Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Qaynar Xəbərlər

Elşad Miri əleyhindəki ittihamları cavablandırır

Share Button

“Quran ərəblərin dilində gəlsə də, ərəblərə məxsus bir kitab deyil”.

ereb-dili

Uzun müddətdir ki, məlum səbəblərdən TV-lərə çıxmırdım. Uzun fasilədən sonra nəhayət ki, bu ilin ilk günlərində APA TV-nin “Yaşıl orta” verilişinin qonağı oldum. Verilişin mövzusu İslamda cəza hüququ ilə bağlı idi. Efirdə Quranda əl kəsməyin olmadığını, zinanın cəzası kimi təqdim olunan daş-qalaq cəzası ilə bağlı bircə ayəyə də heç kimin rast gəlməyəcəyini, yandırmaq cəzasının olmadığını izah etməyə çalışdım. Eyni zamanda əllərin və ayaqların çarpaz kəsilməsi, baş kəsmək kimi cəzaların olmadığını bildirdim. Həmçinin bəzi ayələrin səhv anlaşıldığını və yanlış tərcümə olunduğunu, ən səhih hədis kitablarında belə anlaşılmaz hədislərin təqdim olunması kimi məsələlərə qısa vaxt ərzində toxunmağa çalışdım. Əslində isə toxunduğumuz mövzuların hər biri ən azı 3 saatlıq verilişin mövzusu idi.

İslamı baş kəsmək, adam yandırmaq, əl kəsmək, daş-qalaq etmək, əl və ayağı çarpaz kəsmək kimi mövzuların dini olaraq qəbul edən zavallılar sadaladıqlarıma cavab verməyin əvəzinə qarayaxmaya, böhtan atmağa çalışdırlar və çalışırlar, yəqin ki, çalışacaqlar da. Allahıma şükürlər olsun ki, haqqımda danışa biləcəkləri heç bir məsələ olmadığına görə məni ərəb dilini bilməməkdə, saqqal saxlamamaqda ittiham edirlər. Bu məsələ ilə bağlı qısa açıqlama vermək istəyirəm. Amma ümid edirəm ki, sadaladıqlarım təkəbbür kimi başa düşülməyəcək. Bu sadəcə bəzi məsələləri aydınlaşdırmaq üçün açıqlamadır.

Dostlar, mən orta məktəblə yanaşı oxuduğum iki illik “Ərəb dili və şəriət” məktəbini qırmızı diplomla bitirmişəm. Bundan sonra yüksək balla qəbul olduğum özəl ilahiyyat kollecində 4 il dini fənləri ərəb dilində, texniki fənləri isə ingilis dilində oxumuşam. İlahiyyat fakültəsində də I kursda oxumadan imtahanla II kursa qəbul olunmuşam. II kursu da fakültə birincisi olaraq bitirmişəm. Magistraturanı və sairi sadalamağa ehtiyac görmürəm. Sizcə bu qədər ərəb dilli təhsildən sonra mənim ərəb dilini bilməyimə şübhə etmək nə dərəcədə doğrudur?

Mənim bu dili bilmədiyimi iddia edən zavallılar başqa hansı dilləri bildiyimi bilirlərmi? Və ya bu şər atanlar mənim bilib-bilmədiyimi bilmələri üçün ən azı bu dili məndən yaxşı bilməli deyillərmi? Yalnız ərəb dilini bilənlər mənim bu dili bilib-bilmədiyimi qiymətləndirə bilərlər.

İllərdi bəziləri qəsdən bu metoddan istifadə edərək gözdənsalma kampaniyası aparır. Amma bu qaraguruhun növbəti uğursuzluğudur. İllərdi mənə qarşı eyni ittihamla çıxış edirlər. Əgər ərəb dilini bilməsəydim belə, bu qədər vaxt ərzində hökmən öyrənərdim ki, əleyhimə danışanların arqumentini puça çıxarım. Çünki normal insan düzgün proqramla bir dili bir il ərzində öyrənə bilər. Amma geriqafalı zavallılar ərəb ölkələrində 4 illik bakalavr təhsilini 9 ilə bizdəki 3 qiyməti ilə bitirirlərsə, başqalarını da özləri kimi düşünmələri anlaşılandır . 5 illik universiteti 4 ilə, 2 illik magistraturanı da il yarıma bitirdiyimə görə Allahıma şükürlər edirəm.

Sosial mediada ərəb dilini bilmədiyimi iddia edənlərin profilinə baxıram. Bu dilə ayırdığım illər qədər yaşları yoxdur. Budurmu bizim gəncliyimiz, gələcəyimiz?

Bəziləri də iddialarını, şər-böhtanlarını əsaslandırmaq üçün məni şəxsən tanıdıqlarını yazaraq dili bilmədiyimi iddia edirlər. Və ən qəribəsi budur ki, mən bu adamların heç birini tanımıram.

Bir-iki məqamı da qeyd edərək bu məsələni yekunlaşdırmaq istəyirəm. Ərəb dilində danışmaq ərəb dilini bilmək deyil. Ərəb dilinin qrammatikası bilmək, sözlərin mənşəyini bilərək aralarında fərqi anlamaqdır. İngiltərədə təhsil aldığım vaxtlar orada doğulub böyüyən ingilislərin özlərindən qrammatika ilə bağlı soruşduğum sualları bilmədiklərini etiraf edirdilər. Bu Azərbaycan dilində danışanlara da aiddir. Bu dildə danışan hər kəs bu dilin bütün incəliyini və ya qrammatikasını bilirmi? Orta məktəblərdə və universitetlərdə bu dil görəsən niyə tədris olunur? Filologiya fakültələri nə üçün təsis edilib?

Əzizlərim, ərəb dilinə və digər dillərə də bu cür yanaşın. Dilin klassikləri olduğunu unutmayın. Universitetlərin birində dərs dediyim illər idi. Hazırda da bir səfirin tərcüməçisi olan ərəb dili müəllimi ayə və hədislərlə əlaqəli tərcümələri dərsdən əvvəl həmişə mənimlə dəqiqləşdirərdi. Çünki özü də təsdiq edirdi ki, ayə və hədislərdəki ifadələri anlamaqda çətinlik çəkir.

Bir məqamı da qeyd edim ki, bakalavrda ərəb dili müəllimim indiki akademik Vasim Məmmədəliyev olub. Hətta ən yaxşı balı toplayan tələbələrlə şəkil çəkdirəcəyini demişdi. Bunu da ən yüksək bal toplayan mən və İsmail adlı tələbə yoldaşımla çəkdirmişdi. Həmçinin Vasim müəllimin də müəllimi olan Ələsgər müəllimin (Allah rəhmət eləsin) bu məsələlərlə bağlı az çayını içməmişəm.

Sözümün sonunda qeyd etmək istəyirəm ki, Quran ərəblərin dilində gəlsə də, ərəblərə məxsus bir kitab deyil. Quran ərəbcə olsa da, ərəbcə anlaşılan kitabdır.

fullsizerender-683x1024

fullsizerender-2-1024x700-1

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir