların malını qorumaq və güzəranlarını) yaxşılaşdırmaq xeyirlidir (nəcib əməldir). Əgər onlarla birlikdə yaşayırsınızsa, onlar sizin qardaşlarınızdır”. Allah islah (yaxşılıq) edənləri də, fəsad salanları da tanıyır. Əgər Allah istəsəydi, sizi, əlbəttə, əziyyətə salardı. Həqiqətən, Allah yenilməz qüvvət, hikmət sahibidir!”.

Buxari bu ayəni dəlil gətirdikdən sonra aşağıdakı hədisləri rəvayət etmişdir:

1. …Bizə Malik, Nafidən, o da Abdullah bin Ömərdən xəbər verdi ki; Allahın rəsulu (s.ə.s) belə buyurdu: “Kim dünyada şərab içsə, sonra bu günahından tövbə etməsə, o adam axirətdə Cənnət şərabından məhrum olacaq”.

2. …Əz-Zühri belə demişdir; mənə Səid bin Müsəyyəb xəbər verdi ki, özü Əbu Hüreyrədən eşitmişdir: Peyğəmbərə isra etdirildiyi gecə (meraca çıxdığı gecə) iliyada (Beytu-l Məqdisdə) biri şərab, digəri də süd dolu olan iki qədəh gətirildi. Peyğəmbər (s.ə.s) onlara baxdı, sonra süd qədəhini aldı. Cəbrayıl (ə.s) ona belə dedi: “Səni fitrətə yönəldən Allaha həmd olsun! Əgər sən şərabı götürmüş olsaydın, ümmətin zəlalətdə olardı”.

3. …Ənəs belə demişdir: Mən peyğəmbərdən bir hədis eşitdim ki, onu sizə məndən başqa heç kim deməyəcək. Belə buyurdu: “Cəhalətin yayılması, zinanın yayılması, şərabın içilməsi, kişilərin sayı azalıb, qadınların çoxalması — o dərəcədə ki, əlli qadının yalnız bir baxanı, sahibi olması qiyamət əlamətlərindəndir”.

4. …İbn Şihab belə demişdir: Mən Əbu Sələmə bin Əbdurrahman ilə İbnul Müsəyyəbdən eşitdim, belə deyirdilər: Əbu Hüreyrə (r.a) belə dedi: Peyğəmbər belə buyurdu: “Zina edən adam zina etdiyi vaxt (tam və kamil) mömin olduğu halda zina etməz. İçki içən də içdiyi vaxtda kamil bir mömin olaraq içməz. Oğurluq edən də oğurlayarkən kamil bir mömin olaraq oğurluq etməz”.

Bu yuxarıda qeyd etdiyim şəriət mətnləri spirtli içkilərin haram olduğunu göstərir. O ki, qaldı mollanın belə bir harama əl atması məsələsinə gəldikdə qeyd edim ki, mollallıq adlı sənət növü, vəzifə, səlahiyyətli ciddi iş icraçısı hal-hazırda mövcud deyildir. Hal-hazırda Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyi rəsmi məscid axundları, imamları fəaliyyət göstərirlər. Onlar eyni zamanda Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin rəsmi sənədləşdirmə işində qeydiyyatdan keçiblər. İnsanlar çalışmalıdırlar ki, dini ayinlərin yerinə yetirilməsində belə savadlı elmli ilahiyatçılardan istifadə etsinlər. Həmçinin insanlar dini ayinlərin icrasında sözü ilə əməli eyni olan savadlı, ağıllı, təhsilli, elmli ilahiyatçılardan da yararlana bilərlər. Çox savadlı, inanclı, əməlləri doğru olan, dini gözəl bilən və yaşayan elmli ilahiyatçılar ölkəmizdə barmaqla sayılacaq qədər az olsa da mövcuddur. Belə doğru-dürüst ilahiyatçılardan dini ayinlərin icrasında insanlar yararlanmalıdırlar. Bəzən insanlar mollaların nitqinə görə, səsinin bərk çıxmağına görə onlara müraciət edirlər. Halbuki onların çoxusunun nə ərəbcə bilgisi, nə şəriətin hökmlərinin elmi, nə də doğru dürüst saleh əməlləri mövcud deyildir. Biz qəbirlərimizi ziyarət edəndə həmin mollaların qəbirstanlığın kənarında durub hansı vəziyyətdə olduğunu görürük. Bəzən qəbirstanlıqda olan mollalar bizi görən kimi elə hücuma keçirlər ki, az qala bir-birlərini döysünlər ki, biri o birini geriyə salıb özü gəlib Quran oxusun. Ona görə də əslində hər bir müsəlman özü Quran oxumağı bacarmalıdır ki, belə mollalara ehtiyac hiss etməsin. Həmçinin insanlar anlamalıdırlar ki, ölüyə fayda verən yalnız onun üçün dua etməkdir. Mollalar əslində qəbir ziyarətlərində şəriətə zidd olan əməllər edir, şəriətə zidd sözlər danışır, insanları yanlış istiqamətə sürükləyirlər. Əlbəttə belə mollalar gündəlik həyatlarında böyük günahlar işlədir, haramlar edirlər. Mən elə mollalar tanıyıram ki, onlar səhərlər qəbir üstün gedir, ölülərə Quran oxuyur, axşam isə toya gedib orada spirtli içkilər içirlər. Mən özüm belələrini görmüşəm və ona görə də hansısa mollanın haradasa oturub pivə içməsi mənə qəribə gəlmir. Ona görə ki, onların əməlləri ilə sözləri eyni deyildir. Əlbəttə hər bir insan, istər molla olsun, istərsə də başqa peşə sahibi olsun nəfsinə tabe olub böyük günahlar və aisliklər edə bilər. Şeytan bəzən insana çirkin işləri gözəl göstərir, bəzən isə insan özü nəfsinə qalib gəlməyərək haram işlər görür. Buna baxmayaraq insanın çevrəsi də vəzifəsindən, işindən asılı olmayaraq ona təsir göstərir. Spirtli içkilərin açıq-aşkar istehsalı, satışı, insanların kütləviliklə bu içkilərə aludə olması, bütün məclislərimizdə bu haram içkilərin başda olması normal olaraq da zəif dindar insana da təsir edir və istər-istəməz hər bir insanın meyli hər gün bu içkilərin içində olduğu üçün meyli çəkir ki, o da bu içkilərdən içsin. Ancaq belə insanlar zəif insanlardır. Hər bir insanda belə yanlışlıqlar olur. Buna baxmayaraq cəmiyyətdə inanclı sayılan, dini təmsil edən, Quran oxuyan şəxs belə əməllərdən çəkinməlidir. Hər bir insan günah, xəta səhv edə bilər, əsas odur ki, nəticədə Allaha tövbə edib bağşlanmağını istəsin və spirtli içkilərdən çəkinsin. Spirtli içkilərdən ona görə çəkinmək lazımdır ki, Allah təala Qurani Kərimdə artıq bu içkiləri qadağan və haram etmiş, möminlərin belə içkiləri tərk etmələrini onlara əmr etmişdir. Allaha inancı olan şəxs heç vaxt belə içkiləri içməz, xəta edərək içibsə də sonra tövbə edib, Allahdan bağışlanmağını istəyər və bir daha bu içkiləri dilinə vurmaz.”

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...